z qaralov

Qarabağ qazisinə  Qax prokrorluğunda nə deyilib?

z qaralovBaş prokurorun nəzarət götürdüyü iş nəzarətsiz qalıb

Qax şəhər sakini 2-ci qrup Qarabağ qazisi, prezident təqaüdçüsü Ilqar Ibrahimxəlil oğlu Cəlilov “Azadlıq”ın redaksiyasına gələrək problemi haqda danışıb. O, bir ildən artıqdır rayon prokrorluğunun süründürməçiliyindən əziyyət çəkdiyini bildirib:

“2015-ci ilin martın 3-də səhər saatlarında Qax rayonunun Qaxmuğal küçəsindəki yaşayış evim əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Yanğından sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbulunda oldum. O, hadisənin araşdırılacağı, qanuni tədbir görüləcəyini bildirdi. Bundan sonra nazirliyin Əməliyyat Istintaq Idarəsi yanğının başvermə səbəbi ilə əlaqədar araşdırmaya başladı. Idarənin təhqiqatçısı Cəmaləddin Mircavadov və Ədliyyə Nazirliyinin Azər adlı nümayəndəsinin apardıqları birgə yoxlamalar zamanı müəyyən edildi ki, yanğın hadisəsi Qax Rayon Elektrik Şəbəkəsinin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində, yəni xidməti vəzifələrini layiqincə yerinə yetirməmələri səbəbindən baş verib. Onların əməllərinə hüquqi qiymət verilməsindən ötrü toplanmış materiallar 2015-ci ilin iyunun 2-də istintaq və ərazi aidiyyəti üzrə rayon prokurorluğuna göndərildi.

Bir ildən artıq keçməsinə baxmayaraq mənə dəymiş ziyanın ödənilməsində problemlər yaradılır. Qax rayon prokuroru Islam Qasımov, onun köməkçisi Nazim Bağırov Işıq idarəsinin vəzifəli şəxslərinin törətdikləri əməllərə göz yumurlar. Bu işdə birbaşa günahı olan Ilham Hüseynov məsuliyyətdən kənar qalıb. O özü buna kimlərəsə yüksək məbləğdə hörmət etmək müqabilində nail olduğunu deyib.

Mən 6 ay əziyyət çəkdim, nəhayət baş prokuror Zakir Qaralovun qəbuluna düşə bildim. 2015-ci ilin setyabrında Qəbələ rayonunda Zakir Qaralov Islam Qasımova mənim yanımda ağır sözlər dedi, mənim haqlı olduğumu bildirdi. Bu məsələdə Qaxın prokrorunun günahkar olduğunu deyərək, Qarabağ qazisi olduğuma görə işi öz nəzarətinə götürdüyünü bildirdi. Bundan bir neçə gün sonra məni baş prokurorluğa çağırdılar, Baş prokurorun müavini Rüstəm Usubov da mənə söz verdi ki,  dəyən ziyan tam ödəniləcək. Lakin hələ də nəticəsi yoxdur.

Bu il yanvarın 26-da Qax rayonunda bu işlə bağlı məhkəmə prosesi oldu. Məlum oldu ki, prokurorluqda Cinayət Məcəlləsinin 314.2 maddəsi ilə ittiham aktı tərtib olunub, mənə 5586 manat zərər hesablanıb. Qax Rayon Məhkəməsi işin yenidən istintaqa qaytarılması ilə bağlı qərardad çıxardı. Aprelin 26-da məhkəmə təyin olundu, bu dəfə Elşən Idrisova və Bayram Xəlilova CM-nin 314.2 maddəsi ilə ittiham irəli sürülsə də, yenə Ilham Hüseynov məsuliyyətdən kənarda saxlanıldı. Bu dəfə isə dəymiş ziyan 61886 manat məbləğində müəyyən edildi.

Ilqar Cəlilov respublikanın Baş prokuroru Zakir Qaralova müraciət edərək tabeliyində olan prokurorluq işçilərinin əməllərinə aydınlıq gətirilməsini xahiş edir: “Qaxın prokurorunun qəbulunda olanda mənim qolumdan yapışaraq dedi ki, sən çox qabağa gedirsən, bilmirsən mən burda necə oturmuşam? Prokuror köməkçisinin dediklərindən isə dəhşətə gəldim. Nazim Bağırov Fövqəladə Hallar Nazirliyinin sənədini mənə göstərərək ”bilmirsən Fövqəladə Hallar naziri ilə Baş prokuror düşməndir?” dedi. Mən başa düşə bilmirəm, axı siz özünüz həmin sənədi qəbul edərək, bütün nazirliklərin sənədlərinə hörmətlə yanaşdığınızı bildirdiniz. Bəs Qax prokrorluğunun bu mövqeyini necə başa düşüm?”

Məsələ ilə Respublika Baş Prokrorluğu ilə də əlaqə saxladıq. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq”a açıqlamasında məsələnin prokurorluğun nəzarətində olduğunu dedi: “Qax rayon sakini Ilqar Cəlilovun müraciətinə əsasən baş prokuror Zakir Qaralov bu işi nəzarətə götürüb. Şikayət ərizəsində göstərilən xüsusatların hərtərəfli, tam və obyektiv araşdırılaraq qanunamüvafiq qərarın qəbul edilməsi üçün konkret tapşırıqlar verib”.

Sosial şöbə