Cəbhədə atəşkəs yenə niyə pozuldu?

gultekin-hacibeyli1Gültəkin Hacıbəyli: «Baş verənlər sübut edir ki, Rusiya münaqişənin daha da genişlənməsində maraqlıdır»

Ermənistan prezidenti Serj Sarkisyanın danışıqlardan imtinasından sonra cəbhədə gərginlik yenidən artıb. Serj Sarkisyan bəyan edib ki, Qarabağda müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.

Ermənistan prezidenti ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır. “Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil”, – deyə Sərkisyan bildirib. Ermənistan prezidenti aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından danışarkən deyib ki, Azərbaycan döyüşlərə “bir neçə yüz tank və 30 minə yaxın artilleriya qurğusu” cəlb etmişdi. “Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?”.

Rusiyanın danışıqlar prosesində aktivliyi və bu aktivliyin nəticə verməməsindən sonra yaşananlar nəyin görsənişidir? Ermənistanın aprelin 5-də Azərbaycandan atəşkəsi bərpa etmək istəyi vaxt udmaq üçün atılan addım idimi? Bu suallar hələ də cavabsız qalmaqdadır.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, baş verənlər Rusiya və Ermənistanın birgə şəkildə Azərbaycanı, dünyanı şantaj etməsidir. Aprelin əvvəlindəki üç günlük müharibənin ordumuzun yüksək döyüş əzmini ortaya qoyduğunu deyən G.Hacıbəyli bildirdi ki, ordumuz torpaqlarımızın azad olunması uğrunda mübarizə istəyinin nə dərəcədə güclü olduğunu göstərdi. Eyni zamanda xalqımız da torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmaq qətiyyətini ortaya qoydu: “Azərbaycan ordusu az da olsa irələdi. Əgər Moskvada atəşkəs razılaşması imzalanmasaydı, ordumuza geri çəkilmək əmri verilməsəydi, biz hazırda Dağlıq Qarabağda daha irəlidə olardıq. Bu baxımdan həm Ermənistan, həm Rusiya gözəl anladılar ki, Azərbaycan tərəfi həm də hərbi üstünlüyü ələ almağı bacarır. Lazımı şəraitdə ordumuz erməni ordusu üzərində qələbə qazanmaq qabiliyyətindədir. Digər tərəfdən beynəlxalq siyasi konyuktur da Azərbaycanın tərəfindədir. Beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Ermənistanın işğalçı dövlət olduğunu, Qarabağın və ətrafındakı rayonların işğal edildiyini qəbul edir. Beynəlxalq aləm tez bir zamanda Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmasının zəruriliyini qeyd edir. Bütün bunlarla yanaşı Rusiyanın bölgədə rolu pislənilir. Rusiyanın Ukraynada, Gürcüstanda oynadığı rola bənzər davrandığı vurğulanır. Bu baxımdan Ermənistan və Rusiyanın beynəlxalq mövqelərinə də zərbə dəyib”.

G.Hacıbəylinin sözlərinə görə, sadalanan məqamlari danışıqlar prosesində Azərbaycanın mövqelərini əsaslı şəkildə gücləndirir. Həm beynəlxalq siyasi konyuktur, həm hərbi üstünlüklər, həm də beynəlxalq hüququn Azərbaycan tərəfində olması ölkəmizin danışıqlar prosesində mövqelərini gücləndirir: “Amma Ermənistan işğal etdiyi ərazilərdən getmək niyyətində deyil. Sarkisyan müharibə partiyasının təmsilçisidir, Xocalıda soydaşlarımıza qarşı soyqırım törədib. Ona görə Sarkisyanın Qarabağ məsələsində geri çəkilməsi onun siyasi məhvi olar. Digər bir tərəfdən Rusiya heç bir halda Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Çünki münaqişənin həlli Rusiyanın Cənubi Qafqazdakı rolunu əhəmiyyətli dərəcədə azaldacaq. Belə olan halda həm Azərbaycana, həm Ermənistana təzyiq imkanlarını genişləndirmək üçün, Rusiya bu münaqişənin daha da genişlənməsində maraqlıdır. Bununla da Rusiyanın atəşkəsin pozulmasında maraqları göz önündədir. Ermənistan siyasi rəhbərliyi isə aprelin əvvəlində itirdiyi mövqelərini geri qaytarmaq və dünya ilə güc dilində danışdığını, Azərbaycan ordusundan zəif olmadığını nümayiş etdirmək üçün son addımları atır”.

G.Hacıbəylinin fikrincə, cəbhədəki son gərginlik bir daha onu ortaya qoydu ki, 3 günlük müharibə başlamışkən, Azərbaycanın daha irəli getmək imkanı var idi. Əgər Azərbaycan işğal altında olan ərazilərin daha da içərisinə doğru getsəydi, bu gün özümüzə daha inamlı vəziyyətdə olardıq.

Xəyal