Fuad Qəhrəmanlının şikayəti təmin edilmədi

fuad-qehremanli-enyeni

«AXCP sədrinin müavininin bu şəraitdə həbsdə saxlanılması həm yerli qanunvericiliyin, həm də beynəlxalq konvensiyaların tələbinə ziddir»

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin daha iki ay uzadılmasından verilmiş apelyasiya şikayətinə mayın 10-da Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılıb. Ancaq hakim Nəsimi Rayon Məhkəməsinin həbs müddətinin uzadılması qərarını qüvvədə saxlayıb.

Məhkəmə prosesində Fuad Qəhrəmanlı özü iştirak etməyib. Vəkilin dediyinə görə o, məhkəmədən gözləntisi olmaması səbəbindən ərizə yazaraq iclasda iştirakdan imtina edib.

Məhkəmə barədə “Azadlıq”a F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib. “Fuad Qəhrəmanlı 4 aydan artıq həbsdə olduğu müddətdə onun barəsində heç bir zəruri istintaq hərəkəti aparılmayıb. Buna görə də Nəsimi Rayon Məhkəməsində həbs müddətinin uzadılmasına etiraz etdik. Etirazımız qəbul olunmadığı üçün apelyasiya şikayəti vermişdik. Apelyasiya Məhkəməsindən də müsbət nəticə gözləmirdik. Fuad Qəhrəmanlının bu şəraitdə həbsdə saxlanılması həm yerli qanunvericiliyin, həm də beynəlxalq konvensiyaların tələbinə ziddir. Ona görə də bütün bu prosedurları keçib Avropa Insan Haqları Məhkəməsinə müraciətlər göndərmək niyətindəyik”,- deyə vəkil bildirib.

Təzəxan