Hal şahidi Zahidovların məhkəməsində: «Anam ölüb, «lomka»dayam…»
“Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahidin tənqidçi fəaliyyətinə görə şərlənərək həbs olunan qohumları – qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun məhkəməsi davam edir. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsidir.
Dünənki məhkəmə iclasında DIN-in Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşı Fərid Əliyev, eləcə də hal şahidləri Sakit Ələkbərov və Elçin Kərimzadə şahid qismində dindirilib.
Fərid Əliyev iddia edib ki, onlara Rüfətdə narkotik maddə olduğu barədə məlumat daxil olub və həmin məlumat əsasında əməliyyat keçirib onu saxlayıblar: “Rüfət Zahidov kafeyə gəlib idarə etdiyi yük maşınını orada saxlayaraq kafeyə daxil oldu. 15 dəqiqədən sonra oradan çıxanda özümüzü təqdim edərək onu idarəyə apardıq. Idarədə iki nəfər hal şahidinin iştirakı ilə üzərinə və avtomobilə baxış keçirtdik. Avtomobilin salonundakı şitin altındakı saxlanc yerindən bir ədəd bükülü aşkar edildi. Üzərinə baxış keçirilərkən şalvarının cibindən şəffaf sellofan büküm aşkar edilərək götürüldü”.
“Kişi kimi düzünü de…”
Şahid polis vəkilin suallarını cavablandırarkən əsəbiləşib, səsinin tonunu yüksəldib. Bu səbəbdən də onunla vəkil Bəhruz Bayramov arasında mübahisə yaranıb.
Dindirmə zamanı Rüfət Zahidovun saxlanılması, guya, üzərindən narkotik tapılması, protokol tərtib olunması, narkotikin ekspertizaya göndərilməsi, rəy alınması və s. addımlara sərf olunan vaxtla bağlı polisin dediklərində ziddiyyətlər yaranıb.
Fərid Əliyev digər vəkil Tahir Xanəliyevlə də mübahisə edəndə hakimlərdən biri dözməyib və ondan məhkəmədə özünü etik aparmasını tələb edib. Bundan sonra polis sakitləşib.
Fərid Əliyev dindirmə, sənədlərin tərtibi zamanı orada vəkilin iştirak etdiyini desə də, Rüfət Əliyev onun dediklərinin yalan olduğunu bildirib. Qeyd edib ki, orada vəkil olmayıb. Müdafiəçi axşam saat 9-10 arası gəlib.
Vəkil Tahir Xanəliyevin Rüfət Zahidov saxlanılarkən yanında başqa kiminsə olub-olmaması barədə sualına şahid “Heç kim yox idi” cavabını verib. Rüfət Zahidov tutularkən yanında iş yoldaşı Vəfa Poladovanın olduğunu bildirib.
Bu zaman Rövşən Zahidov şahidə üzünü tutaraq, “Şamaxı Rayon Polis Şöbəsində sən də var idin. De, orada mənim necə boynuma qoymaq istəyirdilər?”, – deyə bildirib. Şahid isə Şamaxı Rayon Polis Şöbəsində olmadığını deyib. Rövşən Zahidov polisin yalan danışdığını, onun da müstəntiq Ilqarla birlikdə Şamaxıya gəldiyini bildirib: “Kişi kimi düzünü de…”
“Bu adam polisin kabinetinə girib-çıxırdı…”
Bundan sonra məhkəmə iclasında 5 dəqiqəlik fasilə elan edilib. Fasilədən sonra taksi sürücüsü işləyən Sakit Ələkbərov şahid qismində dindirilib. O, vəkilin sualına cavab olaraq əvvəl Rüfət Zahidovun əllərində qandal olmadığını, yuxarı çıxanda isə qollarında qandalı gördüyünü, üstündə axtarış aparılarkən qandalın açıldığını deyib. Hal şahidi qeyd edib ki, protokolu oxumadan imzalayıb.
Bu hal şahidi polislərlə heç bir münasibəti olmadığını desə də, Rüfət Zahidov onun yalan danışdığını bildirib: “Məni saxladıqları kabinetə – Surxay Əliyevin kabinetinə girib çıxardı, narkotik istəyirdi. Surxay da ona verirdi”.
“Elə bil mən şərəfsizəm, üzə dururam”
Digər hal şahidi Elçin Kərimzadə ətraflı ifadə verib. Vəkil Bəhruz Bayramov bu şahidin hazırılıqlı gəldiyini deyəndə Elçin Kərimzadənin reaksiyası belə olub: “Hazırlıqlı deyiləm. Anam rəhmətə gedib. Lomkadayam. Qanım qaradır”.
Vəkil:
– Lomkadasız? Hörmətli məhkəmə, deyir, “lomkadayam”.
– Sən nə deyirsən eee. Hakim oturub burda…
– “Sən” yox, “siz”. Danışığına fikir ver. Lomkadadır!
Bu yerdə hakimlər şahidin əvəzinə vəkilə irad tutub.
Bu hal şahidi də Rüfət Zahidovun üzərinə baxış keçirilərkən orada vəkil görmədiyini bildirib. O həmçinin latın qrafikası ilə oxuya bilmədiyini, protokolu da oxumadan imzaladığını bildirib.
Əməliyyatın vaxtı ilə bağlı hal şahidlərinin ifadələri arasında ziddiyyət yaranıb. Vəkil bunu məhkəmənin diqqətinə çatdıranda şahidin reaksiyası belə olub: “Siz elə danışırsınız ki, elə bil mən şərəfsizəm, üzə dururam”.
Bu hal şahidi də Rüfət Zahidovun qollarının qandallı olduğunu bildirib.
Polisin vəkilə hücumu
Hal şahidi dindirildikdən sonra vəkil Tahir Xanəliyev fasilə zamanı məhkəmənin dəhlizində iş üzrə digər şahid, polis əməkdaşı Qasım Hüseynovun hal şahidlərini təlimatlandırdığını hakimlərin nəzərinə çatdırıb: “Ona iradımı bildirəndə mənə hücum etdi, məni təhqir etdi. O şahid mütləq dindirilməlidir”.
Polislərlə hal şahidlərinin telefon danışığı
Hakim isə artıq iş vaxtının bitdiyini bildirərək, onun dindirilməsini növbəti məhkəmə iclasına saxlayıb.
Vəkil Bəhruz Bayramov isə hal şahidlərinin polislərin öz adamları olduğu barədə məlumata malik olduğunu məhkəmənin nəzərinə çatdırıb və bu məsələnin araşdırılmasını istəyib: “Məndə olan məlumata əsasən, hal şahidləri ilə polis əməkdaşları Surxay Əliyev, Fərid Əliyev və Qasım Hüseynov arasında əvvəldən danışıqlar olub, əvvəldən razılaşdırıblar. Mən hamısının telefon nömrəsini aldım. Xahiş edirəm ki, aralarında olan danışıqların müəyyən edilməsi üçün onların istifadəçisi olduğu mobil operatorlara sorğu göndərilsin və iyulun 18-dən 25-nə qədər bu adamlardan gəlib-gedən zənglərin siyahısı alınsın”.
Hakim vəsatəti təmin edib.
Məhkəmənin növbəti iclası mayın 13-nə təyin olunub.
Xatırladaq ki, Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, xüsusən “Azərbaycan saatı” televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.