Vəli Axundovdan “Tam məxfi” qrifli arayış göstərişi

cemil-hesenli-vashington

Xruşşovun Bakı səfəri

1960-cı ilin aprelində Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 40 illiyi münasibət ilə Nikita Xruşşovun Bakıya səfəri Vəli Axundovun mövqelərini bir qədər möhkəmləndirdi. Sovetlərin partiya və hökumət lideri aprel ayının 24-də 40 illiklə bağlı Azərbaycan Ali Soveti və Kommunist partiyasının təşkil etdiyi təntənəli iclasda geniş nitq söylədi. Aprelin 26-da o, respublika stadionundakı şəhər mitinqində çıxış etdi. Hər iki çıxışda Xruşşov Azərbaycanın və respublikanın yeni rəhbərliyinin ünvanına təbrik və tərif xarakterli ifadələr işlətdi. Vəli Axundovun müşayiəti ilə o, Neft Daşlarında, Bakı şin, Sumqayıt sintetik kauçuk zavodlarıda, Mərkəzi Lenin muzeyinin Bakı filialında oldu və Xəzər hərbi donanmasının döyüş gəmilərində  hərbi təlimləri izlədi. Bəzi kiçik tənqidi məqamların olmasına baxmayaraq Nikita Xruşşov Bakıdan razı qayıtdı və bu səfər Moskvanın yerli rəhbərliyə inamını, Vəli Axundova etimadını bir qədər gücləndirdi. Bu səfər Vladimir Semiçastniyə də düşdü. Respublikanın hər yerində onun gözlərini və qulaqlarını hiss edən Nikita Xruşşov 1961-ci ildə öz yaxın adamı kimi Semiçastnını SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə apardı və Valadimir Yefimoviç 1967-ci ilə qədər həmin vəzifədə işlədi.

Vəli Axundov Mövqelərini gücləndirir

Vladimir Semiçastnıy SSRİ DTK-nın sədri vəzifəsinə irəli çəkildikdən sonra Vəli Axundov respublikaya nəzarəti və idarəçilik şəbəkəsini qısa vaxtda öz əlinə ala bildi. 1960-cı ilin fevralında Sov.İKP MK aparatında 1958-ci ildən məsul təşkilatçı, sonra isə bölmə müdiri işləyən Nazim Hacıyevin Azərbaycan KP MK-ya ideoloji məsələlər üzrə katib vəzifəsinə gətirilməsi Vəli Axundovun komandasını daha da gücləndirdi. Axundovun birinci katib seçilməsindən sonra onun yerinə respublika Nazirlər Sovetinin sədri vəzifəsinə Məmməd İsgəndərov təyin edilmiş, İlyas Abdullayevin yerinə Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini isə  Səftər Cəfərov tutmuşdu. Az sonra, 1961-ci ildə Məmməd İsgəndərov Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri seçildi və onun yerinə KP MK katibi Ənvər Əlixanov Nazirlər Sovetinin sədri təyin edildi.

Məmməd İsgəndərov

Bu komanda 1969-cu ilin ortalarına qədər Azərbaycanı birgə idarə etdilər. Semiçastnının zəmanəti ilə Azərbaycana yeni ikinci katib vəzifəsinə təyin edilən Pyotr Yelistratov isə elə də səriştəli və təşəbbüskar adam deyildi. Xidmət müddətində Bakıya bir çamadanla gəlib iki vaqonla qayıdan ikinci katib haqqında söz-söhbət artıq Moskvaya da gedib çatmışdı. Mərkəzin canişinin kabinet adamı olması yerli rəhbər kimi Axundova respublikanı idarə etmək üçün əlavə imkanlar verirdi. Yelistratovdan iki il sonra, 1963-cü ildə Semiçastnı tərəfindən Azərbaycan DTK-nın sədri təyin edilən Semyon Siviqun da təxminən həmin xarakterdə birisi idi. Vladimir Yefimoviçin Azərbaycana nəzarət üçün göndərdiyi hər iki kadr yerli rəhbərliyin təsirinə düşdüklərindən onun ümidlərini doğrultmamışdılar.

