Deyirdiniz ki, bağ belə, bostan belə. Bəs hanı?

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Dərsə gedən uşaqlara görə sübh tezdən oyanmağın əziyyəti ilə yanaşı faydaları da varmış. Bəzən erkən saatlarda AzTV-yə baxmağa məcbur olursan. Bəli, bəli, indi-indi anlayıram ki, bu kanala baxmağı tərgitmək olmazmış, ölkədəki vəziyyəti heç yerdə burada gördüyümüz yanları ilə öyrənmək mümkün deyil.

Çünki Azərbaycanı idarə edənləri həqiqətləri ilə öyrənmək mümkün deyilsə, onu yalanları ilə tanımaq, izləmək olur. AzTV isə yalanın məbədidir. AzTV ürəkdən, bütün varlığı ilə xidmət edir bu işə, ANS kimi öz işi xatirinə, qorxduğuna, maraqlarına görə etmir, məsələn. AzTV bunu özünün varoluşu kimi qəbul edir, yalan burada ontolojidir.

Başqaları həqiqətləri gizlətməklə, hakimiyyəti müdafiə edənlərə yalan tribunası verməklə, təriflərlə, müxalifləri aşağılamaqla işini bitmiş sayırsa, AzTV təzə yalanlar da uydurur. Əvvəllər analoqu olmayan inkişaf dövründə işlər asan idi. Hər yerindən duran bu hakimiyyəti mədh edə bilirdi. Indi o zamanlar çox arxada qalıb – düzdür, az zaman keçib, amma çox uzaqdır o günlər…

Məlumunuz olsun ki, AzTV də artıq pambıq xəbərlərinə qayıdıb. Biz universitet illərində bir qədər TV xəbər bülleteninin quruluşunu öyrənmişik – çox mənasız, sovet təcrübəsində törədilmiş məzmunu əhatə edirdi o dərslər. Eynən AzTV mahiyyətli idi. Həmin dərslərdə fərqli xəbərlərin bülletendə düzümündən danışılırdı. Indi AzTV-nin xəbər bülletenində düzüm-zad yoxdur. Az qala bütün xəbərlər prezidentin tapşırığı ilə harada pambıq, harada barama, haradasa bağçılıq təsərrüfatının inkişafına səy göstərildiyindən danışılır. Həm də inkişafdan deyil (bu söhbətlər çox arxada qalıb), inkişafı üçün görülən işlərdən.

Bütün xəbərlərdə görülən işlərin prezidentin tapşırığı ilə gerçəkləşdirildiyi bəyan edilir. Məsələn, bildirilir ki,   Qax Damazlıq Ipəkçilik Stansiyasına Çindən 30, Irandan 19 kq toxum gətirilib və bunlar fermerlərə ödənişsiz paylanılacaq. 1 kq yaş barama isə xeyli baha alınacaq, üstəlik, Şəki ipək kombinatı isə artıq işlək vəziyyətə gətirilib.

Bir sözlə, bütün xəbərlər yeni başlayan işlərə aiddir. Onları dinləyəndə ötən dövrün nəticələrinə həsr edilmiş hökumət yığıncaqlarında prezident Ilham Əliyevin çıxışları yadımıza düşür. Hər şeyin misilsiz və qüsursuz olduğu deyilir, yüksək nəticələrdən danışılırdı. Məsələn, 2013-cü ildə belə söyləmişdi: “Bütün iqtisadi göstəricilər çox yüksək səviyyədədir. Yoxsulluq 6 faizə düşmüşdür. Işsizlik 5,2 faizdir. Bu il 100 mindən artıq yeni iş yeri açılmışdır. Son doqquz il ərzində bir milyon 100 mindən çox iş yeri açılmışdır. Iş yerlərinin açılması bilavasitə işsizliyin aradan qaldırılmasına xidmət göstərmişdir”.

Prezidentdən də sonra da nazirlər, komitə sədrləri, varlı məmurlar sanki bir-biri ilə bəhsə girirdilər. Yüksək rəqəmlər, göstəricilər, tayı-bərabəri olmayan uğurlar haqda o qədər danışırdılar ki!

Sabah da bütün korrupsiya mətbuatı, təbliğat şəbəkəsi və yaltaqlıq dairələri işə düşürdü, inkişaf haqda sədalar göyün yeddi qatından gəlirdi.

Necə deyərlər, bağ belə, bostan belə!

Amma indi AzTV-yə baxdıqca, onun kövrək kənd təsərrüfatı xəbərlərindən işlərin yaxşı getməsi haqda düzəltdiyi “hər şey yaxşıdır” yalanlarını izlədikcə həmin günlərin sədası eşidilir qulaqlarda, həmin dövrün yalanları gəlir göz qabağına. Yalan yalanı üzə çıxarır. Insan yaddaşsız deyil axı. AzTV-yə baxan adam nə qədər küt olsa da, əski sözləri də xatırlamış olur və görür ki, nəsə düz gəlmir? Doğrudan da…

Bəs hanı? “Bağ belə, bostan belə” deyirdiniz…