Azərbaycan əhalisinin neçə faizi xəstəliklərdən əziyyət çəkir?
Aprelin 29-da ölkə başçısı Ilham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak etdi. Ölkə başçısı açılış zamanı əhalinin sağlamlıq faizi ilə bağlı elə rəqəm səsləndirdi ki, bütün ölkə şoka düşdü.
“Bir neçə ildir ki, mənim göstərişimlə ölkə üzrə dispanserləşdirmə aparılır, insanların müayinədən keçməsi işləri lazımi səviyyədə görülür. Bu il 5 milyona yaxın insan müayinədən keçibdir və mənə verilən məlumata görə, onların 91 faizi tam sağlamdır” – deyə ölkə başçısı bildirib. Aydın şəkildə görünür ki, ölkə başçısının səsləndirdiyi rəqəm “xəstələnib” və bu məqama ötən sayımızda münasibət bildirmişdik. Yazmışdıq ki, xəstəxanalarda, apteklərdə növbədirsə, yüz minlərlə insan müalicə üçün Irana, Gürcüstana gedirsə, heç bir halda 91 faizlik sağlamlıqdan danışmaq olmaz.
Amma ölkə başçısının əsassız optimizminə, qeyri-real arqumentinə rəqəmlərin dili ilə də cavab vermək istədik. Təbii ki, bu da tam siyahı deyil və ölkəmizdə dəqiq sayı bilinməyən onlarla xəstəliyin daşıyıcıları var.
Əvvəla qeyd edək ki, Azərbaycanda 400 minə yaxın insan əlilliyə görə pensiya alır. Yəqin ölkə başçısı da razılaşar ki, əlil adamı sağlam hesab etmək olmaz.
Səhiyyə Nazirliyinin 2014-cü ilin sonuna olan məlumatına görə Azərbaycanda 40000-dən artıq onkoloji xəstə var.
QIÇS-lə Mübarizə Idarəsinin məlumatına görə 2014-ci ilin 1 dekabr tarixinə qədər IIV infeksiyası təsdiq olunmuş 5000 nəfər rəsmi qeydiyyata götürülüb.
Son məlumatlara görə Azərbaycanda 200 minə yaxın şəkərli diabet xəstəsi var. Dövlət Statistika Mərkəzindən verilən məlumata görə ölkədə 12000-ə yaxın vərəm xəstəsi var.
Rəsmi məlumata görə ölkədə 4000-dən artıq talassemiya xəstəsi var. Hemofiliya xəstələrinin sayı isə 1500 nəfərdən artıqdır. Ümumiyyətlə, ölkə əhalisinin hər 9 nəfərindən biri talassemiya xəstəliyinin daşıyıcısıdır.
2013-cü ilin məlumatına görə ölkədə 125 minə yaxın insana psixi xəstə diaqnozu qoyulub. Rəsmi məlumata görə ölkədə 2000-dən artıq insan hemodializ xəstəliyindən əziyyət çəkir.
Yuxarıda da qeyd etdiyimiz kimi bu rəqəmlər daha çox yayılmış xəstəliklərlə bağlı olna məlumatlardı. Amma ölkədə xeyli sayda astma xəstəsi, hepatitli xəstələr, sümük boşluğundan əziyyyət çəkən xəstələr, mədə-bağırsaq xəstələri, ürək xəstələri və digər xəstəliklərin daşıyıcıları var.
Hesablamalara görə dünya əhalisinin yalnız 4 faizi heç bir xəstəlikdən əziyyət çəkmir. Hətta dünyanın ən inkişaf etmiş, əhalisinin yaşayış vəziyyəti ən yüksək səviyyədə olan, nümunəvi səhiyyə sistemi olan ölkələrdə də Ilham Əliyevin təqdim etdiyi rəqəm mövcud deyil.
Bir sözlə, yuxarıda bir neçə xəstəliyə istinad eməklə göstərmək istədik ki, Ilham Əliyevin səsləndirdiyi rəqəm arzudur, reallıq deyil.
Samir