Yenə erməni təxribatı

60-cı illərin əvvəllərində Vəli Axundovun mövqelərinin güclənməsi respublikanın milli maraqlarının müdafiəsi, ölkə daxilində mənəvi-psixoloji iqliminin durulması və Azərbaycana qarşı yönəlmiş ərazi tələblərini dəf etmək üçün müstəsna əhəmiyyətə malik idi. Stalinin ölümündən sonra erməni millətçi partiyalarına, xüsusilə daşnaklara münasibətdə Sovet siyasətinin təkamülü SSRİ DTK-nın erməni terror təşkilatları ilə gizli əməkdaşlığına qədər dərinləşmişdi. 1960-cı ilin noyabrında Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 40 illiyinə hazırlıq işlərinin başlıca hədəfi Azərbaycan SSR-in Naxçıvan və Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbləri üzərində qurulmuşdu. Sovet xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq edən erməni terror təşkilatları və siyasi qurumları, sosialist yönümlü cəmiyyətləri, Avropa və Amerika ölkələrində nəşr edilən erməni mətbuatı SSRİ ilə bütün əlaqələrini məhz bu tələblər üzərində qurmuşdu. 1960-cı ilin dekabr ayının əvvəllərində Moskvadan, Sov.İKP MK-dan Azərbaycan KP MK-ya maraqlı bir məktub daxil olmuşdu. Orada Sov.İKP MK aparatının məktubuna əlavə edilən “Sovet Azərbaycanının prezidentinə” ünvanlanmış müraciət var idi. Müraciət 1960-cı ilin oktyabr ayının 18-də Bostonda çıxan “Baykar” (Mübarizə) adlı erməni qəzetində nəşr olunmuşdu. Sənədin Sov.İKP MK-nın izahedici məktubu ilə Bakıya, Vəli Axundova göndərilməsi xeyli müəmmalı idi. İzahedici məktubda  “Baykar” qəzetinin sosial mahiyyəti, ABŞ-da bu qəzeti nəşr edən erməni “Ramqavar” partiyası haqqında məlumat verilirdi.

Müraciətdə Sovet Ermənistanında böyük tarixi hadisəyə – Sovet hakimiyyətinin qurulmasının 40 illiyinə hazırlıqdan söz açılır və bu bayram münasibəti ilə “qardaş” Azərbaycanın Naxçıvanı və Dağlıq Qarabağı Ermənistana hədiyyə etməsi təklif edilirdi. Dekabr ayının 9-da Vəli Axundov Moskvadan qoşma məktubla göndərilən müraciəti MK-nın ideoloji məsələlər üzrə katibi Nazim Hacıyevin üzərinə yazdı. Axundovu narahat edən məsələ bu müraciətin Bostonda “Baykar” qəzetində dərc edilməsi deyildi, onun Sov.İKP MK-nın izahedici məktubu ilə Bakıya göndərilməsi idi. O, başa düşürdü ki, bu məsələdə hanasısa bir tərəddüdə və səhlənkarlıq ağır nəticələrə gətirib çıxara bilər. Ona görə də Axundov Nazim Hacıyevə təlimat verdi ki, təcili olaraq beynəlmiləlçilik və xalqlar dostluğu prinsipləri nəzərə alınmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini müdafiə edən cavab hazırlamaq lazımdır. Qısa müddətdə tarixçilər, hüquqçular, arxiv işçiləri, kartoqraflar, MK-nın və Nazirlər Sovetinin məsul işçilərinin iştirakı ilə Naxçıvan və Qarabağ haqqında “Tam məxfi” qrifi ilə  arayış hazırlandı. Vəli Axundov arayışın üzərinə dərkənar yazıb MK-nın ümumi şöbəsinin müdiri Yakov Kirsanova tapşırdı ki, bütün büro üzvləri arayışla tanış edilsin. Azərbaycan KP MK Bürosunda müzakirədən sonra Vəli Axundov tərəfindən arayış qoşma məktubla Sov.İKP MK katibi Mixail Suslova göndərildi. Məsələnin müzakirəsi Rəyasət Heyətinin iclasına çıxarıldığı üçün yarana biləcək sualları cavablandırmaqdan ötəri MK katibləri Nazim Hacıyev və Vladimir Semiçastnıy Moskvaya ezam edildilər.

Vladimir Semiçastnıy

Ədalət naminə demək lazımdır ki, Vladimir Semiçastnıy respublikanın qarşılaşdığı bu həssas məsələdə öz imkanlarından və nüfuzundan istifadə edərək Azərbaycan rəhbərliyinə köməklik göstərdi.  Nazim Hacıyevin Moskvadakıı əlaqələri, xüsusilə hələ komsomoldan tanıdığı SSRİ DTK-nın sədri Aleksandr Şelepinlə əlaqələri təhlükəni sovuşdurmaqda əhəmiyyətli rol oynadı. Müzakirələrin gedişində o da məlum oldu ki, Nazim Hacıyevin Azərbaycan KP MK-nın ideoloi məsələlər üzrə katib vəzifəsinə namizədliyi məhz, Şelepin tərəfindən irəli sürülmüşmüş.  Bütün fikirləri dinlədikdən sonra Nikita Xruşşov müzakirələrə yekun vuraraq dedi ki, hamımız birlikdə dostcasına bir ailədə yaşayacağıq. Bununla da Azərbaycanın yeni rəhbərliyi onlar üçün yaranmış sınaq məqamını çətinliklə də olsa adlaya bildi.

