Azərbaycanda son dövrdə sığorta fırıldaqları artmağa başlayıb. Cərimədən qurtulmaq naminə “təki avtomobilimin icbari sığortası olsun” deyənlər ucuz qiymətə icbari sığorta adı altında dələduzluq edənlərin qurbanına çevrilir. Artıq sadə sığorta fırıldaqları keçərsiz olduğundan sığorta dələduzları yeni üsullara əl atırlar. Ucuz satılan icbari avtomobil sığortası sürücüləri cəlb edir.Sürücülər aldadıldıqlarını qəza baş verəndən sonra anlayırlar. 15-20 manat ucuz alınan sığortanın fəsadını isə sürücülər qəza baş verəndən sonra yaşayırlar.
Ucuz sığortanın ödənişi olmaz
“Qarant Sığorta Agentliyi”nin rəhbəri Ramin Səmədov bildirib ki, son dövrdə avtomobillərlə və müştərilərlə bağlı məlumatlar təhrif edilərək saxta sığorta satılır. Sığorta dələduzları elan saytlarından avtombil sahiblərinin əlaqə vasitələrini götürürlər. Daha sonra onlara zəng vurub ucuz icbari sığorta təklif edirlər. R.Səmədovun sözlərinə görə, avtomobil sahiblərinin 50 %-I belə hallarla qarşılaşırlar. Belə fırıldaqçılar sığorta şirkətinin və rəsmi agentliyin qiymətlərindən ucuz icbari sığorta təklif edirlər. Avtomobil sahibləri isə ucuz olsun deyə icbari sığortanı onlardan alırlar. Amma aldadıldıqlarının fərqinə varmırlar. Problemlə üzləşəndə isə dərdini əvvəlki rəsmi agentliyə danışır.
Avtomobilin göstəricilərini kiçiltməklə saxtakarlıq edirlər
R.Səmədovun sözlərinə görə, belə sığorta dələduzları son dövrdə əsasən iki üsulla icbari sığortanı ucuz sataraq müştərini aldadırlar. Belə ki, icbari sığorta yazılarkən minik avtomobillərində mühərrikin həcmi, yük maşınlarında yükgötürmə həcmi, avtobuslarda isə oturacaqların sayı az göstərilir. Məsələn, 2.5 l həcmli mühərrik 2.0 l həcmli mühərrik kimi sistemə yazılır. Nəticədə bu avtomobil üçün 100 manat sığorta haqqı köçürülməli idisə, məbləği 75 manata kimi kiçildə bilir. Və üstəlik müştəriyə endirim etdiyini deyir.Bu məlumatlar isə sığorta blankında göstərilmədiyindən müştəri aldadıldığını başa düşmür.
Bir sürücünün Bonus-Malus endirimini 5 avtmobilə yazırlar
Bundan əlavə avtomobil sahiblərinin Bonus-Malus güzəştləri mənimsənilir. Belə ki, sığorta agenti icbari sığorta yazarkən onun Bonus-Malus güzəştlərinə diqqət yetirir. Bu sistemə əsasən bir il ərzində qəza törətməyən sürücüyə növbəti icbari sığorta yazılarkən 5 % endirim edilir. Əgər müştəri 4 il qəza törətmədən avtomobil idarə edibsə, bu zaman onun endirimi 20 % təşkil edir. Sığorta dələduzları da endirim yüksək olan belə avtomobilləri sığortalayarkən sürücünün şəxsiyyət vəsiqəsindəki PİN kodu özündə qeyd edir. və bu pin kod vasitəsilə güzəştləri az olan müştərilərə böyük endirim edə bilir. Məsələn, adi qaydada 5 % endirimi olan müştəri avtomobili 100 manata deyil 95 manata sığortalaya bilərdisə, bu saxtakarlıqla icbari sığorta ona 75-80 manata təklif edilir. Müştəri isə ucuz olduğu üçün həvəslənərək dərhal icbari sığortanı alır.
