İnanc fərqi uğura mane olurmu?

saadet-cahangir-koseSəadət Cahangir

Zəka və istedadın irqə və inanca heç bir dəxli yoxdur. Hələ bunun üstünə bir az da çalışqanlıq gələrsə… Bu keyfiyyətlərin daşıyıcısı olan insanların parlamasına əngəl olan mühit şərtlərini kənara qoyuram. Şübhəsiz, uğur insanı əhatə edən o şərtlərdən çox asılıdır. Iradım, sadəcə, insanların inkişafına hansısa inancı və ya milli kimliyi əngəl sayanların yanlış düşüncəsinədir. Son bir-iki il ərzində dünyanın ən öncül qərb ölkələrində nazir postuna qədər yüksələn gənc müsəlman qadınları haqqında dəfələrlə yazmışıq. Bu yolda maneələrin getdikcə daha da azaldığı və aradan qalxdığı müşahidə olunmaqdadır. Yaxın günlərdə Pakistan əsilli müsəlman siyasətçi Sadiq Xanın Londonun meri seçilməsi faktı bunu bir daha təsdiqləyir…

Bilirsiniz, Sadiq Xan ailəsi 60-cı illərdə Britaniyaya köçən mühacir ailəsinin oğlu olsa da, onun kifayət dərəcədə parlaq bioqrafiyası var. Həyatda və siyasi karyerasında qazandığı uğurları ona kimsə hədiyyə etməyib. Əksinə, bütün postlara böyük rəqabət şəraitində, ağlı və dərrakəsi sayəsində gəlib çıxıb. Kiçik uğurlarından tutmuş  millət vəkili və mer dərəcələrinə qədər. Gənclik illərindən atası onu əsl müsəlman qaydalarına hörmət ruhunda böyüdüb. Yaşadığı qərb mühiti də Sadiq Xana o, qaydalara sayğı ilə yaşamağa əngəl olmayıb. Əksinə, aldığı təhsil və böyüdüyü mühitin qazandırdığı dəyərlər onun sağlam düşüncəli bir şəxsiyyət kimi yetişməsində önəmli rol oynayıb. O, 2005-ci il 7 iyul tarixində London metrosu və avtobusunda törədilən partlayışlar zamanı, müsəlman dünyasına verdiyi parlaq mesacları ilə yadda qalıb. Sadiq Xan Islam inancının terrorla hər hansı bağlığını cəfəngiyyat adlandıraraq, terrorun insanlıq üçün bir lənət olduğunu, buna haqq qazandıran düşüncələrin də insanlıqla bir araya sığmadığını vurğulayıb.

Şübhəsiz, qərbdə də fərqli inanclardan və milliyyətdən olanlara qarşı aqressiv münasibət yox deyil. Məsələn, Londonun indiki meri Sadiq Xan deyir ki, gəncliyində “Liverpul” futbol klubunun qatı azarkeşi olsa da, irqçilərin üzündən stadiona gedə bilmir, oyunları evdə televiziyadan seyr edirmiş. Xeyli müddət oralarda yaşamış başqa bir dostum da eyni şəkildə danışır ki, mühacirlərin böyük paytaxtlarda “meydan sulaması” köklü qərbliləri heç də məmnun etmir. Əlbət ki, bunun səbəbləri başqadır və ayrı söhbətin mövzusudur. Amma fakt faktlığında qalır ki, bütün bunlara baxmayaraq, belə mühitdə də böyük rəqabətə girib, parlaq zəkan, bacarığın, çalışqanlığın ilə irəli gedə bilərsən. Bir az çətin olar, amma bizim gerçəklikdən fərqli, hökmən gedə bilərsən.

Qeyd etdiyim kimi, son illər başqa millətlərdən və inanclardan olan insanlara geniş qapılar açan qərb cəmiyyəti milli kimliyin və dinin bəşəri dəyərlərə heç bir əngəl yaratmadığı mesacını verir. Siyasi oyunları, maraqları, gizli məsələləri kənara qoyaraq, bunun sözün həqiqi mənasında belə olduğunu söyləmək mümkündür. Inanc və milli kimlik heç kimsə üçün qəbahət və ya baş qaxıncı edilə bilməz. Heç kimsəyə də başqasının bu hisslərinə toxunmaq haqqı verilməyib. Islam inancı, inkişaf, terror məsələlərində öz qaragüruh düşüncəsini yayanlar və eyni zamanda, katolikdən artıq katoliklik edib bu inanca qarşı aqressiv münasibət bəsləyənlər elə baxıb qərb cəmiyyətindən dərs alsınlar. Doğru baxılsa, qərbin nədən bu qədər irəli getdiyinin sirri də  ordadır…