Prokurorun vəkili təkzib edir

azadliq_qezeti“Sabunçu rayonunun prokuroru Ceyhun Şirinovun barəsində səsləndirilən iddialar həqiqətə uyğun deyil”. Bunu “Azadlıq”a Ceyhun Şirinovun vəkili Loğman Abdullayev bildirib. Vəkil deyib ki, prokurorun hansısa türk iş adamı ilə biznes ortaqlığı, neft biznesi ilə məşğul olması barədə iddialar əsassızdır: “Ceyhun Şirinov prokurorluq sistemində işlədiyi dövrlərdə heç bir biznes fəaliyyəti ilə məşğul olmayıb”.

Qeyd edək ki, vəkil Adəm Məmmədov bildirmişdi ki, türk iş adamı ilə şərikli neft biznesi olan Ceyhun Şirinov ortağını aldadaraq ziyana salıb. Üstəlik ortağından pul almaq üçün onu təhdid edib. Vəkil əlində kifayət qədər faktın olduğunu bildirmişdi: “Əlimizdə kifayət qədər səs-küy doğruracaq faktlar var. Hətta buna görə qarşı tərəf söz tapıb özünü müdafiə edə bilmir.

Həmin biznesmen rayon prokuroru bütün dövlətlərin sanksiyalar qoyduğu Irandan Əfqanıstana küllü miqdarda neft alqı-satqısı ilə məşğul olub. Türkiyədə bu işləri görən şirkəti də aldadıb. Nəticədə türk iş adamına da cərimələr gəlib”.

Loğman Abdullayevin sözlərinə görə isə bu məsələ ilə bağlı Adəm Məmmədovla da görüşüb. “Artıq Adəm Məmmədov da həqiqəti bilir və o da bu iddiaları təkzib edir”, – deyə Ceyhun Şirinovun vəkili bildirib.