Türkiyənin baş naziri Ahmet Davutoğlu yeni Konstitusiyada dünyəvilik prinsipinin əks olunacağını bəyan edib.
O, Türkiyə dövlətinin dünyəvi və demokratik xarakterinin “müzakirə mövzusu” olmadığını deyib.
Baş nazirin bəyanatından əvvəl hakim AK partiyasının yüksək rütbəli rəsmisi deyib ki, dünyəvilik prinsipi əsas qanunda öz əksini tapmamalıdır.
İsmail Kahramanın dediyinə görə, Türkiyə müsəlman ölkəsi olduğu üçün dini Konstitusiyaya malik olmalıdır.
Türkiyə NATO üzvüdür və Avropa İttifaqına üzv olmağa can atır. Bu ölkə Aİ tərəfindən Islam dünyasında dünyəviliyə əsaslanan demokratiya modeli kimi görülür.
Lakin hökumət opponentləri dünyəvilik prinsipinin sarsıdılmasından narahatdırlar.
Müxalifət həmçinin ehtiyat edir ki, yeni Konstitusiya parlament modelini prezidentlik sistemilə əvəzləmək istəyən prezident Erdoğana aşırı dərəcədə geniş səlahiyyətlər verə bilər.
“Şəxsi fikir”
“Bizim hazırladığımız yeni konstitusiyadakı dünyəvilik prinsipi vətəndaşların dini və vicdan azadlığını, habelə dövlətin bütün dini qruplardan eyni məsafədə olmasını təmin edəcək”, – çərşənbə günü çıxış edən Ahmet Davutoğlu deyib.
Spikerin yenidən gündəmə gətirdiyi islamçılıq-dünyəvilik məsələsi cəmiyyəti qütbləşdirən ən həssas mövzudur.
1920-ci illərdən bəri bütün Türkiyə konstitusiyaları dinin dövlətdən ayrı olduğunu təsdiqləyib.
Dünyəviçilər hesab edir ki, bu, ölkənin Qərblə yaxınlaşmasına zəmin yaradır və milli kimliyin təməl daşıdır.
Lakin cənab Erdoğanın rəhbərliyilə dindar təbəqənin hakimiyyət başına gəlməsi qüvvələr nisbətinə təsir göstərib.
Hazırda islamçılar hesab edir ki, konstitusiyada onların da kimliyi öz əksini tapmalıdır.
Qarşı tərəflərin yan-yana rahat yaşadığı bir ölkədə bu məsələ rasional şəkildə müzakirə oluna bilərdi.
Lakin Türkiyədə hökm sürən qütbləşmə, qarşılıqlı şübhə və etimadsızlıq mühitində mövzu qızğın mübahisələrə təkan verib.
Bir təfər bildirir ki, konstitusiya əhalinin 97 faizinin müsəlmanlardan ibarət olduğunu əks etdirməlidir. Qarşı tərəfə əsasən isə islamçı hökmdar növbəti dəfə dövlətin təməlini dəyişdirməyə cəhd edir.
“Biz müsəlman ölkəyik… Dünyəvilik artıq Konstitusiyada olmamalıdır”, – bazar ertəsi cənab Kahraman deyib. Daha sonra spiker mövzu ilə bağlı “şəxsi fikrini” səsləndirdiyini bildirib.
Türkiyənin ana müxalifət partiyasının sədri spikerin bəyanatını şərh edərkən dindən siyasət aləti kimi istifadəni pisləyib.
CHP lideri Kemal Kılıcdaroğlu deyib ki, Yaxın Şərqdə hökm sürən “hazırkı xaos” belə bir düşüncə tərzinin məhsuludur.
“Dünyəvilik ona görə mövcuddur ki, hər bir kəs öz dininə azad şəkildə sitayiş edə bilsin” – müxalifət lideri öz Twitter hesabında yazıb.
İslamçı köklərə malik AK partiyası hərbi çevriliş dövründən qalma 1980-ci il konstitusiyasının dəyişdirilməsinə çalışır.
Ötən iki il ərzində məktəb və inzibati binalarda qadınların baş örtüyünə olan qadağa ləğv edilib. Hökumət həmçinin alkoqol satışını məhdudlaşdırıb, qız və oğlan tələbələrin birgə yaşadığı universitet yataqxanalarının bağlanılmasına cəhd göstərib.
Hökumət bildirir ki, yeni konstitusiya Avropa tələblərinə cavab verən insan hüquqları prinsiplərinə əsaslanacaq.
AKP 550 yerlik Türkiyə parlamentində 317 mandata sahibdir. Konstitusiya layihəsini referenduma çıxarmaq üçün 330 səs tələb olunur. Beləki, AKP başqa partiyalardan da əlavə səs cəlb etməli olacaq. (bbc azəri)