20 manata görə 4500 manatlıq ödənişini ala bilmir
Problemlər isə avtomobil qəzaya düşəndən sonra başlayır. Belə ki, hər iki halda avtomobilin göstəriciləri düzgün qeyd edilmədiyi üçün qəza baş verəndə sığorta şirkətləri ödəniş etməkdən imtina edirlər. Göstərilən səbəb isə ondan ibarət olur ki, mühərrikin həcmi kiçildilib, yəni müqavilədə saxtakarlıq var. Və yaxud endirimə görə müqavilədə sığortalı sürücünün deyil, başqa avtomobil sahibinin adı qeyd edilib.Məsələn, fevral ayında 20 Yanvar metrosunun yaxınlığında bir avtomobil qəzası baş verib. İcbari sığortalı “Mercedes E Class” avtmobilinin sahibi qəza törədib. Digər avtomobilə 4500 manata yaxın ziyan dəyib. Amma məlum olub ki, avtomobil sığortalanarkən sığorta agenti, icbari sığorta müqaviləsini böyük endirimi olan başqa avtmobil sahibinin adına yazıb.Sığorta agenti bu müştəri ilə yanaşı 4 sürücünü də ucuz sığorta adı ilə aldadıb.
Hər ay aldadılan 5-10 köhnə müştəri müraciət edir
R.Səmədov bildirib ki, ilin əvvəlindən etibarən ayda 5-10 köhnə müştəri aldadılması ilə bağlı onlara müraciət edilir. Amma müqavilədə məlumatlar təhrif edildiyi üçün sığorta ödənişi ala bilmirlər. Belə ki, belə hallarda sığorta şirkətləri sığorta ödənişi verməkdən imtina edirlər.
Sığorta şirkətləri aldadılanların pulu ödəməlidir
Sığorta ekspertləri isə hesab edirlər ki, şirkətlər belə ödənişləri verməkdən imtina etməklə qanunsuzluğa yol verirlər. Sığorta eksperti İlkin İbrahimov bildirib ki, “İcbari Sığortalar haqqında” qanunun 6-cı maddəsinə əsasən əgər tərəflər arasında, yəni sığorta şirkəti ilə avtomobil sahibi arasında müqavilə qüvvəyə minibsə, bu zaman sığorta ödənişi mütləq verilməlidir. Sığorta müqaviləsində saxtakarlığa yol verilib-verilməməsini artıq sığorta şirkəti özü araşdırmalıdır. Sığorta dələduzluğuna yol verən işçisini çıxarması və ya subroqasiya qaydasında dəyən ziyanı tələb etməsini ilə bağlı şirkət özü seçim etməlidir.
Aldadılan sürücülər nə etməli?
Bu şəkildə ucuz sığorta alan və sığorta dələduzlarının qurbanına çevrilmək istəməyən avtomobil sahiblərinə sığorta ekspertlərinin bir neçə məsləhəti var. Ekspertlər hesab edir ki, ucuz icbari sığorta alan sürücülər təcili olaraq sığorta şirkətinə müraciət edib, məlumatların düz olmub-olmadıqlarını yoxlamalıdırlar. Əgər sığorta müqaviləsində saxtakarlığa yol verilibsə, müqavilə yenilənməlidir.
Digər tərəfdən icbari sığorta ucuz qiymətə təklif edilirsə, onun Pin Kodunun yanlış qeyd edilməməsi üçün əldə yazılan sığorta blankı deyil, sistemə vurulandan sonra sığorta müqaviləsi printerdən çıxarılması tələb edilməlidir. R.Məmmədov bildirib ki, adətən Pin Kodla bağlı saxtakarlıqlar əllə yazılan blanklarda edilir. Sığorta agenti blanka düz, sistemə isə başqasının Pin Kodunu yazır. Amma sistemə vurulandan sonra müqavilənin tələb edilməsi halında belə saxtakarlıq etmək mümkün deyil.
Bütün bunlarla yanaşı, Ramin Səmədov “ucuz qiymətə avtomobil sığortası var” tipli zənglərin müştəridə şübhə yaratmalı olduğunu deyib. Əgər onun sürücünün xəbəri olmadan ona aid məlumatlar başqa sığorta şirkətinin əlinə keçibsə, bu artıq “həyəcan siqnalı” olmalıdır.

(fins.az)



