Məhəmməd Talıblı: «Manatın kütləsi artsa dolların dəyəri daha da yüksələcək»
Hazırda dövriyyədə olan pul kütləsinin məhdudlaşdırılması dolların manata nisbətdə məzənnəsinin saxlanmasına xidmət edir. Mərkəzi Bankın yürütdüyü bu siyasət vasitəsilə dolların bahalaşmasının qarşısı süni şəkildə alınır. MB-nin son açıqlamaları sübut edir ki, dövriyyədəki manatın kütləsinin artırılması barədə düşünülür. Bəs, belə bir addım atılarsa bu qərar iqtisadiyyata nə vəd edir?
İqtisadçı Məhəmməd Talıblı bildirdi ki, həqiqətən də pul kütləsi yaxın 1 il bundan öncəki dövrlə müqayisədə azalması müşahidə olunur. Hətta bu müqayisə 2 dəfəyədək azalıb. M.Talıblının sözlərinə görə, söhbət 12,4 mlrd manatdan 6,1 mlrd. manata qədər azalmadan gedir: «Demək valyuta bazarında manat kütləsi azalıb. Maraqlıdır ki, dollar kütləsi də azalıb. Buna isə əsas səbəb kimi neftin ixracatından dollar daxilolmalarının azalmasıdır. Çünki, ötən illərə nisbətdə azda olsa neftin hasilatının azalması və dünyada neftin qiymətinin aşağı düşməsidir. Və nəticədə neftin satışından dollarla ölkəyə daxilolmalarda azalma ilə müşahidə olunur».
Bəs, manatın dövriyəyə buraxılmasının hansı nəticələr yarada biləcəyinə gəlincə isə, M.Talıblı bildirdi ki, hər şeydən öncə ölkə iqtisadiyyatında işgüzar aktivlik artırmalı, biznesin maneəsiz inkişafı üçün münbit şərait yaradılmalıdır: «Düzdür, dövlət qurumlarının bazara çıxardığı dollar satışı da dollar tələbinin çox da yüksək olmadığını göstərir. Amma bütün mənalarda açıq görünən odur ki, həm manata, həm də dollara tələbin azalması baş verir. Bu bazarda işgüzar aktivliyin aşağı düşməsindən daha çox qaynaqlanır».
M.Talıblı onu da bildirdi ki, manatın kütləsi artsa dolların dəyəri daha da yüksələcək. «Manat kütləsi ilə dollar monetar nisbətini saxlamaqla manatın dəyərsizləşməsinin qarşısı alınır», deyə M.Talıblı vurğuladı.
Xəyal


