Məmmədyarov nələri gizli saxlayır?

 

elmar-memmedyarov-yeniGültəkin Hacıbəyli: «Belə bir şəraitdə nazirin Rusiyanın təkliflərinin arxasında nəyin dayandığını bilməməsi təəccüblüdür»

Zərdüşt Əlizadə: «Ermənistanın referendum tələbini qəbul etmək Qarabağı itirmək deməkdir»

Cəbhə xəttində vəziyyətin gərginləşməsinin fonunda aparılan danışıqlar maraq doğurur. Danışıqların detalları barədə məlumat verilmir. Tərəflərin verdiyi açıqlamalar isə qeyri-müəyyən təsəvvür yaradır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberq kimidir. «Hər kəs aysberqin üst tərəfini görür. Amma bunun aşağı tərəfi də var», deyə Elmar Məmmədyarov vurğulayıb.

E.Məmmədyarov vurğulayıb ki, Lavrov bəzi maraqlı fikirlər söyləyib. Təkliflər yenə də hamısı yenilənmiş Madrid prinsipləri əsasındadır: «Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir”.

Hazırda əsas sual olunan məqam bundan ibarətdir ki, aysberqin görülməyən tərəfi nədən ibarətdir? Azərbaycanın ziyanına olan «Madrid» prinsiplərindən  Ermənistan niyə imtina edir?

gultekin-hacibeyli1

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, E.Məmmədyarov etiraf edir ki, Rusiyanın təkliflərinin arxasında nələrin dayandığını bilmir. G.Hacıbəylinin sözlərinə görə, ola bilər ki, E.Məmmədyarov bunu bilməsin. Amma Azərbaycanın geniş ictimaiyyəti, vətənini, millətini sevən hər bir azərbaycanlı bilir ki, Rusiya Ermənistanı Cənubi Qafqazda yaradan bir ölkədir: «Ermənistan Qərbi Azərbaycan torpaqlarında məhz Rusiya imperiyasının zorakı siyasəti nəticəsində, ermənilərin İrandan və Türkiyədən köçürülməsi nəticəsində yaranıb. Hər bir azərbaycanlı bilir ki, «20 Yanvar» facisini, Xocalı soyqırımını da ermənilərlə birlikdə Rusiya törədib.  Eyni zamanda hər bir azərbaycanlı gözəl bilir ki, Qarabağın işğalında Rusiyanın işğalı danılmazdır. Əgər Rusiya faktoru olmasaydı, Ermənistan Azərbaycanın bir kəndini belə işğal edə bilməzdi. Aprelin əvvəlində baş verən döyüşlərdə biz Azərbaycan ordusu ilə Ermənistan hərbiçilərinin gücünü müqayisə edə bildik. Bir daha bəlli oldu ki, vətəni üçün canından keçməyə hazır olan Azərbaycan əsgərinin torpaq sevgisi qarşısında ermənilər acizdir».

G.Hacıbəyli vurğuladı ki, Qarabağ və ətrafındakı 7 rayonu ermənilər məhz Rusiya faktoruna görə işğal edə bilib. G.Hacıbəyli qeyd etdi ki, belə bir şəraitdə də E.Məmmədyarovun Rusiyanın təkliflərinin arxasında nəyin dayandığını bilməməsi təəccüblüdür. Rusiyanın verəcəyi təkliflərin bir qayda olaraq ən birinci Rusiyanın, daha sonra isə  Ermənistanın maraqlarına xidmət edən addımlar olduğunu deyən G.Hacıbəyli qeyd etdi ki, burada məqsəd Rusiyanın Cənubi Qafqazda daha da möhkəmlənməsinə xidmət edir: «Rusiyanın təklifləri hər iki ölkəni özündən daha da asılı vəziyyətə salmağa xidmət edir. Həmin təkliflərin anna xəttini Rusiya sülməramlılarının bölgəyə yerləşdirilməsi təşkil edir. Yalnız bu halda Rusiya Azərbaycana qayıdacağı halda özünün regionda uzun müddətli iştirakına təminat ala bilər. Ona görə bu təkliflər Azərbaycanın mili maraqları ilə ziddiyyət təşkil edir. Bu günün özündə belə dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, erməni qoşunlarının ərazilərimizdən çıxmasını tələb etdiyi halda Rusiya bu günə qədər buna bənzər addım atmır və Ermənistanın mövqelərini müdafiə edir».

z_elizade

 

Politoloq Zərdüşt Əlizadə Azadlıq Radiosuna açıqlamasında qeyd edib ki, Ermənistan tərəfi işğal altındakı rayonların boşaldılması  ilə Dağlıq Qarabağda referendum keçirilməsi arasında elə də zaman fərqi tanımaq istəmir: «Azərbaycan tərəfi  öncə erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını tələb edir.  Yəni “sən qoşunları çıxar, referendum sonra ”. Referendumu necə keçirmək məsələsini  Azərbaycan öz səlahiyyətində saxlamaq istəyir”.
Z. Əlizadənin fikrincə, Ermənistanın referendum tələbini qəbul etmək Qarabağı itirmək deməkdir.

Politoloq  E. Məmmədyarovun “Rusiyanın yanaşması da aysberq kimidir, üzdə bir cür görünür, amma alt qatda tamam başqa şeylər olur ” fikirlərini də şərh verib: “Azərbaycan tərəfi Rusiyaya açıq deyə bilmir ki, bu problemi, bu fəlakəti sən yaratmısan, indi də sən idarə edirsən. Ona görə də, üstüörtülü eyhamlarla danışırlar. Həm də problemin həllinə Rusiyanın mövqeyi birmənalı deyil. Köhnə xalq məsəlində deyildiyi kimi “dovşana qaç, tazıya tut” deyir. Rusiya zahirən özünü problemin həllinə maraqlı tərəf göstərir. Amma əslində bunu etmək istəmir. Rusiyanın Ermənistana son davranışları bunu deməyə əsas verir. Rusiya Ermənistanın onu eşitmək istəməməsı səhnəsi qurub. Bu olanlar isə dekorasiyadır. Çünki Ermənistan Rusiyanın əlində yox,  cibindədir”.

Xəyal