Qulu Məhərrəmli həbs olunsa yaxşıdır

zumrud-yagmur-yeniZümrüd Yağmur

Günümüzdə əyrini görüb düzü danışmaq böyük qəbahətdir. Hətta bir az irəli gedib bu gördüyün əyri haqqında düzü bərkdən deyəndə dönüb olursan “cinayətkar”.

İndi necə düşünürsünüz, məmləkətin bu halda olduğu bir vaxtda öz peşə əxlaqını ciddi-cəhdlə qorumağa çalışan Qulu Məhərrəmlinin yeri həbsxana olmamalıdır?!

Oxudum ki, məhkəmə Qulu Məhərrəmlinin müsahibəsinin ekspertiza rəyinə verilməsinə qərar verib. Aydınlaşdırılsın ki, o, Arif Alışanovun şərəf və ləyaqətini doğrudan da təhqir edib, ya yox?

Bir də onu oxudum ki, Qulu Məhərrəmliyə qarşı işin icraatı da dayandırılıb. Nahaqq! Niyə dayandırırsınız, nə espertizası, nə rəyi, kimə lazımdır bu uzun, yorucu məhkəmələr, ya da pardon, məzhəkələr?

Vallah, keçən əsrin 37-ci illərində fəaliyyətdə olan “troyka”lar sizdən abırlı və səmimi idilər. Onlar cəmi 20 dəqiqəyə oyunu bitirir, daha yüz hoqqadan da çıxmırdılar. Yoxsa ki, müasir dövrün Trotskiləri?! Vay, bunlar hakimmişlər, qanuna əməl edirmişlər, məhkəmə aparıb ədalət axtarırmışlar…

Nə böyük iddiaları var bunların – hakim, hüquqçu olmaq! Nə böyük mənalar yükləyiblər özlərinə…

Amma durun, niyə də olmasın? Baxaq bu ölkənin “mənalı” adamlarına?

Ay mənim kimsəsiz həmvətənlərim, məgər bu ölkənin tv kanallarında az böyük “mənalı” adamlar var?! Mən heç demirəm Telli Pənahqızını, maşallah, bu xanım illərdir “nə şiş yansın, nə kabab” prinsipinin ən mahir “oyunçusudur”. Düzdü, Qulu Məhərrəmlinin “günahı” ucbatından “nə ət, nə balıq” məsələsində bir balaca ətə, balığa his dəydi, amma yenə də hər şey yolundadır. Amma iş ondadır ki, bizim şanlı tv kanallarımızda əti də, balığı da çoxdan oda vermişlər az deyil. Məsələn Elgiz, Mətanət, Azər Axşam, İlqar, Zaur və s. Onlar bu məmləkətin dili, ədəbiyyatı, mərifəti, bir sözlə, Dədə Qorqudu, daha nə bilim, Məlikməmmədi olub hər gün xalqa siyasətdən tutmuş, iqtisadiyyata, hətta dolların bahalaşmasının fəzilətlərinə qədər danışmırmı? Vallah, biz nankor millətik. Ay camaat, bir var bir neçə verilişə baxıb yorulasan, siyasət, iqtisadiyyatda nə baş verdiyini öyrənmək üçün özünü ora-bura vurasan, bir də var, şou proqramına baxıb bunların hamısından xəbərdar olasan, hələ üstəlik yemək də bişirməyi öyrənəsən, şpaqat açmağı da… Baxın. Qadınlarımızın çoxu üçün ən yaxşı başqa bir şey də var. Dedi-qodu, hansı müğənni kimi söydü, kim kimə nə dedi… Nəyi pisdir axı?

İndi Qulu Məhərrəmli də qalxıb belə adamların sözünün qarşısına söz deyir ki, dil, peşəkarlıq əldən getdi. Axı Qulu Məhərrəmli niyə Arif Alışanovdan izn almadan danışıb? Ya da bilmir ki, bu məmləkətdə bir səlahiyyətlinin işindəki qüsurlarını tənqid etmək çoxdan günah, hətta cinayət sayılır?

Yox. Vallah, mən günahı Qulu Məhərrəmlidə görürəm. Qulu müəllim Arif Alışanov və ümumən tv-lərin, jurnalistikanın analoqsuz inkişafına paxıllıq edib. Necə də etməsin, Arif Alışanov və digər tv kanallarının başçıları bu ölkədə iqtidarın belə bacara bilmədiyini bacarıb. Ölkədə elə ustalıqla yalan, mənəviyyatsızlıq və qeyri-peşəkarlıq şəbəkəsi qurulub ki, paxıllıq etməmək mümkün deyil.

İllərdir hökümət ölkədə məsələn, bir qaz şəbəkəsini düz əməlli qura bilmir, amma Arif Alışanov və digər həmkarları ölkəni ən ucqar nöqtəsinə qədər yalan şəbəkəsi ilə əhatə edə bilib. Hətta elə “peşəkarlıqla” işləyiblər, ölkə insanına neçə illərdir o qədər yalan dinlədiblər yki, düzün nə olduğu yaddan çıxıb.

Yaxşı, bu “məharətin” qarşısında Qulu Məhərrəmlinin etdiyi, dedikləri paxıllıq deyil, nədir?

Ölkə onların istədiyi istiqamətə inkişaf edir. Sürətlə mənəviyyatsızlıq yuvasına çevrilir. Bütün dəyərlərdən uzaq bir toplumun yaradılması üçün bu tv kanalları daha nə etməldir axı? Demirsiniz inkişaf etmiş toplum? İnkişaf etmiş toplum bəs necə olmalıdır? Tolerant! Alın sizə tolerant xalq. O qədər tolerant ki, nə seçki ilə maraqlanır, nə ofşor zonalardakı milyardlarla, nə “Panama” sənədləri ilə, nə bu günü, nə də sabahı ilə?

İndi Qulu Məhərrəmli nə istəyir? Deyir ki, xalq yalan eşitməsin, başı şouya qarışmasın, hansısa müğənninin ayaqqabısının markasını, kiminlə sevgili olduğunu araşdırmaq yerinə oğurlanmış milyarlarla maraqlansın ki, sabitlik pozulsun?..

Yox, vallah, siz bu Arif Alışanovun məhkəmə istəyini qəribçiliyə salmayın. Qəti deyirəm, Qulu Məhərrəmlini bir az da dərin araşdırsınlar. Bəlkə o, uzaq Afrikada kimsənin tanımadığı, amma Azərbaycana paxıllıq edən, məsələn, Amare adlı biri ilə işbirliyindədir? Odur ki… Qulu Məhərrəmli elə həbs olunsa yaxşıdı.