Elman Rüstəmovun proqnozunun arxasında nə dayanır?

elmanrustamov-ilhamaliyevNemət Əliyev: «Milli valyutanı süni şəkildə dəyərdə saxlamağın çoxlu fəsadları var»

“Son dövrlər valyuta alışını həyata keçirmişik. Manat yenə də ”üzən məzənnə” rejimində öz dayanıqlığını axtarır”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu, həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. Iqtisadi vəziyyət bunu deməyə əsas verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır”, – deyə, E.Rüstəmov vurğulayıb.

O bildirib ki, ilin əvvəlindən indiyə kimi AMB-nin valyuta ehtiyatları artaraq 4,2 milyard dollara yaxın məbləğə çatıb: “Neftin qiyməti yüksələrsə, təbii ki, strateji valyuta ehtiyatlarımız artacaq”.

E.Rüstəmovun bu açıqlamasının arxasında nəyin dayandığı maraq doğuru. Çünki hazırda manatın xarici valyutalara nisbətdə məzənnəsinin qorunub saxlanması sırf dövriyyədəki manatın kütləsinin azaldılması və idxalın inzibati yollarla məhdudlaşdırılması hesabına başa gəlib. Əgər manat hələ 2016-cı ilin sonuna qədər sabit qalacaqsa bu nəyin hesabına başa gələcək? Ümumiyyətlə hazırda yürüdülən siyasətlə manatın kursunu stabil saxlamaq mümkün olacaqmı? Və ən nəhayət baş bankirin açıqlamasından çıxan daha bir sual nəyə görə bu ilin sonuna qədər? Gələn il manatı nə gözləyə bilər?

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyev hesab edir ki, MB rəhbərliyi inzibati metodlardan istifadə etməklə bu günə qədər, manatın kursunu sabit saxladıqları kimi bundan sonra da eyni qaydada davam edə bilərlər. N.Əliyevin sözlərinə görə, milli valyutanı dəyərdən salınmasının bir səbəbi də hökumətin büdcə qarşısında öhdəlikləri icra edə bilməməsi oldu: “Pul çatışmamazlığı əmələ gəlmişdi. Həmin kəsiri qapatmaq məqsədilə milli valyutanı ucuzlaşdıraraq, büdcəyə xarici valyuta qarşılığında daha çox manat kütləsi cəlb etdilər.  Indi isə hətta büdcədə 90 faiz kəsir yaransa da, hökümət özünü narahat hiss etmir və baş verənin məsuliyyətini dərk etmir. Ona görə manatın kursu hazırkı siyasət davam etməklə süni şəkildə bir müddət saxlanıla bilər. Amma bu o deməkdir ki, ölkədəki iqtisadi fəaliyyət kəskin şəkildə passivləşəcək. Onsuz da milli valyutanın bu cür dəyərdə saxlanılması iqtisadi fəallığa ciddi zərbə vurur. Investisiya layihələrinin keçirilməsinə qırmızı işıq yandırır”.

N.Əliyev onu da bildirdi ki, manatın məzənnəsinin bu cür saxlanılması çox çətin və ağrılı olacaq. Bu siyasət sürətlə iş yerlərinin itirilməsi, əhalinin gəlirlərdən məhrum edilməsi anlamına gəlir. Bundan başqa büdcə proyektləri hazırkı manatla həyata keçirilməsi mümkünsüzdür: “Manatın hazırkı formada stabil saxlanılması ixrac yönümlü fəaliyyətə zərbə vurub. Milli valyutanı süni şəkildə dəyərdə saxlamağın çoxlu fəsadları var. Təəssüflər olsun ki, bu fəsadların heç biri Elman Rüstəmovu, hökuməti narahat etmir”.

Bəs, bu ilin sonu çatdıqdan sonra manatı nə gözləyir? Növbəti devalvasiya ola bilərmi? N.Əliyev vurğuladı ki, manatın bu cür saxlanması davam etdiyi halda iqtisadi fəaliyyət ciddi zərbə alacaq. “2015-ci ilin fevralından dekabrına qədər manatı süni şəkildə stabil saxladılar. Axırı nə oldu? Bəlli oldu ki, ölkənin qeyri-neft sektoru batırılıb. Indi ayılıblar ki, pambıqçılığı inkişaf etdirmək lazımdır, tütünçülük batıb, çayçılıq tənənzül yaşayır. Amma bunların hamısı əbəsdir. Bütün bunların ağırlığın xalq çəkir. Indi pambıqçılıqdan danışırlar. Axı pambığın əkilməsi müddəti keçib. Hökümət o qədər çaşqınlıq içərisindədir ki, nəyi necə etməyi də unudub”, deyə N.Əliyev vurğuladı.

Xəyal