Prokuror Saday Şəkərliyə 10 il iş istədi

saday shekerli

Dövlət ittihamçısı isə ittiham aktını çıxış kimi təkrarladı

Mayın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində şair Saday Şəkərlinin növbəti prosesi keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamını müdafiə edən Abusəməd Heydərov çıxış edib. Məhkəmə istintaqı zamanı aşkarlanan faktların heç birinə məhəl qoymayan dövlət ittihamçı, demək olar, prokurorluğun tərtib etdiyi ittiham aktını məhkəmə zalında təkrar oxuyub.

Ağırlaşdırıcı halların olmamasını, yüngülləşdirici halların mövcudluğunu nəzərə almaqla dövlət ittihamçısı Saday Şəkərlinin 10 il müddətinə azadlıqdan mərhum edilməsini məhkəmə kollegiyasından istəyib.

Məhkəmədə zərəəkənin nümayəndəsi kimi iştirak edən Vergilər Nazirliyinin əməkdaşı prokurorun çıxışı ilə razı olduğunu bildirib.

Müdafiə tərəfinin çıxışı növbəti məhkəmə prosesinə saxlanılıb.

Növbəti proses mayın 16-da keçiriləcək.

Xatırladaq ki, şair Saday Şəkərli Vergilər Nazirliyinin rəhbərliyi haqda rüsvayedici məlumatlar yaymaq hədəsilə pul tələb etməkdə təqsirləndirilərək ona qarşı CM-in 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham irəli sürülüb və həbs olunub.

Təzəxan