“Gül bayramında prezidentə yaxınlaşdım, əvvəl Mehriban xanımla, sonra özü ilə salamlaşıb hal-əhval tutdum, sonra da məktubumu ona verdim.
O da alıb cibinə qoydu, dedi, nə köməklik lazımdırsa, edəcək”.
60 yaşlı əlil Qönçə Səmədova deyir, o gündən tam iki il keçir. 2014-cü il mayın 10-da illərlə əlil kimi gözlədiyi güzəştli ev növbəsinin tezləşdirilməsi, əlindən alınmış 12 sot torpaq sahəsinin özünə qaytarılması üçün son çıxış yolunu prezidentin qarşısını kəsməkdə görüb. Bundan ötrü aylarla əlləşib, dəfələrlə cəhdlər edib, nəhayət, Heydər Əliyev Sarayının qarşısında düzənlənmiş tədbirdə istəyinə çatıb:
Qönçə Səmədova: “Prezident ərizəmi alıb qoydu cibinə…”
“Dedim, prezidentdir, bunun bir sözünü iki eləməzlər. Əksinə, 5 gün sonra qəzalı evimin tavanı uçdu, dəmir parçası başıma düşdü, 5 ay yerimdən tərpənə bilmədim”.
Bir az Səmədovların yaşayışı barədə… 60 yaşlı Qönçə xanım tibb işçisidir. 38 saylı poliklinikada işləyir. 35 ildir ki, Xətai rayonunda sahəsi 26 kvadratmetr olan mənzildə yaşayır. Daha doğrusu, bu mənzil qəzalı olduğundan bu ünvandan bir az aralıda başqa ev kirayələyib. Astma xəstəliyindən əziyyət çəkən iki övladının səhhətinə görə qəzalı evdə qalmır. 1992-ci ildən güzəştli ev növbəsindədir.
Kiçik oğlu ailəlidir, iki övladı var. Evsizlikdən məcbur olub üzbəüz qəbiristanlığın ərazisində bir daldanacaq tikib. Ancaq gəlib söküblər. İndi iki azyaşlı uşağı harda saxlasın, bilmir. Digər iki övladı astma xəstəliyindən əziyyət çəkir və onunla birlikdə qalırlar. (azadliq.org)