Tiflisin dörd günü…

saadet-cahangir-koseSəadət Cahangir

Inanıram ki, Bakıda yaşayanların ən azı 95%-i bu şəhərə mənim qədər vurğundur. Bilirəm ki, dəyişkən havalarına, qarışıq iqliminə, dəlisov rüzgarlarına baxmadan, yüz illərdir insanlarımızdakı bu vurğunluq dəyişmir. Dünyanın hansı ucuna getsən, hansı gözəl yerlərini gəzib-dolaşsan, hansı heyranedici şəhərlərində dincəlsən, yenə bura maqnit kimi çəkir adamı. Nə qədər söküb-töksələr də, süni modernləşmə adı altında gözəlliyinə zərər versələr də, tarixi irsini rəndələsələr də, yenə çıxmaq imkansız Bakının sehrli cazibəsindən. Amma… Yəqin ki, çevrənizdə siz də tez-tez rastlaşırsınız dost-tanışınızın “Bakıdan kənara çıxanda elə bil adamın üstündən ağırlıq götürülür” gileyi ilə. Görəsən, nədən çox sevdiyimiz bu şəhərdən çıxınca, bənzər fikirlər keçir hamımızın ağlından, heç düşündünüzmü? Elə mən də 4 günlük Tiflis səyahətimlə bağlı təəssüratlarımı o üzdən paylaşmaq istədim. Inanıram ki, sizin üçün də maraqlı olacaq və bu suala aydınlıq gətirəcək…

Bakı hava limanında yoxlamalar xeyli ciddidir. Bununla bağlı heç bir iradım yoxdur, əksinə, alqışlayıram. Özüm uzun illərin uçuş tarixində xüsusi bir haqsızlıqla üzləşməsəm də, burada gömrük yoxlamaları ilə bağlı daim narazılıqlar olur. Belə görünür ki, yoxlama zamanı böyük baqajla gedib-gələn insanlar daha çox incidilir. Hələ mən bunu köhnə tarixin şahidlərinə istinad edərək deyirəm. Bir illik iqtisadi böhrandan sonra durum daha ağırlaşıb. Qiymətlərə gəlincə… Uçuşda bir qayda olaraq, “Azal”a üstünlük versəm də, başından bəri şirkətin qiymətlərinin baha olduğu qənaətindəyəm. 120 manatlıq maaş cədvəlinə qol çəkən Azərbaycan insanı üçün bu qiymətlər həqiqətən çox bahadır. Yeni qaydalar vəziyyəti bir az da gərginləşdirib. Daşımaq istəmədiyin əl baqacının çəkisindən asılı olmayaraq, ən azı 20 Avro ödəməlisən. Tiflis səfərində yol yoldaşımın təhvil vermək məcburiyyətində qaldığı 8 kq-lıq baqaja görə o məbləği aldılar. Mənə isə 6 kq-lıq əl çantasına görə “həcmcə böyükdür” iradı tutuldu. Allah xatirinə, illərdir məhz bu çantada 20-22 kq-lıq yüklə gedib-gəlirəm, indimi yadınıza düşdü onun həcmli olması? Biletlərə daxil olan başqa bir dəyişikliyi də yəqin özünüz bilirsiniz. Aldığınız biletlə daha təyyarədə əvvəlki kimi yemək xidməti təqdim olunmur. Könlü istəyən əlavə haqq ödəyib, yemək sifariş verə bilər… Tiflis hava limanında isə kimsəni incidəcək bir şey yox. Yoxlamaları 15 dəqiqəyə keçirik. Geri dönəndə isə bir az da ağırlaşmış əl baqajımıza “gözün üstə qaşın var” deyən belə olmur…

Paytaxt Tiflisin özünə gəlincə. Bakı “modernləşmə” və bəzək-düzək baxımından Tiflislə müqayisəolunmazdır. Amma çariça Tamaranın başı göylərə dəyən heykəlinin yanında dayanıb baxanda, şəhər havadan asılmış qədim miniatürlər kimi görünür. Qədim abidələr, tarixi yerlər, kilsələr… Relyefi də möhtəşəmdir. Ilk təəssüratdan hiss olunur ki, şəhər yüz illərdir öz havası ilə nəfəs alır. Onu boğan, tozlandıran, boyayan, yonan, qaşıyan yoxdur. Köhnəliksə, bu “köhnəlik” daha gözəl deyilmi? Insanı qısqandıran bir şeydir, əslində. Axı onlar necə bacarıblar tarixi irslərini bu qədər həssaslıqla qoruyub saxlamağı? Hələ sovetlər zamanında bizə kirovların, şaumyanların heykəlləri sırınanda, çariçanın o nəhəng heykəlini necə ucalda biliblər şəhərin ən mərkəzi yüksəkliyində? Bax, bu gün qazandıqları azad, rüşvətsiz, demokratik cəmiyyətin sirrini də o nöqtədə axtarmaq lazımdır. Gürcülər tarixlərinə, milli kimliklərinə, dəyərlərinə bizdən qat-qat artıq dərəcədə sahibləniblər. Bunun ənənələri bünövrədən belə qoyulub və bu gün də elə beləcə davam edir…

Sözün həqiqi anlamında, zövqlü bir səfər oldu. Aydındır, Tiflis Bakıyla müqayisədə kasıb şəhərdir, parlaq restoranları, əyləncə mərkəzləri, böyük ticarət salonları, filanı yoxdur. Bazarlıq və yemək qiymətləri də orta sayıla bilər. Amma orda insanın içinə hopan bir təmizlik havası var. Insanlar bir-birini incitmir. Tıxaclar olsa da, yollarda polis yox, taksi qiymətləri münasib. Şəhərdə turist qaynayır. Xülasə, problem şəhərlərin, məkanların, yerlərin problemi deyil. Problem onu idarə edən, qayğısına qalan, keçmişini qoruyub gələcəyə ötürən insanlardadır. Yoxsa insanın sevdiyi, bağlı olduğu, cazibəsindən çıxa bilmədiyi bir şəhər onu niyə sıxsın ki?..