Şoyqu: «Biz müttəfiq və partnyorlarımızın arsenalında müasir silahların olmasında maraqlıyıq»
Üzeyir Cəfərov: «Zakir Həsənov Moskvadakı tədbirə qatılmamaqla Rusiyalı nazirin açıqlamasına əvvəlcədən cavab verib»
Rusiya müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən 5-ci beynəlxalq təhlükəsizlik konfrasında çıxış zamanı Ermənistanı müdafiə edib.
Şoyqu Ermənistan da daxil olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün üzvlərinin müasir silahla təmin olunmasına çalışdıqlarını deyib: “Biz müttəfiq və partnyorlarımızın arsenalında müasir silahların olmasında maraqlıyıq. Bizim addımlarımızın məntiqi çox sadədi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sərhədlərinin möhkəmləndirilməsi Rusiyanın möhkəmlənməsi deməkdir”.
Moskvadakı konfrans aprelin 27-28-i tarixlərində keçiriləcək. Qeyd edək ki, KTMT-ya Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Ermənistan daxildir. (modern.az)
Azərbaycanın müdafiə nazirinin müavinin iştirak etdiyi tədbirdə Rusiya müdafiə nazirinin bu cür açıqlaması maraq doğurur. Bu bəyanatı Azərbaycana mesaj saymaq olarmı? Digər tərəfdən isə onu nəzərə almaq lazımdır ki, Rusiya baş nazirin müavini Roqozin hər iki tərəfə silah satmağa hazır olduqlarını bəyan etmişdi.
Ekspert Üzeyir Cəfərov hesab edir ki, əslində Şoyqunun açıqlamasına cavab Azərbaycanın müdafiə nazirinin bu tədbirə qatılmaması ilə verilib. Bununla Azərbaycanın baş verən proseslərdə rolunu artıq rəsmi olaraq təsdiq etdiyini deyən Ü.Cəfərov vurğuladı ki, Rusiyanın təkidi olmasaydı, bəlkə də Azərbaycan artıq bir neçə rayonu erməni işğalından azad etmişdi: “Hazırda isə bir müddət əvvəl Azərbaycandan atəşkəsi bərpa etməyi xahiş edənlər özlərinə hörmət qoymur. Şoyqu açıq şəkildə bəyan edir ki, Rusiya KTM üzvlərinə silah satışını tam formada davam etdirəcək. Siyahıya baxanda bu təşkilata daxil ölkələrdən yalnız Ermənistanın silaha ehtiyac duyduğu görünür. Biz çox gözəl bilirik ki, Ermənistanın baş naziri Rusiyanın baş naziri ilə aprelin 7-də görüşü zamanı silah xahiş etmişdi. Ondan başqa Lavrovla görüşdə Sərkisyan silahlarının köhnə olmasından şikayətlənmişdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan müharibəyə daha hazırdır”.
Ü.Cəfərova görə, bir müddət sonra cəbhədə şiddətli döyüşlərin başlaması tam realdır. Çünki hazırda onun işartıları görünməkdədir: “Ermənistanın Tərtəri vurması artıq ciddi addımdır. Qarabağ müharibəsinin birinci dönəmində ermənilər bu cür həyasızlıq etmirdilər. Hazırda Ermənistan qadağan olunmuş silahlardan belə istifadə edir. Ona görə Azərbaycan yaxın zamanlar sülhə məcbur etmə əməliyyatına başlaya bilər”.
Xəyal




