Zülmün gətirdiyi bəla

elnur-astanbeyliElnur As

elnurastanbeyli@gmail.com

Hardasa iki həftə öncə (13 aprel, 2016) Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin (DQIDK) sədr müavini Gündüz Ismayılov yetərincə maraqlı sayıla biləcək bir açıqlama verdi, amma nə yazıq ki, gərəkli reaksiyalara, təpkilərə səbəb olmadı bu açıqlama. Osa Ismayılovun dedikləri Əliyev rejiminin 23 illik “analoqsuz inkişaf siyasəti”nin Azərbaycanı hansı təhlükəli nöqtəyə gətirib çıxardığının rəsmi idi.

Sitat: “Təəssüf ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində məqsədli şəkildə milli kimliyimizi dini kimliyimizə qarşı qoyur. Digər problem odur ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində radikallıq meylləri yaranır, dünyəvi dövlətə qarşı çıxışlar meydana gəlir. Bu ”dindarlaşma” prosesinin gətirdiyi problemlərdən biri də ondan ibarətdir ki, ailə münasibətlərində, xüsusilə qadın hüquqları məsələsində müəyyən təhdidlər yaranır, bəzən qadın hüquqlarına qarşı çıxışlar olur”.

Ilk baxışda hakimiyyət nümayəndəsinin bu sözlərində yeni, gözlənilməz, təəccüblü, qeyri-adi heç nə yoxdur. Azərbaycanda dindarlaşmanın miqyası, onun radikal görsənişlərinin getdikcə artması göz önündədir. Toplumun ağlı başında olan kəsimi illərdir bu haqda həyəcan siqnalı çalır, ölkənin şəriət ab-havasına büründürülməyə çalışıldığını yüksək səslə hayqırır. Amma dinləyən kimdir, eşidən kimdir?!

DQIDK-nin sədr müavininin açıqlaması isə ancaq ona görə gərəkən təpkini, reaksiyanı görməli idi ki, yaranmış mənzərənin bir nömrəli baiskarının məhz hazırkı rejim olduğu açıqdır. Bir neçə çox sadə səbəbdən.

Gəlin həmin səbəblərdən bəzilərinə birgə göz ataq.

Bir: Azərbaycanda təhsil illər uzunu məqsədli şəkildə, bilərəkdən məhv edildi. Öncəliyi bilikli, savadlı, irəli görüşlü vətəndaşlar yetişdirmək olan məktəblər, məsələn, geriçiliyi simvolizə edən “şəxsiyyətə pərəstiş”in yuvasına çevrildi. Müəllim adı seçki saxtakarlığı, fondpulu, süpürgəpulu, 8 martpulu ilə assosiasiya olunmağa, beləcə, öz sayğınlığını itirməyə başladı.

Bununla da Azərbaycanda cəhalətin miqyası sürətlə böyüdü, kütləvi savadsızlıq yenidən meydan sulamağa başladı. Nəticədə falçılıq, cinçıxarma, ölüdiriltmə kimi cahillik görsənişləri artdı, elmə, bilgiyə inam sarsıldı, onun yerini yenidən pirlərə, seyid ocaqlarına inam tutdu, hətta Milli Elmlər Akademiyasının elmi işçisi olan bir zati-möhtərəm çıxıb hansısa ərəb müftisinin yerin fırlanmadığına dair sərsəmləməsinə qahmar çıxdı, başqa biri mələyin uçma sürətini hesablamağa girişdi. Mən hələ Suriyaya, Liviyaya cənnətə düşmək eşqi ilə döyüşməyə gedənləri nəzərdə tutmuram.

Qısası, təhsili yox etdikdən sonra onun yerini radikal dinçi baxışların tutmasından təbii nə var!

Iki: ölkədə elə bir haqsız, zülmkar düzən formalaşdı ki, insanlar ədaləti yerdə tapmağa ümidlərini itirdilər, göylərin ədalətinə sığınmağa başladılar. Siz insanların əlindən bu dünyada bütün maddi nemətləri alar, onu sahillərini hasarladığınız dənizə belə həsrət qoyar, təbiətin bu gözəlim məmləkətə lütfü olan zəngin yeraltı-yerüstü var-yatırlardan faydalanmaq, yararlanmaq  imkanlarından məhrum edərsinizsə, o insanların xoşbəxtliyi, firavanlığı başqa – qeyri-müəyyən bir dünyada axtarmaq istəməsi anormaldırmı?

Qısası, modern hüququn kökünü qazıdığınız bu ölkədə çoxluğun şəriət hüququna sığınması qədər adi, məntiqəuyğun nə ola bilər?

Son 10 ildə bu ölkəyə 100 milyard dolların üzərində neft pulu gəldi. O pulların xeyli hissəsi Azərbaycanı öz təbirinizcə desək, “idman ölkəsinə” çevirməyə xərcləndi. Biləyə bu qədər maya qoyulub biliyin gözardı edildiyi bir məmləkət indi yanlış təmayüllərin girovuna çevrilibsə, bunda hansısa gözlənilməzlik axtarmaq gülməlidir.

Azərbaycanın hər işdə olduğu kimi, aşırı (radikal) dindarlaşma məsələsində də bir nömrəli cavabdeh rejim özüdür, onun avtoritar, antidemokratik, çağdışı mahiyyətidir.

Önəmli not:

Dəyərli oxucu! Kiçik bir dəyişikliyə qərar verdim. Bundan sonra yazılarımı (istər bədii, istər publisistik mətnlər olsun, fərq etməz!) “Elnur As” imzası ilə yazacağam.

Bu kiçik dəyişiklik yazdıqlarımızın ruhunu, mahiyyətini, hədəfini dəyişməyəcək, əlbəttə!