Davudoğlunu istefaya Ərdoğan məcbur edib?

davutoglu-baskan-secim2«Baş nazirin sözü hakimiyyətin əsl sahibi ilə düz gəlmədi və o, meydandan çəkildi»

Türkiyə baş naziri Əhməd Davudoğlunun AKP sədrliyindən istefa verməsi Ankara gündəminin əsas mövzusu olub. Prezident Rəcəb Tayyib Ərdoğan AKP-dən olan deputatlarla görüşündə Davudoğlunun istefasına növbəti dəfə münasibət bildirib. Ərdoğan prosesin uzanmasının zərərli ola biləcəyini deyib: “Xeyirli olsun. Necə ki, bu vəzifəni ona təhvil verdim, o da başqasına verər. Bu prosesin uzanması zərər verə bilərdi”. Ərdoğan ölkədəki idarəçilik üsulunun qənaətbəxş olmadığını da qeyd edib: “Mən öz partiyama üzv ola bilmirəm. Partiya ilə əlaqələrim kəsilib. Bu doğru deyil”.

Prezidentə daha yaxın baş nazir…

Bəzi təhlilçilərə görə, Davudoğlu istefaya məhz prezident Ərdoğan tərəfindən məcbur edilib və bu, artıq heç kimdə şübhə doğurmur: “Bunu istefa xəbərindən az sonra səslənən başqa bəyanatlar da göstərir. Prezidentin sözçüsü Cəmil Ertem bildirib ki, yeni baş nazirin təyinatından dərhal sonra erkən seçki keçirilməyəcək. O deyib ki, ölkə və onun iqtisadiyyatı baş nazir postuna prezidentə daha yaxın biri gələndən sonra daha da sabitləşəcək”.

BBC-nin Türkiyə müxbiri Mark Loven yazır ki, Davudoğlunun sözü hakimiyyətin əsl sahibi ilə düz gəlmədiyi üçün o, meydandan çəkilib. Lovenin fikrincə, Davudoğlunu baş nazir təyin etmiş şəxs (Ərdoğan-red), onun bir çox məsələlərdə, xüsusilə də ölkədə prezident üsul-idarəsinin yaradılması məsələsində prezidentlə razılaşmaması ilə barışmayıb: “Indi Ərdoğanın təkhakimiyyətliyə gedən yolu açılıb və bu, Qərb liderlərini narahat etməyə bilməz”.

Tanınmış yazıçı Elif Şafak “The Guardian” qəzetində yazır ki, Türkiyənin müasir siyasi tarixində ən ixtilafçı lider olan Ərdoğan özünün azad söz və təməl azadlıqlara qarşı hücumları ilə ölkəni daha böyük xaosa sürükləyəcək.

Davudoğlunun demədikləri

Media Davudoğlunun istefa çıxışını onun söylədiklərini tam əksi kimi təhlil edir. Məsələn, Davudoğlu deyib ki, onun heç bir peşmançılığı, heç kimə qəzəbi və kini yoxdur. Mətbuat bu bəyanatın “çarəsiz hiddət” ifadə etdiyini hesab edir.

Davudoğlunun “Heç kim mənim dilimdən prezidentimizə qarşı heç nə eşitməyib, heç vaxt da eşitməyəcək” fikrini isə Britaniyanın “The Independent” qəzeti belə hərh edib: “Müşahidəçilərin fikrincə ziyalı və alim olan Davudoğlu bu sözlərlə Ərdoğan kimi biri ilə ağrılı mübarizəyə girişmək fikrində olmadığına işarə edib”.

Isveçin keçmiş baş naziri Karl Bildtin fikrincə, AKP sıralarındakı ixtilaf Türkiyə cəmiyyətinə daha geniş və daha qorxulu münaqişə gətirə bilər.

Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıcdaroğlu isə deyib ki, baş nazirin süqutu hakim partiya daxilindəki qarşıdurmanın hüdudlarını aşır və AKP-nin daxili işi sayıla bilməz: “Bütün demokratiya tərəfdarları bu saray çevrilişini dayandırmalıdır”.

Atatürk sistemi müqavimət göstərir

Lakin “Reuters” agentliyi yazır ki, Türkiyənin demokratik ənənələrə malik olan sistemi hələ də Ərdoğanın təkhakimiyyətlilik arzularına ciddi əngəl yaradır: “Prezident sarayının Davudoğlunun gedişindən dərhal sonra erkən seçkilərin keçirilməyəcəyini bəyan etməsi o demək deyil ki, prezident parlamentdə çoxluğu əldə edərək Atatürk konstitusiyasına son qoymaq, beləliklə də hakimi-mütləq prezidentlik üsul-idarəsi yaratmaq planlarından əl çəkib. Məsələ burasındadır ki, indi Ərdoğan üçün uğurlu parlament seçkilərinin keçirilməsi AKP-dən yox, müxalif Milli Hərəkət Partiyasından (MHP) asılıdır”.

