xanbahadir@mail.ru
Demokratik dünyada geniş yayılmış prinsiplərdən biri belədir: “Xalqın bilmək hüququ var”. Bizim bəyənib- bəyənmədiyimizdən asılı olmayaraq superdövlət olaraq tanınan Amerika demokratiyası sözügedən prinsipə çox bağlıdır. Amerikanın superdövlətə çevrilməyində də sözügedən prinsip böyük rol oynayıb, oynayır. Demokratik dünya AÇIQ dünya deməkdir. Açıq dünya xalqın bilmək hüququnun qarantiyalandığı dünyadır. Açıq dünyanı AÇIQ sistemlər “AÇIQ hökumətlər” AÇIQ rejimlər yaradır. Istər iç, istərsə də dış politikalarda xalqın bilmək hüququna sayğıyla yanaşılır – bu da demokratik rejimlərdə olur. Demokratik rejimlər QANUNÇULUĞA söykəndiyindən bu rejimlərdə jurnalistika geniş qol-qanad açaraq gerçəkdən DÖRDÜNCÜ hakimiyət görəvlisi olur!
Azərbaycanı uzun illərdən bəri IŞĞAL etmiş əliyevçi diktatura rejimində siz bu deyilənlərin birini də görə bilməzsiz. Burada başlanğıc qanunsuzluq, sonrası qanunsuzluğun doğurduğu görsənişlərdir. Baxın, qanunsuzluq rejimi yaradanlar, bu rejimin başında duranlar elə hey qanunçuluqdan danışır, bu yöndə çeşidli “qanunçuluq” qurumları yaradırlar: Antikorrupsiyadan tutmuş “Asan xidmət”ədək. Sonuc necə olur? Çox keçmədən bunlar özləri də siyasi sistemin doğurduğu korrupsiya bataqlığına batır. Korrupsiya rejiminin başında duran xalqı, dünyanı aldatmaq üçün elə hey qanunçuluqdan danışır, ancaq ölkədə durmadan qanunçuluq sınırları daralır, qanunsuzluq sınırları genişlənir – balıq başdan iyləndiyi üçün!
Korrupsiyaçı diktatura rejimlərinin ən böyük yağısı özgür-demokratik jurnalistikadır. Buna görə əliyevçi rejim o başdan bu başa özgür-demokratik jurnalistika ilə barışmaz savaş durumundadır. Burada jurnalistlər öldürülür, döyülür, tutulur, gizli-açıq, administrativ, ekonomik metodlarla yaşayış-dolanışıq dözülməzliyi ilə üzləşdirilir. Bütün diktaturalar kimi əliyevçi diktaturanın da yuxarıda deyilənlərə “alternativ” metodu var: jurnalistləri satınalma metodu. Azərbaycan varlı ölkə, əliyevçi rejim yetkililəri çox bacarıqlı oğrular olduqlarından geniş satınalma yoluyla bizdə jurnalist, jurnalistika oğurluğu çoxdan sistem xarakteri alıb. Istər ölkə, istərsə də dünya gerçəklərinin xalqdan gizlədilməsi üçün dövlət başçısı başda olmaqla güclü komanda işi görülür – gerçəkləri xalqdan gizlətməyə yönəlik komanda işi! Satın ala bildikləri jurnalistləri “prezidentin, dövlətin qayğısı” ilə yetərincə barındırırlar. Korrupsiya-repressiya rejiminə satılan, bu rejimin əlaltısına çevrilən YALAN jurnalistləri əldə-ovucda saxlanırkən GERÇƏKÇI jurnalistlər çeşidli repressiyalarla üzləşdirilir. Beləliklə, OĞRU rejim özünün ÖĞRU jurnalistikasını yaradır; bu, gerçəyi oğurlayıb-gizlətməklə xalqa yalan sırıyan jurnalistikadır. Azərbaycan bu gün başdan-başa belə bir jurnalistika içindədir – qəzetlərdən, saytlardan, televiziyalaradək. Qəzetlər, saytlar, televiziyalar əliyevçi diktatura rejiminiin polis-prokurorluq-məhkəmə orqanları ilə yanaşı duran, birgə addımlayan gücləri sırasındadır.
Diktaturanın başlıca özünüqoruma prinsiplərindən biri BAŞQA düşüncəyə yol verməmək, BAŞQA düşüncə yiyələrinin say artımını önləməkdir. Metod dəyişməzdir: repressiya, satınalma. Ancaq, bu klassik metod çağdaş dünyada sonadək işləklik qazana bilmir: bir yandan demokratik dünyanın basqıları, o biri yandan Internet, Feysbuk öz işini görür – bu üzdən də özünün, prezidentin ailəsinin əliyevçi rejim dönəmində “malik olduğu” çoxsaylı şirkətlərlə, bu şirkətlərldən gələn milyardlarla “fəxr edən” prezident köməkçisi Əli Həsənov çıxılmazlıqdan belə çıxışda bulunmalı olur: “Nə qədər ki, dünyada jurnalistikanın VAHID DAVRANIŞ KODEKSI müəyyən olunmayıb, jurnalistika subyektiv maraq daşıyıcısı olmaqda davam edəcək. Elə etmək lazımdır ki, BBC, CNN və Azərbaycandakı media orqanında çalışan jurnalistlər vahid prinsipdən, kodeksdən məsələlərə yanaşsınlar”. Jurnalistikaya yanaşmaya baxın: bunlar dünya jurnalistikasını əlaltı AzTV-ANS jurnalistikasına dönüşdürmək istəyirlər! Qanunauyğunluqdur: Ilham Əliyev kimi prezidentin Əli Həsənov kimi də köməkçisi olmalıdır!!