Polis əməliyyat keçirdi, uşaq azad edildi, «İŞİD»çi həbs olundu
Bakıda özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs 8 yaşlı uşağı girov götürüb. Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 10-da Sabunçu rayonundakı yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 8 yaşlı oğlu Hüseyn mayın 9-da evdən çıxıb və geri qayıtmayıb.
Aparılmış araşdırmalarla özünü İŞİD üzvü kimi təqdim etmiş şəxsin Elnur Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürdüyü, azad edilməsi müqabilində 30 000 manat pul istədiyi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını dediyi müəyyənləşib.
Bakı şəhər Baş Polis Idarəsinin Cinayət Axtarışı Idarəsi və Sabunçu Rayon Polis Idarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub, şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
Qonşuların verdiyi məlumata görə isə uşağı atası özü tapıb. Qonşuluqda yaşayan başqa bir uşaq Hüseyn itdikdən sonra onun atası Elnura deyib ki, bir neçə gün əvvəl onu da tanımadığı bir adam aldadaraq yad bir yerə aparıb. Qonşu uşaq Hüseyndən bir neçə yaş böyük olub. O, Hüseynin tapıldığı yarımçıq tikilidən geri qayıdıbmış. Hüseynin atası Elnur qonşu uşağın göstərdiyi tikiliyə gedib və öz oğlunu orda tapıb.
Atası qonşulara bildirib ki, Hüseynin olduğu ikinci mərtəbədə pilləkən olmayıb. Güman ki, bunu uşaq oradan qaçmasın deyə ediblər və Hüseyn orda tək olub. Onu qaçıran adam tikilidə olmayıb. Uşağı atası Elnur, onu oğurlayan Elnuru (Məmmədov) isə polis tapıb.
Uşağı qaçıran şəxslə əlaqə saxlanılıb və istədiyi pulun ona veriləcəyini bildirib. Çantaya kağız və karton yığılıb, Hüseynin atası pulu verən an əməliyyatçılar uşaq oğrusunu saxlayıb.
Hüseynin oğurlanması haqda atası belə deyib: “Uşaq evlərindən bir az aralıda küçə ilə gedərkən həmin şəxs ona yaxınlaşıb və Hüseyni futbol klubuna qoymaq istədiyini deyib. Sonra isə ona top vermək istədiyini və bunun üçün onunla bir yerə getməli olduğunu deyib. Hüseyn buna inanmadıqda, telefonu qulağına tutaraq guya mənimlə danışırmış kimi edib. Sonra isə uşağa ”atanla danışdım, razıdı” deyib və uşaq da ona inanıb”.
Görünən budur ki, uşaq oğrusu bunu xeyli əvvəldən planlaşdırıb və təxminən bir həftə əvvəl qonşu uşağı öz toruna salmağa cəhd edib. Bundan başqa, Hüseynin yaşadığı evin qapısının üstündə dini kəlam həkk olunması, uşaq oğrusunun özünü “İŞİD”çi kimi təqdim etməsi də diqqət çəkir.
Hüseynin atası Elnur Ramazanlı və babası Hüseyn “SOCAR”ın əməkdaşlarıdır (marja.az).