“Reuters” yazır ki, hazırda MHP-də onun 68 yaşlı lideri Dövlət Baxçalı və partiyanın başqa bir üzvü – 1990-cı illərdə daxili işlər naziri olmuş 59 yaşlı xanım Meral Akşener arasında sədrlik mübarizəsi gedir. Bəzi rəy sorğuları göstərir ki, Akşener partiya liderliyinə gələrsə, onun seçki dəstəyi ikiqat artacaq, yox əgər sadrlikdə Baxçalı qalarsa, onda partiya seçkilərdə parlamentə daxil olmaq üçün zəruri 10 faizi də aşa bilməyəcək.

Bir çox AKP rəsmiləri erkən seçkilərin mütləq keçiriləcəyinə inanır. Belə bir seçki artıq oktyabrda keçirilə bilər. Lakin Akşener MHP liderliyinə gəlsə, 2019-cu ilədək heç bir seçkidən söhbət gedə bilməz. Bunu AKP Siyasi Şurasının üzvlərindən biri deyib.

Üç mühüm təhlükə

Bununla belə, baş nazir Davudoğlunun gedişi Türkiyə üçün olduqca mürəkkəb dövrə təsadüf edir.

Qərb analitiklərinin fikrincə, Avropa Ittifaqı avtoritar Ərdoğandansa, “miqrant sazişinin memarı” Davudoğlu ilə iş görməyə daha meylli idi.

Bu arada, Türkiyənin kürd silahlıları ilə hərbi qarşıdurması, Suriya müharibəsinə müdaxilə, NATO və ABŞ-la münasibətlərin gərginləşməsi də ümumi vəziyyəti ağırlaşdırır. Lakin ən böyük problem Türkiyənin içində nələrin olacağı ilə bağlıdır.

“The Guardian” yazır ki, hazırda Türkiyə üçün üç mühüm təhlükə mövcuddur: mütləq hakimiyyət, türk-kürd sülh prosesinin tamamilə sıradan çıxması və dünyəviliyin itirilməsi.

Qəzet xatırladır ki, bugünlərdə parlamentin spikeri Ismayıl Kahraman ölkənin əsas qanununu dini konstitusiya ilə əvəzləməyi təklif edib: “Dünyəvilik Türkiyəni Yaxın Şərqin başqa hissələrindən ayıran əsas prinsip idi və AKP liderlərinin dini konstitusiyadan danışması çox böyük təhlükə sayılmalıdır”.

Asiyaya doğru

Türkiyə üzrə tanınmış şərhçi Timothy Ash Reuters agentliyinə deyib ki, Türkiyədə baş verən son hadisələr ölkənin istər demokratiya, istər iqtisadiyyat, istərsə də sosial siyasət baxımından uzunmüddətli istiqamətinin dəyişdiyini göstərir: “Türkiyə inkişafın Asiya modelinin təsiri altında dəyişir. Bu modeldə ölkə güclü prezident və onun ətrafındakı seçkisiz müşavirlər tərəfindən idarə olunacaq”.

Baş nazirliyə potensial namizəd olaraq nəqliyyat naziri Binali Yıldırımın və enerci naziri, 38 yaşlı Berat Albayrakın adları çəkilir. Albayrak Erdoğanın böyük qızı Esranın həyat yoldaşıdır. Prezident sözçüsünün “prezidentə daha yaxın baş nazir” dedikdə onu nəzərdə tutub-tutmadığı isə az sonra bəlli olacaq(Azadlıq radiosu).

Türkiyə prezidenti dünən Avropa Ittifaqına ultimatum göndərib ki, vizasız gediş-gəlişin əvəzində anti-terror qanunlarına dəyişiklik etməyəcək: “Biz öz yolumuza gedirik, sən də öz yoluna, kiminlə razılaşa bilirsən razılaş”.

AI Türkiyədən anti-terror qanunlarına dəyişiklik etməsini istəyir. Əvəzində isə Türkiyə vətəndaşlarına Şengen ölkələrinə qısa müddətli səfərlər üçün vizasız gediş tətbiq edəcəyini deyir. Bu plan həmçinin miqrantların Yunanıstandan Türkiyəyə qayıtmasını nəzərdə tutan razılaşmanın bir hissəsidir. Qurum istəyir ki, Türkiyə öz qanunlarında terrorizm anlayışının şamil olunma sahəsini azaltsın. Bu, AI-nin irəli sürdüyü 5 kriteriyadan biridir və yalnız onların qəbul olunmasından sonra vizasız gediş-gəlişin tətbiqinin mümkün olacaq.

Ərdoğan isə bu təklifi rədd edərək bildirib ki, Türkiyə ciddi terror təhlükəsi ilə üz-üzədir. O hesab edir ki, qanunlar ölkə daxilində kürd silahlıları, xaricdə cıhadçı qruplar, o cümlədən Iraq və Suriyada IŞID əleyhinə mübarizə üçün önəmlidir.