Əli Kərimlidən Nemət Əliyevə yubiley təbriki

nemet-eliyevMayın 12-də AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı alim Nemət Əliyevin 50 yaşı tamam olub. Bu yubiley münasibətilə partiyanın sədri Əli Kərimli onu təbrik edib. Təbrikdə deyilir:

Yarım əsrlik ömrünün yarıdan çoxunu vətəninin müstəqilliyi, ərazi bütövlüyü, demokratikləşməsi, xalqının azadlığı uğrunda mübarizədə keçirən, AXCP Rəyasət Heyətinin üzvü, istedadlı iqtisadçı alim, fədakar ziyalı Nemət Əliyevin 50 illik yubileyidir.

Nemət bəy çox gənc yaşlarından Milli Azadlıq Hərəkatına qoşulub və AXC-nin fəallarından olub. Hazırda AXCP Rəyasət Heyətinin və Demokratik Qüvvələrin Milli Şurasının üzvü kimi siyasi fəaliyyətini uğurla davam etdirir. Bu illərdə o, elmi araşdırmalarına da ara verməyib və hazırda peşəkar dairələrdə sayıb-seçilən, nüfuzlu bir iqtisadçıdır.

Yüksək bilik və bacarığını, peşəkarlığını öz maraqları naminə istifadə edib siyasətə qarışmadan, daha doğrusu, həqiqətləri söyləmədən mötəbər kürsülər tutan elm xadimi, vəzifə sahibi və yaxud biznesmen ola bilərdi Nemət bəy… Lakin o, məhrumiyyətlərə qatlaşaraq ədalətsizliyə, saxtakarlığa, korrupsiyaya, talançılığa qarşı mübarizə, başqa sözlə, haqq yolunu seçdi. Rejimin təzyiqlərinə məruz qaldı, həbs olundu, maddi və mənəvi sıxıntılar yaşadı, lakin əqidəsindən, amallarından dönmədi… Nemət bəy təkcə partiyamızın deyil, bütövlükdə millətimizin fəxridir, öz şərəfli həyatı ilə gənclərimizə örnəkdir, alicənab, təşəbbüskar, qürur duyduğumuz cəbhədaşımızdır.

Hörmətli Nemət bəy! Sizi 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm, sizə uzun sağlıqlı ömür, uğrunda mübarizə apardığınız demokratik cəmiyyətdə  savadınızı, işgüzarlığınızı, enerjinizi tətbiq edərək xalqa xidmət göstərmənizi və ölkənin inkişafına, iqtisadiyyatının gücləndirilməsinə nail olmanızı, siyasi və elmi fəaliyyətinizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik, əmin-amanlıq arzulayıram.

Əli Kərimli, AXCP sədri