elnurastanbeyli@gmail.com
Deməli, belə: ədəbiyyat naziri, xalqsız xalq yazıçısı Anar Rzayevin əlaltılarından olan, özünü “ədəbi tənqidçi” adlandırsa da, işi-gücü yapçıların dahi rəhbərinə, yaxud titullu, imtiyazlı saray yazıçı-şairlərinə mədhiyyə oxumaqdan, tərif söyləməkdən, tost deməkdən irəli getməyən biri teatrı “şeytan yuvası” adlandırıb. Sitat: “Söhrab Tahirin dəfni… Yaxşı ki, şairin nəşi vidalaşmaq üçün hansısa teatr binasında yox, Təzəpir məscidində oldu. Sovet dövründəkindən fərqli mərhumlarımızı son mənzilə artıq şeytanın evindən yox, allahın evindən yola salırıq. Allah bu məscidi inşa etdirən Nabat xanıma da, Söhrab Tahirə də rəhmət eləsin”.
Indi xeyli adam təəccüblənir, heyrətlənir və qəzəblənir ki, 21-ci əsrdə bu nə mağara təfəkkürüdür, teatrı necə “şeytan yuvası” adlandırmaq olar-zad. Guya kiminsə bu cür danışması ilə Azərbaycanda nəsə qeyri-adi, gözlənilməz bir şey baş verib. Yaptokratiya ölkədə qeyri-sağlam, çağdışı, geriçi fikirlərin sürətlə cücərməsi, boy atması, alaq otu kimi yayılması üçün hər cür münbit şərait yaradıb. Hazırda Azərbaycanda Şeyx Nəsrullahların, Xudayar bəylərin, Ibrahim Xəlil kimyagərlərin yenidən xortlayıb meydana çıxması, at oynatması üçün bütün imkanlar yaradılıb. Bir azca ağlını, bir az da vicdanını itirmək kifayətdir ki, bu imkanlardan gen-bol faydalanasan, istənilən karyeraya qovuşasan, səni dartıb məclislərin başında oturtsunlar, “qa” deyəndə yemini, “qu” deyəndə suyunu versinlər.
Azərbaycanın bu gerçək reallığı fonunda hələ də kimsə durub teatrı “şeytan yuvası” adlandırır, ya da başqa biri həqiqəti yazan qələmləri “vətən xaini” çıxarırsa, buna təəccüblənməyin özü təəccüblüdür. Artıq ölkəmizi yaxşı tanımaq vaxtıdır! Dərk və qəbul etmək zamanıdır ki, indi bizim torpaqlarda var olmaq, sağ qalmaq istəyirsənsə, tamadalıqla, təlxəkliklə məşğul olmalısan, nəfəsin belə, yalanla gedib-gəlməlidir, şərə züy tutmalısan, zülmə qahmar çıxmalısan. Vəssalam, şüttamam.
Həmişə nikbinliyimi qorumağa çalışıram. Ən ağır şərtlər altında belə, aydın, azad, çağdaş gələcək barədə ümidlərimi itirməməyə çalışıram. Amma getdikcə daha yaxşı başa düşürsən ki, doğrudan da, “vəziyyət düşündüyümüzdən də ağırdır” (Elmir Mirzoyev). Hər keçən gün daha sürətli köhnəliyin dərin uçurumuna yuvarlanırıq, hər keçən gün daha sürətlə çağın gerisinə yuvarlanırıq. 150 il öncə teatr olmaya-olmaya onun dəyərini anlayıb səhnə əsərləri yazanların ölkəsində bu gün teatrın “şeytan yuvası” olub-olmadığı dartışılırsa, təsəvvür edin gəldiyimiz-gətirildiyimiz nöqtəni! Yapçıları təbrik etmək olar – onlar istəklərinə çatıblar, öz hakimiyyətlərini daha uzunömürlü etmək üçün ölkəni mağara dövrünə qaytarmağı bacardılar.
Bu ölkənin aydın, azad, çağdaş gələcəyinə inananlar, bunun üçün çapalayanlar üçün isə hər keçən gün bir az da ağır, bir az da dəhşətli. Bir az da dözülməzdir. Ümidsizlik saçmaq, bədbinlik aşılamaq, heç kimi ruhdan salmaq istəmirəm, amma bax, elə bu an başqa cür da yaza bilməzdim.
Rejimin düzəltdiyi seçki şouları zamanı namizədlərin 2-3 dəqiqəlik “teledebatlarda” ağzını açmamış dərhal da “vaxtımı saxlayıram!” dediyni xatırlayırsınızmı?
Indi bir anlıq xəyal qururam özüm üçün: kaş “ömrümü saxlayıram” demək də mümkün olaydı. Beləcə, ömründən bir az da nə vaxtsa qurulacaq gözəl, işıqlı bir ölkədə yaşamaq üçün saxlaya biləydin kaş.
Yoxsa nə gizlədim, pis bir hiss var içimdə, mənə elə gəlir, belə getsə, bu zülmün, bu şərin, bu qaramatın, bu üfunətin, bu çirkabın, bu bataqlığın sonunu görməyə bəs eləməyəcək ömrümüz, bəs eləməyəcək…