Evsiz insanların mənzil arzusu

saadet-cahangir-koseSəadət Cahangir

Azərbaycan insanının problemləri sırasında birinci yeri mənzil məsələsi tutur, yəqin ki. Ölkədə mənzilsiz insanların çəkdiklərini dillə ifadə etmək o qədər də asan deyil. Aylıq qazancı qəpik-quruşdan irəli getməyən və ya işsizlik girdabında çapalayan ölkə vətəndaşının kirayədə yaşaması nə qədər asandır, sizcə? Doğrudur, bu gün dünyanın kirayə evlərdə yaşayan insanlarının sayı yetərincə çoxdur. Amma normal ölkələrdə insanın şəxsi evinin olmaması heç bir halda onun həyat tərzini, lüksünü pozmur. Bu problem insanların müstəqil yaşamaq, evlənmək, uşaq sahibi olmaq arzularına da böyük əngəl törətmir. Yəni normal ölkənin vətəndaşı bizim insanımız kimi evsizlik problemi üzündən zülm çəkmir, od ayaqlamır, qapı-qapı sürünüb ömrünü-gününü dərd içində çürütmür. Məsələ təkcə onların aylıq qazanclarının bizimlə müqayisəyə gəlməz dərəcədə yüksək olması deyil. Məsələ həm də həmin ölkələrin öz vətəndaşlarına mənzil şəraitini yaxşılaşdırmaq üçün yaratdığı uyğun imkanlardır. Maraqlanan hər kəs görə bilər ki, orda şəxsi mənzil sahibi olmaq istəyən insanlar üçün hansı güzəştli kreditlər, ipotekalar və başqa imtiyazlı paketlər var…

Doqquz il əvvəl ölkədə ipoteka kreditlərinin tətbiqinə başlananda bizim əhali də sevincək oldu. Bütün mənzilsizlər yaxın zamanda mənzil sahibi olacağını, evlənmək istəyənlər evlənəcəyini, ailələr övladlarının ev dərdi çəkməyəcəyini düşünüb rahat nəfəs aldı. Amma bu sevinc heç də uzun sürmədi. Insanların fürsət sayıb, həsrətlə gözlədikləri bu layihə ən ağır şərtlər qovluğu ilə çıxdı masaya. Adi ipoteka faiz dərəcəsi 8%, güzəştli ipoteka 4%, maksimum məbləğ 35 min manat. Şərtlər açıqlanan kimi mütəxəssislər bunun dünya ölkələri ilə müqayisədə çox ağır olduğunu bəyan etdilər. Bəli, Avropada ipoteka kreditlərinin maksimum faiz dərəcəsi 4%-dən artıq deyil. Böyük Britaniyada ipoteka krediti 20 illiyə 3,2 faizlə verilir ki, orda istənilən məbləğdə kredit əldə etmək olar. Fransada isə faizlər bir qədər də aşağı, 1,5%-dir. Kiprdə və Yunanıstanda bu göstərici 2%, Ispaniyada 2%, Portuqaliya, Isveçrə, Belçika və Almaniyada 1,5%-dir. Danimarkada isə bu göstərici bir qədər də aşağıdır. Bu ölkədə ipoteka kreditini illik 1,3%-lə almaq mümkündür. Bizimlə müqayisədə qonşu Gürcüstanda ipoteka kreditlərinin illik faizi 4%, Rusiyada 3%, Türkiyədə isə 3,7%-dir.ÿIndi Azərbaycan insanının həsrətlə gözlədiyi həmin o ipoteka layihəsinin açıqlanmasından 9 il keçir. Lakin ölkə vətəndaşlarının mənzil şəraitində yaxşılaşmadan xəbər verən yüksək bir göstərici yox. O neft bumu ilə gələn eyforiya sadə vətəndaşların büdcəsinə əlavə nə qazanc gətirdi ki, onlar da durub mənzil sahibi olmaq haqqında düşünsünlər? Hələ üstəlik, bu qədər ağır şərtlər qarşısında…

Beləliklə, neft gəlirlərinin gəlhagəl vaxtında ümidini ipotekaya bağlayıb, ev problemini həll etmək istəyinə düşən Azərbaycan vətəndaşlarının bu arzusu da gözündə qaldı. Indi  verilən maksimum məbləği 35 min manatdan 50 min manata çatdırsalar belə, sadə vətəndaşların ona yaxın düşməsi imkansız. Elə təkcə bu kredit üçün tələb olunan sənədlər və bürokratik əngəllər insanların bu sevdadan əl götürməsi üçün yetərli sayıla bilər. Mütəxəssislər onu da qeyd edir ki, ipoteka krediti almaq üçün tələb olunan sənədlərin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Qısacası, bu gedişlə evsiz ölkə insanının ev almaq planı başqa baharlara qalır. O baharı intizarla gözləyən yüz minlərlə insan var…