Haram qazancmı, oğurluqmu?..

saadet-cahangir-koseSəadət Cahangir

Ölkədə maaşı 2200 manatdan yuxarı alan bir deputat hesab edir ki, 220 manat alan ziyalı onunla rahat dolana bilər. Hətta bundan daha aşağı təqaüd alan Qarabağ qazisi və ya yaşlı bir insan da. Yəqin buna görə deyiblər ki, ədalət topaldır. Əyri yollarla haqq etmədiyi yerlərə gedib çıxanların ədalət tərəzisi elə belə də olar. Inanın, ölkədə naxışı “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” məsəlinə uyğun gələnlərin hamısı belədir. Onların kölgələri gözlərinə elə böyük görünür ki, özlərindən qat-qat zəkalı, intellektual, bacarıqlı, istedadlı insanları qat-qat  aşağı görürlər. Hələ başqalarına bəyənməzliklə “mənim səviyyəm deyil” söhbəti edənləri də eşidirik ara-sıra. Bir doğru-dürüst səviyyə ölçən cihaz olsaydı, adamlar özlərinin hansı quyunun dibində olduqlarını gözləriylə görüb kiriyərdilər, heç olmasa. Görünür, bu haram çox namərd şeydir, əli toxunanı yolundan azdırıb, havalara uçurur. Bəzən elə uçurur ki, harınlayıb Allahlıq iddiasına düşənləri də olur. Amma onların çox uzaq gedəcəyini də düşünüb qəmlənməyə dəyməz. Hansı nöqtədəsə şişib qalxdıqları yerdən təpəsi aşağı çırpılacaqlar yerə…

Uşağının ciddi xəstəliyi olan bir müəllim yaxınım danışırdı ki, üç seçkidir gənə kimi rayonun canına yapışan deputatın qəbuluna gedib, əməliyyat üçün yardımçı olmasını istəyib. Bu qabiliyyət dərəcəsi səviyyə ölçənin sıfırında duran deputat deyib ki, “mənim elə imkanım yoxdur sizə kömək edim, amma maaş alanda bir az yardım göstərərəm”. O xanım da qapını çırpıb çıxıb. Deyib ki, “sizin sədəqənizə qalmamışam, seçki kampaniyasında gəlib söz vermişdiniz, kimin problemi var, dəstək olacaqsınız, mən də yardımçı olacağınızı düşünüb gəlmişdim, gəlməz olaydım”. Rəhmətlik nənəm tez-tez deyərdi ki, siz ən çox sonradan görənlərdən qorxun. Deyəsən, onun dediyi gün, bax, elə bu gün imiş…

Əlbət ki, zənginlik gözəl şeydir, amma zəhmətdən varlanmaq başqadır, havadan varlanmaq başqa. Insanın insan olmasını şərtləndirən əsas amillərdən biri budur elə. Məşhur basketbolçu Hidayət Türkoğlu haqqında belə bir əhvalat oxumuşdum. Bir gün basketbolçu həyat yoldaşıyla Eminönündə gəzirmiş. Ayasofya, Sultan Əhməd, Topqapı sarayı, Gülhanə Parkı boyunca gəlib Yeni Məscidin önünə çatıblar. Orada qışqıra- qışqıra simit satan bir uşaqla qarşılaşıblar. Basketbolçu birdən dayanıb simitçiyə yaxınlaşıb: “Simitin neçəyədir, qoçum?” “300 min abi. Çıtır- çıtır ..” – deyir uşaq. Sonra aralarında belə bir dialoq yaşanır… “Dəzgahda neçə simit var?  ”70-80 dənə var hər halda”. “Hamısını alsam nə tutar?” “Hardasa 24 milyon.” “Al sənə 30 milyon. Fərz et ki, hamısını aldım…” “Sağ ol abi… Sağ ol …” Basketbolçu üç onluq çıxarıb simitçinin önünə buraxır. Həyat yoldaşı çaşıb qalır. Üç-beş addım sonra pıçıldayır: “Hidayət sən dəlimisən?” “Yooox …” “O zaman yemədiyimiz simitin pulunu niyə verdin?” “Boş ver, soruşma…” “Deyək ki, soruşuram. Həm də israrla soruşuram. ”Lövhənin kənarındakı yazı diqqətini çəkdimi?” “Yox”. “Baxsan, görəcəkdin. Taxtaya bir ad qazılmışdı”.  “Nə ad?”.  “Hidayət!” “Yoxsa?” “Bəli… O dəzgah köhnədən mənimdi…”

Fərqi görürsünüzmü? Zəhmət, bacarıq, ağıl, istedad sayəsində varlanmaq budur. Halal qazanc stimul və enerji qaynağıdır. O, insanı mütləq mənada çevrəsinə yardımçı olmağa sövq edir. Dərd də ondadır ki, bizdə halal varlanmanın yolları çox məhduddur. Ölkədəki mövcud inhisarçı sistemin şərtləri bacarıqlı və istedadlı insanlara heç bir imkan tanımır. Ona görə də, hər gün qarşılaşdığımız bulanıq mənzərə ilə üz-üzəyik on illərdir…