Azərbaycan rəhbərliyi ermənilərlə mübarizədə

Lakin iş bununla qurtarmadı. Ermənilər Naxçıvan və Dağlıq Qarabağ uğrunda mübarizənin növbəti mərhələsini Nikita Xruşşovun Ermənistana səfəri müstəvisinə keçirdilər. 1960-cı ilin noyabrında Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 40 illiyi tamam olurdu. Xruşşov həmin dövrdə Yerevana gələ bilmədiyindən bayram tədbirləri 1961-ci ilin may ayına keçirilmişdi. Mayın 6-10 arasında Sovet liderinin Ermənistana səfəri planlaşdırılmışdı və bu hadisədən istifadə edərək ermənilər əhali arasında şayiə yayırdılar ki, guya Nikita Sergeyeviç Yerevana hədiyyə ilə gəlir və bu hədiyyə də Dağlıq Qarabağ olacaqdır. Vəli Axundov Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi komitəsinə tapşırıq verdi ki, belə şayiələrin haradan qaynaqlandığını müəyyənləşdirsinlər.

veli-axundov

Azərbaycan DTK-nın sədri Aleksandr Kardaşov Axundovun adına məlumat hazırladı ki, Stepanakert şəhərində ayrı-ayrı şəxslər Dağlıq Qarabağın Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi məsələsi guya Moskva ilə razılaşdırılıbdır. Şayiə müəllifləri adamları inandırırdılar ki, əgər muxtar vilayətin əhalisi razılıq versə SSRİ rəhbərliyi məsələnin müsbət həllini mümkün hesab edir. Eyni zamanda Kardaşov qeyri-rəsmi yollarla məlumat almışdı ki, Yerevanda işləyən bir qrup qarabağlı erməni Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi ilə bağlı Moskvaya müraciət etmişlər və həmin müraciətə guya Ermənistanın tanınmış elm və mədəniyyət xadimlərindən professor Arakel Arakelyan, xalq rəssamı Martiros Saryan və digərlərinin də imzası vardır. Kardaşov Vəli Axundova bildirirdi ki, imza toplanmasının Yerevan Dövlət Universitetində təşkil olunması barədə məlumatlar vardır.

Azərbayca DTK-nın Dağlıq Qarabağ üzrə şöbəsinin rəisi Vladimir Abramov da respublika rəhbərliyinə göndərdiyi gizli məlumatda bunları təsdiq edirdi. O, yazırdı ki, 1961-ci ildə yoldaş Nikita Sergeyeviç Xruşşovun Ermənistana qarşıdakı səfəri ilə bağlı şayiələr yayılmışdır ki, 40 illiyi bayram etmək üçün Ermənistana gələn Xruşşov Dağlıq Qarabağ Muxtar Vilayətini də hədiyyə kimi özü ilə gətirir. Abramov xəbər verirdi ki, Yerevanda hazırlanıb muxtar vilayətdə gizli şəkildə yayılan Xruşşova müraciət bu məzmundadır: “Yoldaş N.S.Xruşşova, Biz Dağlıq Qarabağın Hadrut rayonunun  ——– kəndinin sakinləri Dağlıq Qarabağın Ermənistana birləşdiriləcək arzuolunan günü səbirsizliklə gözləyirik. Bu bizim arzumuzdur. Əminik ki, bizim əzizimiz, sevimlimiz Nikita Sergeyeviç Xruşşov və Sovet İttifaqı Kommunist Partiyası bunu edəcəkdir.” Eyni zamanda Ermənistan DTK-nın araşdırmaları müəyyən etmişdi ki, Xruşşova müraciətin ikinci variantı da mövcud olmuşdur. Yerevandan Qarabağ ermənilərinə təlimat verilmişdi ki, Xruşşova müraciətdə əgər DQMV-nin Ermənistana birləşməsi mümkün deyilsə, hansısa bir səbəblə onun Rusiyaya birlədirilməsin vurğulasınlar.

