Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 3% az olacağını proqnozlaşdırır. Bu barədə bankın may ayı üzrə hesabatında bildirilir. Xatırladaq ki, AYİB 2015-ci ilin noyabr ayında proqnoz verərək 2016-cı ildə Azərbaycanda 2,5%-lik iqtisadi artımın qeydə alınacağını bildirmişdi. 6 aydan sonra isə bank proqnozunu kəskin dəyişib.
AYİB-in 2017-ci illə bağlı gözləntisi isə ÜDM-in 1% artmasıdır. “2015-ci ildə Azərbaycan iqtisadiyyatı 1,1% böyüyüb. İlin 1-ci yarısında tikinti layihələrinin hesabına ÜDM-də 5,7% artım baş versə də, ilin 2-ci yarısında neftin kəskin ucuzlaşması neft ixracından gəlirləri əhəmiyyətli şəkildə azaltdı” – deyə bankın açıqlamasında bildirilir.
Bu ilin 1-ci rübündə Azərbaycan iqtisadiyyatında 3,5% geriləmə baş verib. O cümlədən qeyri-neft sektorunda ÜDM 5,7% azalıb. “Biz hesab edirir ki, bu il Azərbaycanda 3% iqtisadi geriləmə, gələn il isə 1% iqtisadi artım olacaq. Bununla yanaşı, Dağlıq Qarabağ regionundakı münaqişə də iqtisadi artımın perspektivinə risk yaradır” – deyə AYİB bəyan edib.
Dünyanın bütün aparıcı beynəlxalq maliyyə institutları və reytinq agentlikləri 2016-cı ildə Azərbaycan iqtisadiyyatının zəifləyəcəyini, 2017-ci ildə isə güclənəcəyini proqnozlaşdırır. Hökumət isə bu il 1,8% iqtisadi artım gözlədiyini bəyan edir.
(fins.az)