Üzeyir Cəfərov: «Belə şeylərlə əsgərlərimizin son günlər xalqa yaşatdığı yüksək ruh yüksəkliyinə xələl gətirməsinlər»
Xəbər verildiyi kimi, ölkənin orta təhsil müəssisələrində müəllimlərin məvacibindən orduya yardım adıyla əlavə vəsait tutulur. “Azadlıq” radiosunun məlumatına görə, Qaraçuxur qəsəbəsindən, Gəncə şəhərindən bununla bağlı daxil olan şikayətlərdə vurğulanıb ki, müəllimlərin maaşlarından bəzən 1, bəzənsə 2 faiz pul tutulur.
Bu vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna yığıldığı bildirilsə də, müəllimlər buna inanmır. Gəncə şəhərindəki məktəblərin birinin müəllimi bütün məktəblərdə vəsaitlərin yığılmasına başlandığını söyləyib. O, hazırda bütün məktəblərdə maaşdan ən azı 2-3 manat yığılması kampaniyasının başladığını və həmin vəsaitin orduya dəstək məqsədilə edildiyini bildirib. Təhsil Nazirliyi bu təşəbbüsü pedaqoji kollektivlərdən gəldiyilə əlaqələndirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, silahlı qüvvələrin təminatı dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilir.
Doğrudan da, dövlət büdcəsindən orduya kifayət qədər vəsait ayrılıb və hərbi büdcəmiz hazırda Ermənistandan qat-qat üstündür. Eləcə də ehtiyat rezervlər var ki, sıravi şəxslərin məvacibindən pul tutulmasına ehtiyac duyulmur. Belə olan halda, kimlərisə könüllü adıyla orduya vəsait köçürməyə məcbur etmək nə qədər düzgün və orduya təminat deməkdir?
Hərbi ekspert Üzeyir Cəfərov bəzi “patriotlar”ın guya orduya kömək üçün müəllimlərin maaşından pul tutduğunu və onların belə addımla kimisə nəyəsə məcbur etməyə ixtiyarı olmadığını vurbulayır. Ekspert bunun mənəviyyat məsələsi olduğunu və Silahlı Qüvvələrə kömək etmək üçün insanların tam könüllü olaraq istənilən banka, poçt şöbəsinə istədiyi məbləği keçirə bildiyini deyir:
“Müəllimlərin adıyla orduya pul yığıldığını yaraşdırmıram və Təhsil Nazirliyinin bununla bağlı qəti göstəriş verməsini arzulayıram”.
Üzeyir bəy Silahlı Qüvvələrin bu gün heç nəyə ehtiyacı olmadığını, əsgərlərimizin geyim və ərzaqla ən yüksək səviyyədə təmin olunduğunu da bildirir. Yardım məsələsinə gəlincə, ekspert fərdi qayda ilə məcburiyyətin fərqli məsələlər olduğunu söyləyir. Ü.Cəfərov təəssüf ki, bu gün bəzi adamların özfəaliyyət və özbaşınalıqla məşğul olduğunu deyir:
“Belə şeylər etməsinlər. Əsgərlərimizin son günlər xalqa yaşatdığı yüksək ruh yüksəkliyinə xələl gətirməsinlər. Mən bunun qəti əleyhinəyəm. Müdafiə Nazirliyi bununla bağlı dəfələrlə bəyan edib ki, belə hərəkətlər etməsinlər. Lazım olsaydı, xalqa müraciət olunardı. Bəziləri pul, əlcək, corab, siqaret yığır. 90-cı illərdə ordu yeni-yeni yarananda buna ehtiyac vardı. Indi isə buna lüzum yoxdur. Inşallah, qələbə zəfərlərimiz olsun, insanlar bayramlarda istədiyi hədiyyəni özləriylə aparıb istədiyi əsgərə və ya zabitə sidq ürəklə, təmiz qəlblə təqdim edə bilər”.
Nigar