Göründüyü kimi 1961-ci ilin baharında Azərbaycan rəhbərliyi narahat bir dövr yaşayırdı. Naxçıvan və Dağlıq Qarabağa qarşı erməni iddiaları əməli müstəviyə keçdiyindən Vəli Axundov Muxtar Respublika və Muxtar Vilayətin rəhbərliyinin möhkəmləndirilməsinə qərar verdi. 1961-ci ilin mart ayında 1956-cı ildən bu vəzifədə işləyən Xurşud Məmmədovun yerinə Hacıağa İbrahimov Azərbaycan KP MK Naxçıvan vilayət komitəsinin birinci katibi təsdiq edildi. Naxçıvan DTK-nın sədri İlhüseyn Hüseynova təlimat verildi ki, qonşu Ermənistanda gedən prosesləri diqqət mərkəzində saxlasın. Onun Azərbaycan rəhbərliyinə verdiyi məxfi məlumatlarda göstərilirdi ki, Zaqafqaziya sərhəd dairəsinin Naxçıvan sərhəd dəstəsində xidmət edən erməni millətindən olan zabitlər Muxtar Respublikada yaşayan erməniləri Naxçıvanın Ermənistanla birləşdirilməsi tələbi ilə çıxış etməyə  sövq edirlər.

Xruşşovun Azərbaycan ziylıları narahatçılığı

Gündən-günə fəallaşan erməni iddialarına qarşı Azərbaycan rəhbərliyi partiya, sovet və inzibatı orqanlar vasitəsi ilə müqavimət göstərsələr də, ziyalıların bu prosesə qoşulmasından ehtiyat edirdi. Mirzə İbrahimov və İmam Mustafayevlə bağlı millətçilik dalğasında baş verənlər Vəli Axundovun yadından çıxmamışdı. Onun da iştirak etdiyi toplantıda Nikita Xruşşov açıq qeyd etmişdi ki, Azərbaycanda baş qaldırmış millətçilik dalğası ziyalılardan qidalanır. Ona görə də, rəhbərlik ərazi iddiaları ilə bağlı məsələləri bir qədər məxfi saxlamağa üstünlük verir, Axundov həmkarlarının yaşadığı aqibəti yaşamaq istəmirdi. Lakin baş verənləri məxfi saxlamaq mümkün olmadı.  1960-cı ildə Azərbaycan Elmlər Akademiyasında keçirilən bir tədbirdə filologiya elmləri namizədi Abbas Zamanov müzakirə olunan məsələdən danışıb sonra əlavə etdi ki, “bu gün bir nəfər mənə dedi ki, Naxçıvanın ermənilərə verilməsi həll edilməkdədir. Biz burada iclas keçiririk, amma ermənilər Naxçıvanı tələb edirlər.” Onun bu sözlərindən sonra alqış səsləri zalı bürüdü. Toplantını aparan Məmməd Arif Dadaşzadə vəziyyəti yumşaltmaq üçün Abbas müəllimin hissə qapıldığın bildirdi.

Abbas Zamanov

Lakin Abbas Zamanov yenidən səhnəyə qalxıb daha sərt formada öz mövqeyini ifadə etdi. Bu cəsarətli addımına görə tanınmış şair Rəsul Rza ona dedi ki, Abbas, zaman gələcək, bu hərəkətinə görə səni Azərbaycanın xalq qəhrəmanı edəcəklər.

Rəsul Rza

Baş verən hadisədən respublika rəhbərliyi bərk narahatçılıq keçirdi. Dərhal Azərbaycan Dövlət Universitetində göstəriş verdilər ki, Abbas Zamanovun cəzalandırılması ilə bağlı tədbirlər görülsün. Partiyadan və işdən çıxarılma məsələsi qoyulmuşdu. Lakin filologiya fakültəsinin və universitetin partiya təşkilatında müzakirələr zamanı Zümrüd Axundova adlı müəllimə bu cəzanın çox ağır olduğunu dedi, partiya töhməti verilməsi ilə məsələni yekunlaşdırmaq təklifi ilə çıxış etdi. Universitet orqanları Abbas Zamanovu partiyadan çıxarmadılar. Lakin məsələ yuxarı orqanlarda müzakirə edilən zaman yerli partiya orqanının qərarı ilə razılaşmadılar, onu partiyadan və işdən çıxarmaq haqqında qərar verdilər. Doğrudur, az sonra Akademiyanın Ədəbiyyat institutunda onu işlə təmin etdilər, lakin Mskvada İctimai Elmlər Akademiyasında professor işləyən Əziz Şərifin köməkliyi ilə partiya sıralarına bərpa olunmaq üçün Abbas müəllim bir neçə il gözləməli oldu.

(Ardı var)