AYDIN-Xidmət

elnur-astanbeyliElnur As

elnurastanbeyli@gmail.com

Əliyevçi rejimin rəsmi informasiya agentliyi bir həftə öncə belə bir xəbər yayımladı: “Vətəndaşlara ”Azərişıq”, “Azərsu” və “Azəriqaz”a aid bütün xidmətlər “ASAN Kommunal” mərkəzlərində göstəriləcək”.

Arxasınca rejimin yandaş mediasında, oliqarxların haram yollarla qazandıqları pullar hesabına bəslədikləri saytlarda, qəzetlərdə ənənəvi, əttökən şou başladı. Onlar bir-birlərinin ağzına tüpürübmüşcəsinə eyni üslubla, eyni hay-küylə sübut etməyə çalışdılar ki, şanlı partiya və hökumətimiz insanların həyat şərtlərini asanlaşdırmaq üçün dahiyanə, cahanşümul islahatlarla məşğuldur!

Ağlı başında olan hər kəs isə yaxşı başa düşürdü ki, bu, əsl komediyadır, yaşadığımız çağın ruhuna əməlli-başlı ironiya, karikaturadır, həm də çox sadə səbəbdən: hansısa nazirliyin, dövlət komitəsinin, yaxud hər hansı başqa bir hökumət idarəsinin səlahiyyətlərinin bir hissəsini ASAN-Xidmətə verməkdənsə, olmazmı elə bütün hökumət ASAN-laşdırılsın? Olmazmı hər bir dövlət idarəsi elə ASAN-Xidmət kimi çalışsın?

Əlbəttə, olar. Həm də bal kimi olar. Di gəl, bu işin bir “əmma”sı var: bəlkə çox şey asanlaşacaq, lakin eyni zamanda əvvəlki kimi oğurlamaq çətinləşəcək! Problem də elə bundadır. Məsələnin kökü də elə bundadır!

***

Üstəlik, bir başqa problem də var. Yaptokratlar indiyədək elə bir mənzərə yaratmağa çalışırdılar, guya bunlar oğrulamadan, qul haqqı yemədən, məzlumun ahını almadan idarə etməyə hazır idilər, ancaq ölkədə korrupsiyanın, rüşvətxorluğun kökünü ona görə kəsmək mümkün olmurdu ki, sadə vətəndaşlar rüşvətsiz keçinə bilmirlər, demokratiyaya hazır deyillər! Öz yaratdıqları ASAN-Xidmətin özü bu yalanı, bu mifologiyanı bütün çılpaqlığı ilə ifşa etdi.

Təsdiqləndi ki, yaptokratlar özləri oğurlamasalar, rüşvətə bulaşmasalar, hər işdə “qaz vurub qazan doldurmağa” çalışmasalar, sıravi vətəndaşla bağlı heç bir problem yoxdur. O, rüşvətsizliyə, korrupsiyasızlığa yapçılardan əvvəl hazırdır!

Hər bir vicdanlı azərbaycanlı heç bir mübahisəsiz razılaşır: Azərbaycan tarixinin heç bir dönəmində bu qədər ədalətsizcəsinə, qəddarcasına idarə edilməyib! Bu ölkənin tarixinin heç bir dönəmində yalan bu qədər dizboyu olmayıb. Heç vaxt yaltaqlıq, məddahlıq, işverənlik, üzəduranlıq bu ölkədə bir belə təbii, məntiqəuyğun sayılmayıb.

Əslində hazırkı Azərbaycanda bircə ASAN iş var, o da qaraya ağ deməkdir. Əyriyə düz, gecəyə gündüz deməkdir.

Bu ölkənin tarixinin heç bir dönəmində insanlar yalan danışmağa, məddahlığa bu qədər həvəsləndirilməyib.

Gedin sadə camaat arasında söhbətlərə qulaq verin. Adamlar karyera və komfort sahibi olmaq üçün bir-birinə nə yüksək təhsil sahibi olmağı məsləhət görürlər, nə vicdanlı, ədalətli vətəndaş olmağı. Deyirlər, “dövlətin malı dənizdi, yeməyən donuzdu!” Deyirlər, “fərasətsiz başın batsın!” Deyirlər, “el üçün ağlayan göz kor olar”. Deyirlər, “düz deyən düzdə qalar”. Deyirlər, “guya ölkəni sənmi düzəldəcəksən?” Deyirlər, “bu boyda ölkənin dərdi sənəmi qalıb?”

Yapçıların Azərbaycana təklif etdikləri əsl ASAN-Xidmət budur. Indi hamımızın qarşısında yalnız bir seçim var: həqiqətsizliklə barışmaq! Ədalətsizliyə züy tutmaq! Şərə qahmar çıxmaq! Rüşvəti “şirinlik” adı ilə leqallaşdırmaq! Korrupsiyanı “bacarana baş qurban” kimi axmaq, düşük mental təfəkkürlə legitimləşdirmək!

Seçimi bu cür etdikdən sonra həyatda hər şey məlum mənada onsuz da çox ASAN-dır: sən ömründə bir normal cümlə yazmaya-yazmaya, iki eşşəyin arpasını bölməyi bacarmaya-bacarmaya xalq yazıçısı ola bilərsən, xalq şairi ola bilərsən, əməkdar jurnalist ola bilərsən, əməkdar elm xadimi ola bilərsən, canım sənə desin, nə istəsən ola bilərsən.

Amma əsl vətəndaşa bu ASAN-lıq lazımdırmı? Bax indi bir nömrəli sual budur. Cavabını isə deməyə ehtiyac yoxdur: hər kəs onsuz da yaxşı bilir. Hətta nəyinsə, nələrin müqabilindəsə özünü bilməməzliyə vuranlar da!

***

Ümid edirəm, nə demək istədiyim aydın oldu.

Əslində bizim ASAN-Xidmətdən də çox məhz buna ehtiyacımız var: AYDIN-Xidmət-ə.

Axundovun, Haqverdiyevin, Mirzə Cəlilin, Sabirin, Üzeyir bəyin, Rəsulzadənin, Ömər Faiqin AYDIN-Xidmətinə!

Başqa xilasımız nə yazıq ki, yoxdur.