Avropa Şurasına üzv digər ölkələrlə müqayisədə Azərbaycandan Avropa Məhkəməsinə göndərilən seçki şikayətlərinin sayı daha çoxdur. Bu barədə ifadə azadlığı mövzusunda Avropa Şurası standartlarına dair Azərbaycan jurnalistlərinin təlim səfəri çərçivəsində keçirilən görüşdə Avropa Məhkəməsi katibliyinin hüquqşünası Vüqar Fətəliyev məlumat verib. O bildirib ki, hər parlament seçkisindən sonra Avropa Məhkəməsinə çoxlu şikayətlər gəlir: “2005-ci il seçkisindən sonra 60, 2010 seçkisindən sonra 100-ə qədər şikayət gəlib”. Hüquqşünasın sözlərinə görə, hazırda Avropa Məhkəməsinin icraatında baxışda Azərbaycana qarşı 1500-ə qədər şikayət var: “Onlardan 500-ə qədəri ermənilərin şikayətidir. Eyni zamanda, azərbaycanlıların da Ermənistana qarşı 600-ə qədər şikayəti var”.
Vüqar Fətəliyev qeyd edib ki, şikayətlərin sayına görə Azərbaycan ilk onliqdadır.
Avropa Məhkəməsinin bir sıra hallarda şikayətlərə prioritet qaydada baxdığını deyən hüquqşünas misal olaraq, Xədicə İsmayıl, İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərovun şikayətlərini göstərib. Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulması ilə əlaqədar indiyədək Azərbaycan jurnalistlərinin şikayətləri üzrə 3 qərar çıxarıldığını deyən hüquqşünas Elmar Hüseynovun qətlilə bağlı şikayətdən də danışıb. Qeyd edib ki, bu qətllə bağlı şikayət kommunikasiya mərhələsindədir.
Aytən Məmmədova



