Ermənilər Tərtərə artileriya atəşi yağdırdı FOTO VİDEO

gece-qrad-atesAprelin 26-ı gecə saat 1:30 radələrindən etibarən Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində şiddətli artilleriya hücumu ilə atəşkəsi pozub.

Ermənilərin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Tərtər rayonunda 17 evə ziyan dəyib. Bir ev isə tamamilə qəzalı vəziyyətə düşüb. Rayonun elektrik, qaz təsərrüfatlarına da ciddi ziyan vurulub. Hazırda rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın həcmini araşdırır.

Ağdam, Bərdə, Tərtər xəstəxanalarından ANS PRESS-ə verilən məlumata görə, mülki şəxslər arasında ölən və yaralanan yoxdur.

***

Azərbaycan  Müdafiə Nazirliyi bildirib ki, aprelin 25-də düşmən Ağdərə istiqamətində tankları döyüş mövqeyinə çıxarıb və mövqelərimizə həmlə etməyə cəhd göstərib. Azərbaycan ordusu cavab atəşi ilə düşmənin bir tankını sıradan çıxarıb, bundan sonra ermənilər mövqelərinə geri çəkiliblər.

Erməni tərəfi isə Azərbaycan əsgərlərinin İsrail istehsalı olan “Spike” raketindən onların tanklarına qarşı “uğursuz istifadə etdiyi” haqda məlumat yayıb.

Aəzrbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a açıqlamasında erməni tərəfin bu məlumatını yalan adlandırıb. Bildirib ki, “Spike” hədəfi 100 faiz dəqiqliklə vuran silahdır və ondan yayınmaq mümkün deyil.

“Görünür ermənilər üçün bu silah çox təəcübləndirici olub, axı onlar heç vaxt belə dəqiq silah görməyiblər. “Spike” raketinin zərbəsindən tankın qülləsinin qopub kənara uçmasını onlar “qeyri-dəqiq zərbə” kimi qiymətləndirirlərsə problem deyil. Ermənilər bizim yüksək dəqiqlikli silahlarımızı hələ bundan sonra izləyəcəklər və hər dəfə təəcüblənəcəklər”, – Vaqif Dərgahlı deyib.

***

“Hazırda cəhbədə atışma səsləri eşidilmir, təmas xəttində nisbi sakitlik hökm sürür”. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, gecə saatlarında ermənilərin atdığı mərmilər Tərtərdə bir neçə evi viran qoyub.

Gecə baş verən güclü zərbələr nəticəsində daha bir mərmi Qaynaq kəndindəki evlərdən birinə düşüb. Bu dəfə mərmi düz evin içinə düşüb, amma evin sakinləri həyətyanı sahədə olduqları üçün burada da xoşbəxtlikdən xəsarət alan olmayıb. Bununla belə həmin ərazidə dağıntının miqyasının daha böyük olduğu deyilir.

***

“Hal-hazırda cəbhədə vəziyyət sakitdir”. Bunu ANS PRESS-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin şəxsi heyəti arasında heç bir itki yoxdur və qarşı tərəfin hərəkəti tam nəzarətdə saxlanılır.

***

Ara-sıra kiçikçaplı silahlardan atışma səslərini nəzərə almasaq, Tərtər və Ağdam istiqamətlərində Azərbaycan ordusunun sərrast müayinə və əks atəş nəticələrində erməni tərəfinin bir neçə atəş nöqtələri məhv edilib və bunun sayəsində atəşkəs bərpa olunmaqdadır.

ANS TV Qarabağ bürosunun son məlumatına görə, artıq Tərtər şəhərində gecə erməni silahlı qüvvələrinin qəfil artilleriya hücumunun nəticələri  hesablanır. Tərtər şəhərində yalnız bir ərazi erməni tərəfinin artilleriya zərbələrindən zərər çəkib. Belə ki, Tərtər sakini Tofik Qasımovun həyətyanı sahəsinə erməni tərəfinin mərmiləri düşüb. Tərtər rayon Fövqəladə Hallar şöbəsinin verdiyi məlumata görə, ehtimal var ki, mərmilərdən biri hələ də açılmayıb və onun ola bilsin hələ partlama ehtimalı var. Bu versiya bu dəqiqələrdə yoxlanılır. Lakin digər partlamış mərmilər Tofik Qasımovun evinə ciddi zərər vurub. Məlumata görə, ölən və yaralanan olmayıb.

Mərminin dağılan pəncərə

***

Ermənistan Silahlı Qüvvələrinin artilleriya hücumu nəticəsində Tərtər rayonunun ətraf kəndlərində dağıntı var. Ən çox ziyan Ağdama yaxın olan Köçərli kəndi ərazisindəki əkin sahələrinə dəyib.

***

Qapanlı, Qaradağlı, Təzəkənd qəsəbəsinin sakinləri evlərini tərk etməyiblər və əvvəlcədən hazırlanmış yeraltı bunkerlərdə erməni artilleriyasından qorunublar.

https://www.youtube.com/watch?v=dxthb__EZiU

***

Bu gecə ermənilərin atəşkəs rejimini pozması və ordumuzun qarşı tərəfin səngərlərinə endirdiyi cavab zərbələri nəticəsində Ermənistan ordusunun iki hərbçisi ölüb. ANS PRESS-in məlumatına görə, bu barədə qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir  ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbələri nəticəsində qarşı tərəfin hərbçiləri – 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan ölüblər.

***

Tərtər istiqamətində yerləşən yaşayış məntəqələri və Azərbaycan ordusunun mövqeləri Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə tutulub. Atəş səsləri və mərmi zərbələri ətraf rayonlarda, hətta Ağdaş və Ucarda da eşidilib və hiss olunub.

ANS TV-nin Qarabağ bürosunun cəbhə xəttindən verdiyi məlumata görə artilleriya mərmiləri əsasən Tərtər rayonunun Qapanlı, Yuxarı Qaradağlı, Şıxarx qəsəbəsi ərazilərinə düşüb. Dağıntılar var.

Bu dəqiqələrə qədər dinc sakinlər arasında ölən və yaralanan haqqında məlumat yoxdur. Tərtərlə əlaqəsi və ya orada olan sosial şəbəkə istifadəçiləri xəbər yayırlar ki, bütün rayon ayaqdadır.

Azərbaycan ordusu təcili surətdə bu gözlənilməz artilleriya hücumuna qarşı tədbirlər görür. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya ilə cavab zərbələri endirilir.

Bununla belə, qarşı tərəfdən yeni-yeni nöqtələrdən olmaqla atəşin davam etdiyi deyilir. Vəziyyət ağr olaraq qalır.