aliyev-yap

YAP-ın 650 min üzvü hardadı?

aliyev-yapHakim partiyanın çağırışına üzvlərin 0.1 faizi səs verdi

Bir müddət öncə mətbuatda xəbər yayıldı ki, hakim partiyanın  üzvləri öz maaşlarının 20 faizini Silahlı Qüvvələrə Yardım Fonduna ödəyəcəklər. Yəni, belə bir təbliğat yayıldı ki, YAP vətənpərvər bir qurumdu və Silahlı Qüvvələrin maddi texniki bazasının güclənməsi üçün əlindən gələni edir.

Təbii ki, yardım etmək, xeyirli kampaniyalara dəstək olmaq mühüm və təqdir olunası hadisədir. Amma mövzu YAP olanda  müzakirələrin axarı dəyişir. Ötən yazımızda da qeyd etmişdik ki, YAP-ın 2015-ci ildə gəlirləri 7 milyondan artıq olub və hansısa YAP-çının maaşından kəsmək əvəzinə, həmin gəlirdən bir neçə milyonunu məlum fonda ödəmək olar. Ən əsası isə qeyd etmişdik ki, hakim partiya öz reklamını aparmaq əvəzinə, 20 ildir “qan pulu”nu ala bilməyən 13500 şəhid ailəsinin probleminin həllinə çalışsın. Əgər doğurdanda hökumət komandası xeyriyyəçi, vətənpərvər adamlardan təşkil olunubsa, Qarabağ qazisinin, şəhid ailəsinin sığorta pulunu versinlər. Əks halda əsas məsələdən yayınıb ucuz reklamla məşğul olmaq biabırçı mənzərə yaradır. Vətənpərvər, vicdanlı insanlara divan tutan zehniyyət, vətəni qoruyanların təəssübünü çəkə bilməz.

YAP-ın yardım kampaniyasının nəticəsinə gəlincə, vəziyyət uzun illərin təbliğatına adekvat deyil. Belə ki, YAP-ın mətbuat xidmətindən xəbər veriblər ki, Silahlı Qüvvələrə Yardım Fonduna 660 YAP-çı ödəniş edib. Ödənişin ümumi miqdarının nə qədər olması haqqında isə partiyanın sözçüsü məlumat verməyib.

Uzun illərdi YAP-ın simaları xalqın bu partiyaya sevgisindən, sürətlə partiya sıralarının genişlənməsindən  dəm vururlar. Son açıqlamalara görə YAP-ın 650 minə yaxın üzvü var. Təbii ki, buna qədərki müddətdə də təsdiq olunub ki, partiyaya könüllü 650 nəfər üzv olmayıb. Sadəcə olaraq büdcə təşkilatında çalışanlar, tələbələr, təqaüdçülər “qara siyahı”ya düşməmək üçün YAP yükünü daşımağa məcbur olublar. Əgər hökumət mətbuatında yazılan məqalələrin, hökumət adamlarının müsahibələrinin oxunma sayına baxsaq, real vəziyyəti təsəvvür edə bilərik.

Amma bu yardım kampaniyası real vəziyyəti daha çılpaq ifadə etdi. Məlum oldu ki, YAP vəsiqəsini daşıyanların yalnız 0.1 faizi çağırışa səs verib. Hələ bu rəqəmin nə qədər real olması və bu adamların hansı məbləğdə yardım etməsi məlum deyil. Yəqin ki, bütün rayonlardakı YAP-sədrləri, YAP biletini daşıyan vəzifəlilər prosesə cəlb olunub. Deməli, bu qədər təbliğatdan sonra hakim partiyaya üzv edilmiş adamların heç 1 faizi də prosesə çəlb olunmayıb. Təbii ki, bu kağız üzərindəki YAP-çılardan hər ay məcburi üzvlük haqqı tutulur. Amma bu yüzminlərlə kasıb adamın hansısa fonda yardım etməyə imkanı yoxdur. Bu adamların özünün yardıma ehtiyacı var və kredit bataqlığında üzürlər.

Yəni, hansı rakursdan yanaşsaq nəticə rəsmi təbliğatın ifşasına xidmət edir. Ölkənin sağlam qüvvələrinin sıradan çıxarılmasına xidmət edənlərin, Silahlı Qüvvələrə yardım etməsi heç kimə inandırıcı görünmür. Hamı bu hökumətin mahiyyətinə bələd olduğu üçün bunlardan gələn hər hansı təklifi ciddi qəbul etmirlər. Bir daha təkrar edirik ki, məqsəd həqiqətən də yardım etməkdirsə, hakim partiya bunu heç kimin maaşından tutmadan da edə bilər. Amma nəticə  budur ki, hökumət səmimi deyil və partiya biletini daşıyanlar sadəcə buna məcburdular.

Akif