ilham-eliyev3212

«The Washington Post»: Qəddar liderin yanaşma tərzi dəyişməyib

ilham-eliyev3212«Azərbaycanda müstəqil jurnalistikaya müharibə elan olunub».

ABŞ-ın nüfuzlu «The Washington Post» qəzeti belə bir başlıqlı redaksiya məqaləsi dərc edib.

Məqalədə deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ştatlara səfərindən öncə bəzi jurnalistləri və siyasi məhbusları əfv etdi. Rejimin yanlış olaraq həbsə atdığı hüquq müdafiəçiləri Leyla və Arif Yunusların Azərbaycandan çıxmasına, nəhayət ki, icazə verildi.

HEÇ NƏ DƏYİŞMƏYİB

«İlham Əliyev Vaşinqtonda Dövlət katibi Con Kerri, vitse-prezident Co Baydenlə görüşdü. Ancaq heç kəs bu qəddar liderin yanaşma tərzini dəyişdiyini düşünməsin. Əliyev ölkəsinə dönəndən sonra, aprelin 21-də müstəqil rəqəmsal xəbər platforması olan Meydan TV prokurorluğun onlara qanunsuz sahibkarlıq fəaliyyəti, hakimiyyətdən sui-istifadə, vergidən yayınma ittihamlarıyla cinayət işi açdığını elan etdi. Bunlar cənab Əliyevin tənqidçilərini qısnamağa, susdurmağa yönəlik standart ittihamlardır. Meydan TV onunla əməkdaşlıq edən 15 jurnalistin adının cinayət işində keçdiyini bildirib. Onların heç birinə rəsmi ittiham irəli sürülməsə də, bəziləri ölkədən buraxılmayıb, evlərində axtarış aparıla, avadanlıqları müsadirə oluna bilər», – deyə qzəet yazır.

Məqalədə Meydan TV-nin rəhbəri Emin Millinin EurasiaNet.org saytına açıqlamasından da sitat verilir – «Bunu Azərbaycanda müstəqil jurnalistikaya müharibə elanı hesab edirik».

«The Washington Post» yazır ki, İlham Əliyev tənqiddən adətən əsəbiləşir. O, qızlarının ölkənin qızıl yataqlarındakı payını aşkarlayan jurnalist Xədicə İsmayılı həbsə atdırıb. Sonradan «Panama Papers» bu payın daha böyük olduğunu üzə çıxardı. On jurnalist, bloqqer, eləcə də fəallar həbsdədir. Meydan TV isə rejimi dilxor edən hekayətləri anlatmaqdan çəkinmir. Bu yaxınlarda cəbhə xəttindəki itkilərlə bağlı rəsmi rəqəmləri alt-üst edib, itkinin daha çox olduğunu açıqlayıb.

OTURUB «MEYDAN»A BAXSIN

«Meydan TV-nin təcrübəsi göstərdi ki, rəqəmsal yollarla qapalı cəmiyyətlərə azad informasiya çatdırmaq, tiranlardan yan keçmək mümkündür. Görünür, cənab Əliyev düşünür ki, gizli polis və prokurorlarla birlikdə savaşa biləcək. Əliyev bu yolları atasından, keçmiş KGB-çi, sovet politbürosunda çalışmış Heydər Əliyevdən öyrənib. KGB metodları qurbanlar üçün ağrılı ola bilər, ancaq bu metodlar həqiqəti möhürləyə, tənqidi durdura bilməz. Bunu Meydan TV və Xədicə İsmayılova cəsarətlə ortalığa qoydular. İlham Əliyev bütün siyasi məhbusları azadlığa buraxmalı, Meydan TV-yə qarşı cinayət işini dayandırmalı, özü də oturub bu kanala baxmalıdır. Bəlkə ölkəsinin müasir dönəmdə əldə etməli olduğu dəyərlər barədə nəsə öyrənər».

(azadliq.org)