Məqsədli şəkildə qeyri-ciddi adamlar ciddi mövzuya transfer edilir
Cəbhədəki 3 günlük müharibə cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı, daxili həmrəyliyi təmin etdi, insanlarda milli ruh, vətənpərvərlik hissi yarandı. Birmənalı şəkildə demək olar ki, 100-ə yaxın hərbçimizin şəhid olması, müharibənin yenidən alovlanma ehtimalı qətiyyən qorxu yaratmamışdı. Əksinə, insanlar səfərbərlik tələb edir, könüllü döyüşə getmək istədiyini bildirir, ordumuzdan irəli getməyi istəyirdi.
Amma ilk günlərdən aydın göründü ki, cəmiyyətdəki bu həmrəylik, döyüş əzmi hökumətin qətiyyən xoşuna gəlməyib. Hökumət 24 illik atəşkəs rejimindən, avtoritar idarəçilikdən sonra ölgün, ruhdan düşmüş bir cəmiyyət gözləyirdi. Amma bu baş vermədi və bir daha sübut olundu ki, xalqı yalnız vətən, torpaq, bayraq həmrəy edə bilir. Hökumət bu ovqatın davam etməsini qətiyyən istəmirdi. Ona görə də ilk növbədə birtərəfli atəşkəs elan edildi, orduya dəstək aksiyası keçirənlərə xəbərdarlıq olundu və yenidən sülh məsələsi gündəmə yeridildi. AXCP sədri Əli Kərimlinin evinin qarşısında silsilə aksiyaların təşkil olunması da cəmiyyətdəki həmrəylikdən, müharibə əzmindən doğan narahatlığın göstəricisi idi.
Bəs, sonra nələr baş verdi? “Sülh danışıqları məntiqi yekununa yaxınlaşır”, “torpaqlar geri qaytarılır” təbliğatı aparıldı və qısa müddət sonra məlum oldu ki, danışıqlarda heç bir nəticə yoxdur. Üstəlik, düşmən yenidən atəşkəsi pozdu, 300-ə yaxın ev dağıdıldı və şəhidlərin sayı artdı.
Təbii ki, baş verənlər cəmiyyətdə növbəti narazılığın yaranmasına səbəb oldu, insanlar sülh danışıqlarının mənasızlığını növbəti dəfə dərk etdi və hökumətin “hücum edərik” təbliğatının real olmadığı üzə çıxdı.
Əsl biabırçılıq isə bundan sonra start götürdü. Son günlər məqsədli şəkildə Qarabağ mövzusu qeyri-ciddi müstəviyə keçirlilir. Cəmiyyətdə heç bir nüfuzu olmayan, insanların ikrahla yanaşdığı adamlar Qarabağ münaqişəsindən danışmağa başladılar. Bu adamlar efirlərə çıxarıldı, qəzet səhifələrindən boylandı. Yəni ciddi mövzu ətrafında qeyri-ciddi adamların fikirləri tirajlandı.
Bir tərəfdən ölkənin ərazi bütövlüyündən, müharibədən, milli ruhdan söhbət gedir, o biri tərəfdən oyuncaq bir fiqurun “bizim erməni qadınlardan uşaqlarımız var, onlara əmr edərik Ermənistanda partlayış törədərlər” fikri tirajlanır. Bu formada “Qarabağ təbliğatı” müxtəlif istiqamətlərdə aparılır. Məqsədli şəkildə insanları bu mövzudan iyrəndirmək, Qarabağ mövzsunu ironik hadisələrlə yaddaşlara hopdurmaq istəyirlər.
Əslində, bu siyasət uzun illərdi davam edir. Məhz buna görədir ki, vətənpərvərlikdən, qəhrəmanlıqdan danışan adamlara münasibət birmənalı olmayıb. Ən yaxşı halda belə adamlara “pafolsu danışır” deyiblər. Çünki, uzun illər vətən, bayraq, Qarabağ haqqında korrupsiya ilə məşğul olanlar, insanların haqqını tapdayanlar, hansısa yollarla efirə çıxanlar danışıb. Əsl vətənpərvərlər, qəhrəmanlar arxa planda qalıb. Qarabağ qazisi ağır problemlər məngənəsində sıxılıb, “Qarabağ” adının arxasında gizlənənlər meydan sulayıblar.
Indi də bu “ənənə” davam etdirilir. Uzun illərdən sonra yenidən cəmiyyətdə əhval-ruhiyyə yaranıb, insanlar ordudan böyük uğurlar gözləyirlər və belə bir vaxtda Qarabağ mövzusunu anormal adamların müzakirəsinə veriblər. Bu isə çox təhlükəli tendensiyadır və dəyərlərin soyqırımı deməkdir.
İlham