Ərdoğanın gözlənilməz bir sözü və Qarabağ

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Bu günlərdə Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan yenə də Rusiya ilə münasibətlərdən danışarkən şimal qonşumuzun ölkəsinə qəzəbinə aid gözlənilməz bir fikir söylədi: “Türkiyənin inkişafını qəbul edə bilmir Rusiya…”

Ərdoğanın özünün də Türkiyənin inkişafına əngəl olacaq çox ciddi xüsusiyyətlərə sahib olduğunu deməyə bilmərəm bu anda – hərçənd bu da başqa bir mövzudur. Amma onun yuxarıdakı sözlərində həqiqət var. Proseslərin, məlumatların tam mərkəzindədir Ərdoğan. Demədi ki, Türkiyənin bölgədəki roluna, Suriyadakı marağına, Azərbaycanda və Orta Asiyada sevilməyinə qəzəblidir Rusiya. Hətta rus hərbi uçağının vurulmasını da demədi. Rusiyanın məhz Türkiyənin inkişafına qəzəbli olduğunu söylədi.

Nə qədər problemləri olsa da, nə qədər tənqidlər haqq etsə də, Türkiyə sürətlə böyüyən iqtisadiyyatı, universitetləri, tibbi, elmi ilə qabağa çıxır. Ən azı geriliyin daşını atır. Onun çağdaş və layiqlik cizgisini isə hətta Ərdoğan poza bilmir. Rusiyanın hansı duruma gəldiyini yaxından izləyənlər isə Putinin Türkiyənin bu halına qəzəbini yaxşı anlaya bilər. SSRI-nin dağılmasından sonra Rusiyada yalnız aqressivlik artıb. Bütün sahələrdə çöküş var.

Rusiya böyük daxili və xarici problemlərlə üz-üzə qoyulub. Çox ağır və təhlükəli vəziyyətdir. Bütün bunları düşündükdə və nəzərə aldıqda isə son vaxtlar Qarabağda baş verənləri də anlamaq asan olur.

Qarabağ mövzusu indi hamının müzakirə etdiyi məsələdir. Ona görə də bilirəm ki, Azərbaycan xalqının hər yerdə müzakirə etdiyi bir mövzuda nəsə yazmaq yersiz görünə bilər. Qarabağda son vaxtlar baş verənlər, hərbi toqquşmalar, Rusiyanın fəal qatıldığı geopolitik gəlişmələr haqda danışmayan yoxdur. Üstəlik, bizdə geopolitik mövzuda hamı əjdahadır. Politoloqlar da daha rahat danışır, siyasətçilər də, siyasətə qarışmayan vətəndaşlar da. Təbii ki, Qarabağ mövzusu istər-istəməz hər kəsin ürəyindən gələn bir mövzudur, amma həm də böyük əksəriyyət hökumətin stimullaşdırdığı kimi düşündüyü üçün bu məsələ ətrafında danışmaq onlara təhlükəsizdir.

Ən vacib məqamın üzərindən isə, təəssüf ki, tez keçilir. Bu vacib məqam isə münaqişəni yaradan və idarə etməyə çalışan Rusiyanın durumudur…

Hamımız bilirik ki, Qarabağ münaqişəsi Rusiya üçün Ermənistan üzərində əldə etdiyi tam ağalığı və Azərbaycana təsirini saxlamaqdan ötrü bir amildir. Atəşkəs də onun başının altından çıxıb. Indi atəşkəsi pozmaq da onun çox ağır böhrana girməsinin nəticəsidir. Bu, o qədər ağır böhrandır ki, Qarabağı alıb verdiyi Ermənistan da öz halına ağlayır.

Rusiyanın girdiyi böhran isə təkcə iqtisadi deyil. Rusiyanın ideyası ölüb. Putin rejimi nə qədər manipulyasiya eləsə də, hətta öz ölkəsində ideyası laxlayıb. Bütün dünyada xalqlar çağdaşlıq yolu tutub azad, firavan, sülh işində yaşamaq istəyir. Avtoritar, totalitar, teokratik, sosialist rejimlər tarixin gedişatına baş əyməyə başlayıb, Rusiya isə öz xalqına və təsir altındakı rejimlərin əzdiyi xalqlara yalnız problemlər yaradır. Hamı da bu problemlərin başlıca səbəbkarını yaxşı tanımağa başlayıb.

Neft öz amansız sözünü desə də, hələ Rusiyanın yeraltı sərvətləri çoxdur, amma artıq görünür ki, bununla da çox gedilə bilməz. Inkişafın insanlığa layiq modelinin qabağını almaq onun cazibəsini və mənasını itirib, elə özünü də çətinə salıb.

Zor, hərb və hiylədən başqa Rusiyanın əlində üsul qalmayıb. Elə Qarabağda özünü göstərən də budur. Rusiyanın hiyləsindən qorunmaq, onun yaratdığı toqquşmalardan, onun təşkil etdiyi “həll variantları”ndan qaçmaq bizi daha çox Qarabağa yaxınlaşdırar – ağlı başında olan, ölkəsini və xalqını sevən hər kəs bunu dərk etməlidir. Rusiyanın bölgədəki rolu qaldıqca və oradakı redjim dəyişməyincə Rusiya Qarabağ probleminin həllinə imkan verməyəcək, bölgəyə də sülh gəlməyəcək. Bütün ümidlər düşdüyü böhranın onu dəyişdirəcəyinə, şər və zorunu yox edəcəyinədir.