Çovdarovun Sərkisyan və “aşiq məmur” standartları

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

…Bayaqdan bazarlıq üçün fürsət gözləyən Nağı müəllimin (ad şərtidir – müəllif) bütün ümidləri suya düşdü və başa düşdü ki, general ona güzəştə getməyəcək. Getdikcə halı dəyişməyə başladı. Hətta bir anlığa ona elə gəldi ki, bu pulları daş daşımaqla qazanıb. Lakin müqavimət göstərmək yersiz idi, hiss edirdi ki, sükut bir az da davam etsə, general onu kabinetindən qovacaq. Üç  milyondan ötrü (məbləğ şərtidir – müəllif) el-aləmə biabır olmaq mənə yaraşmaz. Hələ prezidenti, nəvələrimi demirəm. Onların üzünə necə baxaram? Bu adam görəsən hamını çəkib? General sanki onun ürəyindəkiləri oxudu və hər şeyə nöqtə qoydu: – Siz özünüzü nə sanırsınız, biz Serj Sərkisyanın kabinetinə də bunlardan quraşdırmışıq, aldığı nəfəsdən belə xəbər tuturuq!..”

…Ola bilsin ki, bu kiçik fraqment hansısa bir yazıçının gələcəkdə Azərbaycan reallığından bəhs edən romanından bir parça olacaq. Və beləcə məhşur… “Sərkisyan bilməlidir ki, biz onun kabinetində nə etdiyini də bilirik” ifadəsinin üzərinə işıq salacaq. Hələlik məlum olan budur ki, milli təhlükəsizliyimizə cavabdeh olanlar, sən demə, illərdir  tamam başqa işlərlə məşğul olurmuşlar. Onlardan biri də  büdcəni çapıb-talayan harın məmurların kompromat sayıla biləcək dəqiqələrini lentə almaq imiş…

Xaricdə bir məmuru, eləcə də onun təmsil etdiyi komandanın sonunu gətirəcək kompromat bizdə adi bir şey sayıldığından çəkilən kadrlar çox fərqli bir şey olmalıdır.

Versiyalardan ən ağlabatanı, əlbəttə, məmurların gənc sevgililəri ilə intim videolar, daha dəqiq desək, onların bu kadrlarda özlərini necə aparması və başlarından yekə danışmasıdır. Çünki bu ölkədə sevgili saxlamaq, rüşvət və korrupsiyaya qurşanmaq, villa tikmək, xaricdə daşınmaz əmlak almaq, cinayət törətmək, məmur və onların övladları üçün  qəbahət sayılmır.

Yəqin ki, hamınız əlində bıçaq ofisiantı al qana boyayan general oğlunun görüntülərini izləmisiniz. Heç yarım il keçmədi ki, onu azadlığa buraxdılar. Oxşar misalları sadalasaq, bir neçə qəzet səhifəsi yetməz. Odur ki, keçək əsas məsələyə.

Bu yaxınlarda Rusiyanın keçmiş baş naziri Mixail Kasyanovla siyasətçi qadın Natalya Pelevinanın yataq səhnələri yayıldı. 59 yaşlı Mixail Kasyanov bir neçə dəqiqə ərzində qadına nələr vəd etmədi… Bundan ruhlanan qadın hətta onun tezliklə arvadından boşanmasına ümid etdiyini bildirdi. Kasyanov və Natalya bu bir neçə dəqiqə ərzində illərdir  çiyin-çiyinə mübarizə apardığı dostları haqqında ürəklərindən keçən ən iyrənc kəlmələri işlətdilər.  Ekspertlər belə hesab edirlər ki, bu müddət ərzində onlar danışmasaydılar, Kasyanov siyasətə qaldığı yerdən davam edə bilərdi…

Azərbaycandakı iri məmur oxşar vəziyyətdə və pozada məşuqəsinə nələr söyləyə, vəd edə bilər?.. Nəzərə alsaq ki, Eldar Mahmudov və onun sağ əli Akif Çovdarovu yalnız sərvəti on milyonlarla ölçülən məmurlar maraqlandırdı, bunu asanlıqla təxmin etmək olar. Çekistlərin daha bir handikapı isə… əksər qurbanlarının yaşlarının 60-dan yuxarı olması, başqa dildə desək, məşuqəyə verilən vədlərin əndazəni aşması idi.

Çox güman ki, yuxarıda təsvir etdiyim məmur məşuqəsinə, – “səni deputat edib, AŞ PA-da otuzduracam” deyib, başqa birisi sevgilisinə məhkəmə sədrliyi, digəri hakim, ZAQS müdiri, əməkdar artist.., məktəb direktoru və s.

Elə oradaca, daha dəqiq desək, Çovdarovun kameraları quraşdırılan otaqda da bunu necə edəcəklərini açıqlayıblar. Yəni başqa şeyin yox, dillərinin bəlasına keçiblər. Puluna minnət, deyərək neçə yüksək çinli məmura layiq olduğu sözləri, komplimentləri döşəyiblər…

Loru dildə desək, şanlı çekistlər quş buraxan məmurları çağırıb, onları həm ailəsinə, həm də təknəsindən çörək yediyi, “katyol”undan su içdiyi rejimə xəyanətdə suçlayıb, milyonlar tələb edirmişlər.

Sonda bu iyrənclikdə adı keçən keçmiş məmurun başçılıq etdiyi idarənin tikinti sektorunda çalışmış bir tanışımın mənə söylədiklərini sizinlə bölüşmək istəyirəm. O, 5 manatlıq sementin 16 manata, iki manatlıq mismarın isə 8 manata sənədləşdirildiyini deyəndə, düzü, inanmağım gəlməmişdi. Bundan başqa, oraya sadəcə fəhlə düzəlmək üçün azı min manat tələb olunurmuş…

Yəqin ki, söhbətin hardan getdiyini və oradakı tikintinin miqyasını təsəvvürünüzə gətirdiniz…

Bir gün Mahmudovla Çovdarovun bildiklərini bütün xalq biləcək. Buna kimsənin şübhəsi olmasın.

Şübhəli qalan Sərkisyanla bağlı videolardır. Kim bilir, bəlkə, Çovdarov ondan da nəsə alıb…