“The Daily Telegraph” qəzeti AFP-yə istinadən yazır ki, Türkiyə parlamentinin spikeri İsmail Kahraman ölkəyə dini konstitusiya lazım olduğunu bəyan edib. Məqalədə deyilir ki, spikerin bu bəyanatı ölkənin AKP hakimiyyəti altında daha çox islamlaşdırılmasına dair yeni suallar doğuracaq.
“Bir müsəlman ölkəsi olaraq biz niyə dindən çəkinməliyik?” – deyib Kahraman Anadolu xəbər agentliyinə.
“Biz müsəlman ölkəsiyiksə, Ana qanununumuz da öz dini olmalıdır” – deyə bəyan edib hakim AKP-dən millət vəkili İstanbulda keçirilən konfransda.
İsmail Kahraman vurğulayıb ki, “dünyəvilik yeni konstitusiyada olmamalıdır”.
Dünyəvilik “din azadlığı deməkdir”
Qəzet yazır ki, tənqidçilər Recep Tayyip Erdoğanın İslam təmayüllü AKP partiyasını müasir Türkiyənin banisi Mustafa Kemal Atatürk tərəfindən əsaslı qoyulmuş dünyəvilik dəyərlərini sarsıtmaqda ittiham edirlər.
Məqalədə deyilir ki, Türkiyə hökuməti son iki ildə məktəblərdə və ictimai xidmətlər sahəsində işləyənlərin hicablanması üzərindən qadağanı qaldırıb.
Bundan başqa hökumət spirtli içkilərin pərakəndə satışına məhdudiyyətlər qoyub və qarışıq cinsli universitet yataqlarını ləğv edib.
Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Kemal Kılıcdaroğlu spikerin bəyanatlarını qətiyyətlə pisləyib.
O deyib ki, hazırda Yaxın Şərqdə xaosun hökm sürməsi bu sayaq düşüncə tərzinin məhsuludur.
Twitterdə yazdığı postda Kılıcdaroğlu dindən siyasət aləti kimi istifadə olunmasını kəskin tənqid edib. “Dünyəvilik ona görə mövcuddur ki, hər bir kəs öz dininə azad şəkildə sitayiş edə bilsin, cənab Kahraman” – yazır müxalifət lideri. (BBC azeri)



