Suriyada barışıq pozulur, savaş bərpa olunur

suriyaBMT təcili müdaxilə üçün ABŞ və Rusiyaya çağırış etdi

BMT-nin Suriyaya ezam olunmuş xüsusi nümayəndəsi Staffan de Mistura danışıqları təcili xilas etmək üçün ABŞ və Rusiyanı ən yüksək səviyyədə müdaxiləyə çağırıb. BBC-nin məlumatına görə, Mistura atəşkəslə bağlı fevral ayında əldə edilmiş razılığın “yarımcan” olduğunu bildirib.

BMT Təhlükəsizlik Şurasının sülh prosesi ilə bağlı keçirdiyi brifinqdən sonra danışan Staffan de Mistura deyib ki, atəşkəs rejiminə baxmayaraq, son günlər Suriyada zorakılıq halları intensivləşib. Dünən hakimiyyət qüvvələrinin hospitala və Hələb şəhərindəki yaşayış binalarına endirdiyi zərbələr nəticəsində azı 20 dinc sakin dünyasını dəyişib.

“Ağ Dəbilqə” kimi tanınan mülki müdafiə könüllülərinin AFP xəbər agentliyinə verdiyi məlumata görə, ölənlər arasında uşaqlar və üsyançıların nəzarətində olan ərazidə çalışan yeganə uşaq həkimi də olub.

ABŞ və Rusiyanı əməkdaşlığa çağıran Mistura bildirib ki, hər iki prezidentin – Barak Obama və Vladimir Putinin mirası Suriyada sülh prosesinin uğurları ilə bağlıdır: “Fevral ayında hərbi əməliyyatların dayandırılması ölkəni tamamilə məhv olmaqdan qoruyub. Amma bu dağılma istənilən vaxt baş verə bilər. Son 48 saat ərzində hər 25 dəqiqədə 1 suriyalı öldürülüb, hər 13 dəqiqədə isə 1 suriyalı yaralanıb”.

Misturanın keçirdiyi brifinq münaqişənin əsas tərəfləri arasında baş tutan üçüncü danışıqdan sonra keçirilib. Sonuncu danışıqlarda keçid hökumətində prezident Bəşər Əsədin rolunun müzakirə olunması ilə bağlı suala cavab olaraq cənab de Mistura bildirib ki, tərəflər hansı işi kimin görəcəyi ilə bağlı adları çəkmədən hazırkı idarəetməni necə dəyişmək haqda müzakirə aparıb.

Iyul ayına qədər danışıqların daha iki dəfə keçirilməsi planlaşdırılır.

Mistura qeyd edib ki, sonuncu danışıq hərbi əməliyyatların narahatlıq doğuran pisləşməsi fonunda baş tutub: “Biz bunu diqqətdən kənarda saxlaya bilmərik və saxlamamışıq da. Böyük müəssisələrdə bərabərlik və qadınların da eyni səviyyədə təmsil olunması yeni Suriya hökumətinə keçidin əsas məğzini təşkil edir. 2011-ci ildən Suriyada başlayan vətəndaş müharibəsində bugünə qədər 270 mindən çox insan dünyasını dəyişib, milyonlarla insan didərgin düşüb”.

Xəstəxana da daxil, mülki hədəflərə hücumlar nəticəsində onlarla adamın ölümünün ardınca BMT Suriyanın Hələb şəhərindəki vəziyyətin fəlakətli olduğunu bildirib.

Sərhədsiz Həkimlər Təşkilatının dəstəklədiyi əl-Qüds xəstəxanası və ətrafa endirilən hava zərbələri ən azı 27 adamın ölümünə səbəb olub. Daha 30 nəfər başqa ərazilərdəki həmlələrdə həlak olub. Zorakılıq humanitar missiyaların işini pozub.

BMT nümayəndəsi Can Egeland deyib ki, beynəlxalq yardımın çatdırılması baxımından qarşıdakı bir neçə gün həlledici ola bilər: “Hücumlar fevralın 27-də əldə olunmuş atəşkəsi təhlükə altına alıb”.

Əl-Qüds xəstəxanasına hücumun şahidlərindən biri hava zərbələri nəticəsində ətrafdakı binaların da zədələndiyini deyib: “Bu, Rusiyanın hava həmləsi vaxtı endirilən iki ağır raket zərbəsi idi. Xəstəxana yaxılnlığındakı 5 mərtəbəli bina çökərək darmadağın oldu, biz xarabalar altında neçə adamın qaldığını bilmirik”.

Könüllülərdən ibarət yerli mülki müdafiə dəstəsinin nümayəndəsi 4 raket zərbəsinin olduğunu bildirib.

Bundan əvvəl şahidlər MiG təyyarələrini gördüklərini  deyiblər. Suriyadakı Rusiya aviasiyası Sukhoy tipli təyyarələrə malikdir. MiG-lər isə Suriya hava qüvvələrindədir.

Suriya hökuməti isə əsasən kürdlərin yaşadığı Rmeylan şəhərinə ABŞ əsgərlərinin gəlməsini qanunsuz müdaxilə adlandırıb.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama IŞID-ə qarşı vuruşan üsyançılara dəstək məqsədilə bölgəyə 250 ABŞ hərbçisinin yerləşdiriləcəyini bildirib.