Əliyev nə vaxt xalqa SMS göndərəcək?

ilhamaliyev-shekide1Heç olmasa Nazarbayevdən nümunə götürün

Bütün avtoritar liderlər eyni təfəkkürün daşıyıcısı olurlar. Avtoritar idarəçiliyin hökm sürdüyü ölkələrdə söz azadlığına basqı olur, seçkilər saxtalaşdırılır, korrupsiya tüğyan edir, hökumət xalq qarşısında hesabat vermir, və s.

Amma son dövrlər qarşılaşdığımız bəzi faktlar göstərir ki, hətta avtoritarlar, dikatatorlar arasında da müəyyən fərqlər var. Ən azı bəzi avtoritar hökumətlər zamanla ayaqlaşmağı, hansısa məqamda xalqın mövqeyindən çıxış etməyi bacarırlar.

Məsələn, bu yaxınlarda Belarusda siyasi məhbsular azad edildi, korrupsiya cinayətlərini üzə çıxaran jurnalistlərə mükafat veriləcəyi bildirildi. Yaxud, uzun illər normal seçkinin keçirilmədiyi Myanmarda, Venesuelada, Burkino Fasoda şəffaf seçkilər keçirildi. Yəni, demokratiyadan qaçan ölkələrdə də demokratik ab-hava hiss olunmağa başladı.

Son dövlər isə xalqa yönəlik jestlər Qazaxıstanda gözə çarpır. Bildiyiniz kimi Qazaxıstanda da avtortar bir rejim var, uzun illərdi eyni adam hakimiyyət kürsüsünü zəbt edib və s. Amma Qazaxıstan hökuməti Azərbaycan hökumətindən fərqli olaraq devalvasiyanın ağırlığını xalqın çiyninə yükləmədi və bu məsələdə xalqın maraqlarından çıxış etdi.

Iki gün öncə isə Qazaxıstan prezidenti daha bir ilkə imza atdı və bu jest böyük səs-küyə səbəb oldu. Belə ki, mayın 6-da qazaxların böyük əksəriyyətinin smartfonlarına qeyri-adi mənbədən SMS gəlib. Bu SMS Qazaxıstan dövlət başçısının Astanada yerləşən “Akorda” Sarayından göndərilmişdi. Mesajın mətni sadədir: “Respublika prezidenti Nursultan Nazarbayev ictimai həyəcan yaratmış Torpaq Məcəlləsinin bəzi maddələrinə moratorium elan edib”.

Söhbət dövlətə məxsus kənd təsərrüfatı torpaqlarının auksionlar vasitəsilə özəlləşdirilməsi haqqında mübahisəli planın təxirə salınmasından gedir. Qeyd edək ki, Torpaq Məcəlləsinə edilən bəzi dəyişikliklər Qazaxıstanda etirazlara səbəb olmuşdu, ictimai-rəy bu formada özəlləşdirmə planına qarşı idi. Qazaxıstan hökuməti də bu etirazları nəzərə alaraq, xalqa üzrxahlıq etmək məqsədilə bütün telefonlara prezidentin adından SMS göndərmək qərarı verib.

Bəli, hətta Nazarbayev də xalqın tələbi qarşısında geri çəkildi, xalqa üzrxahlıq etdi, insanların çağırışına cavab verdi. Nazarbayev hər bir qazaxlının telefonuna öz adından belə bir SMS göndərtməklə, hamının bu qərardan xəbərdar olmasını istəyib.

Məsələ burasındadır ki, Azərbaycanda vəziyyət daha acınacaqlıdır. Milli valyuta bir ildə 100 faiz dəyər itirib, 2.5 milyon vətəndaş banklara yüksək faizlərlə kredit ödəyir, devalvasiyadan sonra bütün məhsullar 30-40 faiz artıb, kütləvi ixtisarlara start verilib, təhsil haqqlarını ödəyə bilməyən 17000 tələbə ali məktəblərdən uzaqlaşdırılıb,  gömrükdə yüksək rüsumlar, süründürməçilik hökm sürür.  Üstəlik, Torpaq Məcəlləsinə edilən dəyişiklik, pay torpaqları ilə bağlı yüksək cərimələr insanların narazılığına səbəb olub.

Yəni, xeyli sahədə ciddi problemlər var, bu problemlər kütləvi narazılığa səbəb olub və hökumətin siyasi iradəsi olsa problemləri həll edə bilər.

Məsələn, dollarla krediti olanların əvvəlki məzənnəylə ödəniş etməsini, 13500 şəhid ailəsinin sıorta pulunu almasını, ƏDV-in aşağı salınmasını, 17000 tələbənin təhsilinə davam etməsini reallaşdırmaq mümkündür.

Amma hökumət problemləri həll etmək əvəzinə, daha da ağırlaşdırmaqla məşğuldur.

Bəs, Ilham Əliyev nə vaxt vətəndaşa SMS göndərəcək? Fakt budur ki, hər gün kredit borcu olanların telefonuna xəbərdarlıq mesajları gəlir. Vətəndaşlar məhkəmələrlə hədələnir, borcları ödənməyəcəyi təqdirdə əmlaklarına həbs qoyulacağı bildirilir.

Bizim vətəndaşlar üzrxahlıq deyil, üzüntü mesajları almağa öyərşiblər. Yaxşı olar ki, Əliyev hakimiyyəti heç olmasa Nazarbayevdən nümunə götürsün. Heç olmasa bir dəfə xalqın maraqlarından çıxış etməyə, ictimai rəyi nəzərə almağa cəhd etsinlər.

Akif