“Qoy məni dərdimlə, dərman eyləmə…”

saadet-cahangir-koseSəadət Cahangir

Sosial şəbəkələrdə, demək olar, hər gün qarşımıza insanları yardım kampaniyalarına qoşulmağa çağıran paylaşımlar çıxır. Bunların çoxu ağır xəstəlik diaqnozu olan insanların müalicəsinə dəstək çağırışlardır. Aralarında uşaqlar və gənclər daha çoxdur. Hər gün belə ağır paylaşımlarla üzləşmək və üstəlik, yardımçı ola bilməməyin üzüntüsünü yaşamaq ağır məsələdir, həqiqi mənada. Əslində, bu qədər insana yardım etmək də Azərbaycan mühitində maaşla yaşayan insanların imkanı daxilində olan iş deyil. Birincisi, belə xəstəliklərin müalicəsi çox hallarda böyük vəsait tələb edir. Ikincisi də, xeyirxah insanlar onların birinə, ikisinə, üçünə kömək edə bilər, gerisi mümkünsüzdür. Bilirsiniz, onların sayı onlarla, yüzlərlədir, əl uzatmaq istəyənlərin büdcəsi isə məhdud və kasıb…

Ölkədə tibbi sığorta və sosial təminatla bağlı məsələlər bərbad səviyyədə olduğuna görə, kimsəni qınamalı da deyil. Insanlar vətəndaşı olduqları ölkənin gəlir paketində adlarına bir şey tapmadıqlarından, son çarə olaraq kənara üz tutmaq məcburiyyətində qalırlar. Mərhəmət də mində bir adamda ola, ya olmaya. Məlumdur, insaflının pulu, pullunun da insafı olmur çox zaman. Təbii, təcrübəmizdə sosial şəbəkələrdə aparılan belə kampaniyaların uğurlu nəticələrini görmüşük. Yüzlərlə insanın qoşulduğu bəzi aksiyalarda çoxumuz iştirakçı olaraq, işin böyük enerji və entuziazm tələb etdiyini bilirik. Asan deyil, bir insanın həyatını qurtarmaq üçün usanmadan onlarla ünvana səslənməli və onları dəstək olmağa ruhlandırmalısan. Bəlkə, ən savab və xeyirxah işdir, amma nə yazıq ki, belə kampaniyaları tez-tez etmək də mümkün deyil. Etsək belə, uğurlu nəticəsi olmayacaq, məlumdur ki…

Problem ondadır ki, bizim çoxumuz su gəlib öz boğazımıza dirənəndə xilas olmaq haqqında düşünürük. Ancaq və ancaq boğulacağımızın vahiməsini hiss etdiyimiz an haray salıb, “yardım edin” çağırmağa başlayırıq. Yalnız bir doğmamızın, yaxınımızın, əzizimizin canı yananda onu qurtaracaq yanğın çıxışını aramaq təlaşına düşürük. Hansı ki, ondan əvvəl ətrafımızda onlarla insanın başına bənzər dərdlərin gəldiyini görürdük. Onlarla insanın düşdükləri bəladan xilas olmaq üçün hansı əzablardan keçdiyini, necə odlar ayaqladığını, hansı sarsıntılar yaşadığını bilirdik. Öz övladını ölümün pəncəsindən qurtarmaq istəyən bir ananın necə çırpındığına, bir övladın valideynini xəstəliyin caynağından almaq üçün necə dirəndiyinə şahid idik axı, hamımız ondan əvvəl. O zaman düşündükmü ki, qəfil xəstəlikdən kimsə sığortalanmayıb. Sabah o hər kəsin qapısını döyə bilər, heç bir imtiyaz tanımadan…

Bütün bunları yazmaqda məqsədim məsələnin köklü həllinin başqa yerdə olduğunu söyləməkdir, əslində. Bir ölkədə insanların sağlamlığı hökumət səviyyəsində qorunmazsa, o problem çözülməz, əzizlərim. Bir ölkənin vətəndaşı tibbi sığortadan, xüsusi sağlamlıq paketlərindən, səhiyyə imtiyazlarından yararlanmaq hüququna sahib olmazsa, o ölkənin işi zor. Bu ölkənin böyük gəlirlərində haqqı olan hər kəs bunun davasını döyməlidir. Inadla, vaz keçmədən döyməlidir həm də. Böyük bir qəhrəmanlıq istəmir ki, bu da.  Xəstəlik yatağına düşmədən, dərdə təslim olmadan vaxtında haqqınızı tələb edin, sadəcə. Sonrakı çırpıntılar çox halda fayda vermir axı, özünüz bilirsiniz. Yaxın günlərdə ölkə başçısının çıxışında tibbi yoxlamadan keçən 5 milyon insanımızın sağlam olduğu fikri səslənib. O beş milyonun, həqiqətən, pulsuz tibbi müayinədən keçdiyinə inanırsınızmı? Şəxsən, mən inanmıram.