Bildiyiniz kimi, Bakı, Sumqayıt və digər şəhərlərdə avtomobildən istifadə etmək getdikcə daha da çətinləşir. Tikilən yeni körpülər də kara gəlmədi. Hətta deyərdim ki, vəziyyəti daha da qəlizləşdirdi. Səbəblər müxtəlifdir. Mən şəhərli deyiləm və şəhərdə də yaşamıram. Ancaq onu deyə bilərəm ki, bir rayonlu olaraq şəhərdə, xüsusilə də Bakı şəhərində yaşayanların halına acıyıram…
Müalicə və müayinələrimlə bağlı şəhərə getməmişdən bir həftə əvvəl dərd məni alır. Məlumunuzdur ki, “qara” camaatın nə şəxsi avtomobil almağa, nə də taksidən istifadə etməyə imkanı yoxdur. Avtobuslarda nələrlə üzləşəcəyimizi bildiyimiz halda, yenə də ondan istifadə etməyə məcbur qalırıq. Təbii ki, ilk qarşılaşacağımız mənzərə ağzına qədər dolu marşrut və inadla “hələ yer var, bir az da sıxlaşın” bağıran sürücü olur. Söhbətimin “mustafa”sı bu deyil, əsla. Bunları hər bir azərbaycanlı bilir və sıxlaşmaqdan bütün Azərbaycan xalqının necə canbir qəlbdə olduğunu da hamımız bilirik. Bir təklifim var və düşünürəm ki, doğrudan da, işə yarayan bir təklif olacaq. Təklif edirəm ki, bir çox xarici ölkələrdə olduğu kimi, bizdə də avtobuslara təhlükəsizlik kəməri yerləşdirilsin. Daha doğrusu, avtobuslardan təhlükəsizlik kəmərləri “bunu hökumət artıq qoyub” adıyla çıxarılmasın (xaricdən yeni gətirilmiş avtobuslar təhlükəsizlik kəməri ilə gəlir). Nəyə görə normal avtomobillərdə təhlükəsizlik kəmərindən istifadə etməyənlər cərimələnir, avtobuslarda yox? Normal avtomobillərdə dörd, sərnişin avtobuslarında isə onlarla insan əyləşir və onlarla insanın həyatı təhlükə altına qalır. Sözü gedən qanun bizdə də qüvvəyə minsə, inanın ki, nə ayağı üstə yol gedən yaşlı, hamilə qadın və əlil görərik, nə də “bir az da sıxlaşın, hələ yer var” deyən sürücü. Belə olduğu təqdirdə, ən azından marşrutlarda “ona niyə yer vermədin” qınağından qurtularıq. Niyə də olmasın? Almaniya və bir çox ölkələrdə “hava metrosu” ola bilir, bizdə bu labüd qanun qüvvəyə minə bilmir?
Mən burdan heç bir iş görmədən ayda iki-üç min manat maaş alan millət vəkillərinə səslənirəm. Kazino gəlirlərindən büdcəyə xeyir gəlməz. Həmvətənlərimizin xaricdə deyil, öz kazinolarımızda uduzub, xeyri özümüzə verməsini təklif etməkdənsə, milli məclisdə bu məsələni qaldırın. Heç olmasa, sizin da xalqa xeyriniz dəymiş olar...