Müzəffər Baxışov: «Yayılan məlumatlar həqiqətdirsə, prokurorluq bunu müəyyən edib, ictimaiyyətə məlumat verməlidir»
Xəbər verdiyimiz kimi, bu günlərdə Baş prokurorluqda MTN-in keçmiş idarə rəisi, Eldar Mahmudovun mütəşəkkil cinayətkar qruplaşmasının ən qorxunc simalarından biri olan general Akif Çovdarovla onun əməllərindən zərər çəkən məmurlar arasında üzləşdirmə keçirilib. Üzləşdirmə haqqında məlumatlar son günlər mediada və sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır.
Ən maraqlı epizod isə Çovdarovun haqqında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun şikayətidir. Istintaq orqanlarındakı mənbənin bildirdiyinə görə, T.Əhmədov A.Çovdarovun cinayətkar əməllərindən şikayət edərək bildirib ki, təhdidlər və təzyiqlər qarşısında ona 3 milyon manat verməyə məcbur olub.
Gözlənilir ki, yaxın günlərdə Tağı Əhmədov da Akif Çovdarovla üzləşdiriləcək. Məlumata görə, T.Əhmədov şikayətində göstərib ki, Çovdarov onu şantaj edib və həbslə hədələyib, habelə bütün yaxın qohumlarına, o sıradan Nizami Rayon Məhkəməsində hakim işləyən kürəkəninə qarşı repressiv addımlar atacağını bildirib.
T.Əhmədovdan 3 milyon manatın alınması barədə məlumat artıq neçə gündü mətbuatın gündəmində olsa da, zərərçəkən özü məsələyə aydınlıq gətirmir. Məsələ nə təkzib edilir, nə də T.Əhmədovla bağlı məqama müvafiq orqanlar münasibət bildirir.
Bəs, T.Əhmədovun adının hallandığı məqama niyə aydınlıq gətirilmir? Əgər mediada səslənən faktlar reallıqdırsa, T.Əhmədovun baş verənlərə susqun yanaşması nəylə bağlıdır?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, T.Əhmədovdan həqiqətən də bu məbləğdə pul vəsaitinin alınıb-alınmadığı bilinmir. KIV-də dərc olunan məlumatların bəzi hallarda həqiqəti əks etdirmədiyini deyən M.Baxışov vurğuladı ki, bu məlumatları T.Əhmədovu istəməyən adamlar da yaya bilər. “Amma yayılan məlumatlar həqiqətdirsə, prokurorluq orqanları bunu müəyyən edib, ictimaiyyətə məlumat verməlidir. MTN işi üzrə Tağı Əhmədovdan sözügedən vəsaitin alınıb-alınmadığı barədə məlumatı yalnız istintaq verə bilər. Hər bir halda kiminsə haqqında nəsə deyəndə onu müəyyən edib, sonra deməlisən”, deyə M.Baxışov vurğuladı.
M.Baxışovun sözlərinə görə, T.Əhmədov barəsində məlumat doğrudursa, o, elə həmin vaxt hüquq mühafizə orqanlarına müraciət etməli idi. “Əgər belə hal mövcuddursa, Tağı Əhmədov indi də hüquq-mühafizə orqanlarına müraciət edə bilər”, deyə M.Baxışov.
Hikmət