“Lazım”ın sülh masasındakı məğlubiyyəti

 

novruz_memmedovYaxud, Novruz Məmmədov niyə şikayətlənir?

Azərbaycan hakimiyyətinin sərgilədiyi xarici və daxili siyasət “alqışlara” layiqdi. Ölkəni o qədər böyük düyünə salıblar ki, özləri də içindən çıxmaqda çətinlik çəkirlər. Uzun illər şəxsi maraqlar dövlət maraqlarını “qapaz” altına salıb. Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Qarabağ məsələsində ədalətli mövqe sərgiləyən təşkilatlara və ölkələrə qarşı həmişə qaralama kampaniyası aparılıb.

Ona görə ki, bu təşkilatlar həm də ölkədəki korrupsiyadan, insan haqlarının pozulmasından, seçki saxtkarlığından danışıblar və hakimiyyəti tənqid ediblər. Bəli, hökumətimiz avtoritar idarəetməni davam etdirmək üçün dünya ilə münasibətləri soyudub və Qarabağın işğalına “yaşıl işıq” yandırmış Rusiyanın “çadır”ına sığınıb. Amma hər ötən gün bir daha təsdiqləyir ki, Qarabağ münaqişəsinin həllinə əngəl törədən Rusiyadır və sülh danışıqlarının heç bir mənası yoxdur.

“3 günlük müharibə” isə bu mənasız danışıqların altından daha bir qalın xətt çəkdi. Məlum oldu ki, Ermənistan nəinki 20 faiz torpağı, heç 1-2 yüksəkliyi də müharibəsiz geri qaytarmaq fikrində deyil.

Təbii ki, cəbhədə atəşkəsin pozulması ölkə daxilindəki ruh yüksəkliyini, ordumuzun əzmini ortaya çıxardı və ümumi həmrəylik yaratdı. Belə bir məqamda hökumət yenidən atəşkəsə tərəf qaçdı və cəmiyyətə yeni təsəllilər verməyə çalışdı. Gecə-gündüz təbliğat aparıldı ki, danışıqlar məntiqi sonluğuna çatır, işğal olunmuş ərazilər işğaldan azad edilir və s. Hətta həyasızcasına AXCP sədri Əli Kərimlinin evinin qarşısına hücüm çəkdilər, Əli Kərimlini uğurlu danışıqlara kölgə salmaqda ittiham etdilər.

Nəticə isə göz qabağındadır. Rusiyanın baş naziri Dmitri Medvedev münaqişənin dondurulmuş vəziyyətdə qalmasının tərəfdarı kimi çıxış etdi, Ermənistanın xarici işlər naziri Nalbandyan “Dağlıq Qarabağ heç bir halda Azərbaycanın ərazisi kimi tanına bilməz” söylədi, Ermənistan prezidenti Serj Sərkisyan isə danışıqlardan imtina etdiyini bəyan etdi.

Yəni, baş verənlər bir daha təsdiqlədi ki, danışıqlarda heç bir irəliləyiş yoxdur, əksinə “lazım”ın sülh masası arxasındakı “srok”u bitib.

Və bütün bunlardan sonra PA-nın xarici əlaqələr şöbəsinin sədri Novruz Məmmədov belə deyir: “Ermənistan Qarabağı və ətraf yeddi rayonu işğal edib. Amma beynəlxalq təşkilatlar bu məsələdə susur. Bizə deyirlər, danışıqları davam etdirin. Yəni, 25 il danışıqlar aparmısınız, daha 25 il də danışıqlar aparın. Bu vəziyyət nə qədər davam edə bilər? Hələ də deyirlər ki, problemi özünüz həll edin. Bu məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir”.

Əvvəla, sual meydana çıxır ki, əgər danışıqlarda heç bir yenilik yoxdursa, niyə cəmiyyətə böyük vədlər, yalançı təsəlli verilirdi? Görünür, cəmiyyətdə yaranmış həmrəylik və vətənpərvərlik hökumətin xoşuna gəlməyib. Üstəlik, “5-ci kolon” Rusiyanın maraqlarını təmin etmək üçün Putindən “sülh quşu” düzəltməyə başladı. Istənilən halda növbəti dəfə cəmiyyət aldadıldı və yaranmış fürsətdən istifadə edilmədi.

Ikincisi, Novruz Məmmədovun beynəlxalq təşkilatları suçlamağa haqqı yoxdur. Çünki, uzun müddət bu beynəlxalq təşkilatlara “ermənipərəst” damğası vurulub, beynəlxalq təşkilatların qətnamələri “kağız parçası” kimi qiymətləndirilib. Eyni zamanda “heç kim bizim daxili işimizə qarışa bilməz”, “lazım gəlsə hərb yoluyla torpaqlarımızı azad edəcəyik” şüarı hökumətin dilinin əzbəri olub. Indi rəsmi şəkildə etiraf olunur ki, danışıqların limiti bitib və bundan sonra 25 il də danışılsa nəticə olmayacaq. Ona görə də hökumət dünyanın arxasınca danışmaq əvəzinə, düşmənin üstünə getməlidir. Həm də Novruz Məmmədov dəfələrlə beynəlxalq hüququn işləmədiyini söyləyib. Necə olur ki, başqa işləmədiyi iddia edilən beynəlxalq hüquq Qarabağ məsələsində “müqəddəs”ləşib?

Daha sonra Novruz Məmmədov bildirib ki, biz ədalət istəyirik, amma bu, baş vermir. Əlbəttə, Qarabağ bizimdir və torpaqların işğal altında olması ədalətsilikdir. Amma bu hökumətin ədalətdən danışması adamı qıcıqlandırır. Uzun illərdi dünya YAP hakimiyyətindən ədalət tələb edir. Amma hakimiyyət repressiyanı gücləndirir, seçkiləri daha kobud şəkildə saxtalaşdırır, korrupsiya cinayətləri çoxalır və s. Hansıki, uzun illərdi bəyan edilir ki, Qarabağ münaqişəsinin ədalətli həlli Azərbaycanın demokratikləşməsindən keçir. Amma hökumət bütün sahələrdə ölkənin adını “qara siyahı”ya saldıraraq, düşmənin arqumentini gücləndirməyə, beynəlxalq aləmin dəstəyini zəiflətməyə xidmət edib.

Ona görə də ədalət istəyən tərəf əvvəlcə özü ədalətli olmalıdır. Qarabağ qazisini ədalətsizcəsinə həbsə atan bir zehniyyətin Qarabağa ədalət istəməsi səmimi görünmür. Qarabağ uğrunda döyüşlərdə şəhid olanların ailələri hələ də “qan pulu” ala bilmirsə, Novruz Məmmədov hansı haqla dünyadan ədalət istəyir? Ən böyük ermənipərəst ölkənin -Rusiyanın yanına sığınıb, dünyadan Qarabağa ədalət tələb etmək absurd deyilmi?

Bir sözlə, Qarabağın işğaldan azad olunması normal hakimiyyətin olmasından asılıdır. Dövlət maraqlarının şəxsi maraqlardan üstün tutan, heç bir ölkənin təsiri altına düşməyən, xalqın seçidiyi bir hökumət olmalıdır. Ölkənin 80 faizini işğal etmiş zehniyyətin, 20 faiz ərazini işğaldan azad etməsi absurddur.

Cənablar, danışıqlar yekunlaşdı, ya irəli gedin, ya da irəliyə gedə bilənlərə imkan yaradın.

İlham Hüseyn