Tağı Əhmədovla bağlı yeni məlumat

tagi-ehmedovBakı Metropoliteninin keçmiş rəisi Əli Əsədovu da qəzəbləndiribmiş

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun təhdid nəticəsində MTN-nin həbsdə olan generalı Akif Çovdarova 3 milyon manat verməsi hələ də gündəmin əsas mövzularındadır. Maraqlıdır ki, hələ də hakimiyyət düşərgəsindən bu məsələyə münasibət bildirilməyib. Müxalifətçilərin pullarını sayan YAP-çı deputatlar Siyavuş Novruzov, Aydın Mirzəzadə və digərləri nədənsə Tağı Əhmədovu 3 milyon manatı hardan əldə etməsi barədə sorğulamırlar.

Bu arada məsələ ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Həmin məlumatlarda deyilir ki, Tağı Əhmədov Akif Çovdarovun təhdidi ilə üzləşərkən dostu, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovdan kömək istəməməsi təkcə Bakı Metropoliteninin keçmiş rəisi barədə MTN-də ciddi kompramatların olması ilə bağlı deyil. Məlumatda deyilir ki, həmin vaxt Tağı Əhmədov Əli Əsədovun da qəzəbinə gəlibmiş. Bildirilir ki, onun “Içərişəhər” və “28 May” metrostansiyalarının təmiri barədə dediyi fikirlər paytaxtda abadlıq-quruculuq işlərinə məsul olan Əli Əsədovu hiddətləndiribmiş.

Qeyd edək ki, Tağı Əhmədov “Içərişəhər” metrostansiyasının girişinin yeni dizaynına münasibət bildirərkən belə demişdi: “Bəyənməsək də, bəyəndirdilər”.

“28 May” metrostansiyasında Məhəmməd Əmin Rəsulzadənin barelyefinin götürülməsi barədə jurnalistin sualına isə belə cavab vermişdi: “Mənə deyiblər götür, mən də götürmüşəm. Mən icraçıyam. Niyə götürüldüyünü bilmirəm, ay xanım. Mənə desələr ki, sənin şəklini qoy ora, mən qoyacam”.

Bildirilir ki, bu açıqlamalardan sonra Əli Əsədov Tağı Əhmədovdan üz döndəribmiş.