Xətai rayon Məhkəməsinin qərarı ilə Bayram Məmmədov və Qiyas İbrahimov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələr ilə ittiham elan olunub.
Bayram Məmmədov ona işgəncə verildiyini, AzTV-yə çıxaraq heykəldən üzr istəməsini istədiklərini deyib. Bayram işgəncələrə baxmayaraq bunu etməyib.
Vəkil Elçin Sadıqovun dediyinə görə, Bayramın bədənində işgəncə izləri var.
***
Daxili İşlər Nazirliyi həbs edilən NİDA-çı gənclərlə bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.
***
Mayın 12-də Xətai rayon Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovla siyasi fəal Qiyasəddin İbrahimin məhkəməsi başlayacaq.
Onlar Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə – narkotik maddə saxlamaqda ittiham olunur.
Bu haqda Azadlıq Radiosuna gənclərin vəkili Elçin Sadıqov məlumat verib.
***
AXCP sədri Əli Kərimli feysbuk səhifəsində mayın 10-da Heydər Əliyevin Bakıda, Mərkəzi Bankın qarşısındakı heykəlinin üzərinə Gül bayramına etiraz şüarı yazdıqları üçün həbs olunduqları ehtimal edilən gənclər barədə yazıb. Yazını təqdim edirik.
Gənclərə azadlıq tələb edirik!
Nəhayət, siyasi fəal Qiyasəddin İbrahim və NİDA vətəndaş hərəkatının üzvü Bayram Məmmədovun məhz polis tərəfindən saxlanıldığı təsdiq olundu. Gənclərdən 2 gün idi ki, xəbər yox idi. Bir çoxları hətta gənclərin oğurlandığını ehtimal edirdi. Gənclərin ailələrinə övladlarının harada olmaları haqda məlumat verilmir, onlar vəkillə təmin edilmirlər. Gənclərə qarşı zorakılıq edilmə ehtimalı da ciddi narahatçılıq yaradır. Ehtimal olunur ki, bu gənclər 10 mayda Heydər Əliyevin abidəsi üzərinə yazdıqları şüara görə həbs ediliblər. Vəkilin ehtimalına görə, gənclərə qarşı narkotika ittihamı irəli sürüləcək. Bütün bunlar növbəti dəfə hüququn ayaq altında tapdalanmasıdır. Şüar yazdığı üçün saxlanılan gənclərə istənilən bəhanə ilə cinayət işi qaldırılacaqsa, həmin gənclər dərhal siyasi məhbus hesab ediləcək.
***
Mayın 11-də tutulmuş NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovla siyasi fəal Qiyasəddin İbrahim hazırda Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır.
Bu haqda Azadlıq Radiosuna gənclərin vəkili Elçin Sadıqov məlumat verib.
Elçin Sadıqovun sözlərinə görə, mayın 12-də Nərimanov polis idarəsinə getsə də, ona gənclərlə görüşməyə imkan verilməyib:
«Onları müvəqqəti saxlama yerinin həyətini süpürməyə məcbur edirdilər. Mən buna etiraz edəndə məni oradan çıxartdılar. Üzlərindən görünürdü ki, onları çox qorxudurlar».
«EHTİMAL Kİ, NAROTİK İTTİHAMIDIR»
Elçin Sadıqov deyir ki, hər iki gəncin ləyaqətinin alçaldılması ilə bağlı rəftar, çox güman ki, saxlama yerindəki kameralara da düşüb.
Vəkilin sözlərinə görə, gənclərə hansı ittihamın irəli sürülməsi haqda ona heç bir məlumat verilməyib: «Ancaq ehtimal var ki, narkotiklə bağlı ittihamdır».
Vəkil onu da deyib ki, Bayram Məmmədovla Qiyasəddin İbrahimin Heydər Əliyevin heykəlinə yazılmış şüarlara görə saxlanması ehtimal olunur. NİDA Vətəndaş Hərəkatı da bildirib ki, hər iki gənc mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə etirazçı şüarlar yazdıqlarına görə saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Azadlıq Radiosuna deyib ki, məsələ araşdırılandan sonra gün ərzində məlumat veriləcək.
Vəkil Elçin Sadıqov məsələnin araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib.
***
11.05.2016
NİDA Hərəkatının üzvü Bayram Məmmədov və solçu kimi tanınan Qiyasəddin İbrahim mayın 10-u gecədən yoxa çıxıblar.
Bu barədə Meydan TV-yə gənclərin yaxınları məlumat verib. Onların harada olması barədə məlumat yoxdur. Gənclərin polis tərəfindən saxlanıldığı ehtimal olunur. Ancaq 24 saata yaxın vaxt keçsə də, hüquq-mühafizə orqanları heç bir açıqlama verməyib.
Bakı Şəhər Baş Polis İdarəsindən Meydan TV-yə bildiriblər ki, gənclər 24 saat ərzində tapılmazsa, bu zaman idarə işi öz üzərinə götürür. Ancaq ailələri yaxınlıqdakı polis bölməsinə məlumat verməlidirlər.
Ehtimal olunur ki, gənclər DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa dair Mübarizə İdarəsində saxlanılır. Onların sabiq prezident Heydər Əliyevin abidəsi ətrafında yazılan şüarlara görə saxlanıldığı güman edilir.
Mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın önündəki heykəlinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılıb.