Azərbaycan insan dəyərinin unudulduğu ölkədir. Səbəbini bilirsiniz. On illərdir təbiətin hədiyyə etdiyi neft və qazla dünyaya öyünüb duranlar bu ölkədə 9 milyona yaxın insanın yaşadığını çoxdan yaddan çıxarıb. O sərvətin qazandırdığı milyardların havasına girib “dünyaya yol göstərmək” iddiasına düşənlər artıq bura həmin 9 milyonun sahib olduğu torpaq kimi deyil, öz dədə-baba mirası kimi baxırlar.
Deyəcək söz də yox, dəyərin tam olaraq maddiləşdiyi bir yerdə o adamlara bu primitiv düşüncədən artığını anlatmaq da çox zor. Onlara necə anladacaqsan ki, bir ölkə üçün ən böyük dəyər onun uğruna həyatını təmənnasız şəkildə həsr etmiş insanlardır. Necə anladacaqsan ki, o ölkənin inkişafı, tərəqqisi, çiçəklənməsi, imzasını imzalar sırasına yazması yalnız və yalnız insanlarının dəyər qazanmasından asılıdır. Necə anladacaqsan ki, bu ölkənin mübarizə tarixinə misilsiz töhfələr vermiş və 75 il yaşında belə bu yola şərəflə davam edən Məşədi Vaqif kimi insanları görməzdən gəlməyi tarix kimsəyə bağışlamaz? Necə anladacaqsan ki, Azərbaycan elminin tanınmış simalarından biri olaraq, öz ölkəsinin işıqlı gələcəyi naminə şəxsi iddialarını, imtiyazlarını, qazancını, komfortunu qurban vermiş professor Nurəddin Məmmədli kimi insanların adını hesabdan silmək kimsəyə başucalığı gətirməz? Necə anladacaqsan ki, bir ölkə üçün dəyər yaratmış insanların haqqını yeyənlərdən tarix tez-gec hesab soracaq? Necə anladacaqsan? Boşuna əmək sərf etməyə dəyməz heç. Onsuz da anlamayacaqlar…
Bu aprel günləri AXCP ailəsindən həmin iki şəxsiyyətin yubileyinə təsadüf edir. Məşədi Vaqifin 75, Nurəddin müəllimin 70 yaşı tamam olur. Yaşadığımız mühitin bozluğundan və qarmaqarışıqlığından həyatın rəngləri öz çalarını çoxdan itirib. Bilirsiniz, dəyərlərimizə adi gözlə baxmağa çoxdan alışdırıblar cəmiyyəti. Oysa, tarixin canlı əfsanələridir bu insanlar. Minlərin, on minlərin içində seçilən, fərqlənən, nümunə yaradan, örnək olan insanlardır. Böyük ideallar naminə könüllü şəkildə məhrumiyyətləri qəbul edən, əziyyətlərə qatlaşan, prinsiplərinə dönük çıxmayan insanlar! Nə qədər bu sanbalda işıqlı, idealist, cəsur insanımız var ki, ölkədə? Onların sayca çox olmadığını hamımız yaxşı bilirik axı. Onların yaşadığımız ağır və məşəqqətli tarixin içində canlı əfsanə olaraq necə böyük dəyərlər yaratdığını görməzdən gəlmək olarmı? Onların bütövlükdə öz ömürlərini bu ölkədə gözəl cəmiyyət qurulması, gələcək nəsillərin azad həyatı və zəngin yaşayışı üçün qurban verdiklərini qiymətləndirmək belə zordurmu yəni?
Müstəqillik tarixindən sonra milli hökuməti devrilən Azərbaycan ağır günlər yaşamış ölkədir. Bu əzablı günlərdən mübarizə tarixində yeri olan hər kəs nəsibini alıb, demək olar ki. Hər kəsə bu xalqın, bu ölkənin, bu torpağın azadlığını candan sevməyin acısı yaşadılıb. Bu ölkənin ən böyük dəyəri olan o insanlara hökumət səviyyəsində mümkün bütün pisliklər edilib. Bu ölkənin vətəndaşı olaraq öz potensialları və bacarıqları müqabilində işləmək hüququndan belə məhrum edilib həmin insanlar. AXC hakimiyyəti dövründə yüksək vəzifə tutan Məşədi Vaqifin üzünə 4 iyun qiyamından sonra bütün qapılar bağlanıb. Sonra bu ölkə üçün göstərdiyi xidmətlər həbsxana həyatı ilə “dəyərləndirilib”. Nurəddin müəllim isə demokratik mübarizə yolundan dönmədiyinə görə, uzun illər çalışdığı Elmlər Akademiyasından uzaqlaşdırılıb. Heç bir dinə-imana sığmayan ədalətsizliklər görüb bu insanlar on illərdir dönmədən yürüdükləri müqəddəs yolda. Amma bu yolu, bu ləyaqətli həyatı, bu sıranı öz ürəklərinin səsiylə seçiblər onlar. Başqa cür yaşaya bilməzdilər də. Bu, bəlkə də, Tanrının seçilmiş insanlar üçün açdığı və yönləndirdiyi yoldur elə…
Yetmişdən üzü yuxarı yaşanan yubileylər əlamətdar tarixlərdir, həqiqətən. Bu günlərdə ən gözəl sözlərin deyilməsi məqamıdır. Bəli, bu ölkə üçün etdiklərinizə görə sizə ürəkdən minnətdarıq. Çevrənizdəkilərə, özünüzdən sonra gələnlərə əsl örnək olduğunuz üçün var olun! Bu xalq, bu vətən, bu torpaq üçün onca əzab-əziyyəti qəbul etdiyinizə görə ən böyük alqışa layiqsiniz. Bir gün hökmən layiq olduğunuz qiyməti alacaqsınız. Özünüz də etiraf edirsiniz ki, azadlıq mübarizəsində yaş həddi, yorğunluq və vaz keçmək qəbuledilməzdir. Şübhəsiz, dünyada hər kəsin örnək ala biləcəyi bir Mandela nümunəsi var. 95 yaşına kimi heç bezmədən öz xalqı üçün çalışan Mandela nümunəsi. Amma biz sizə sağlıqlı şəkildə 100 il yaşamağı arzu edirik. Bu ölkədə davasını apardığınız gözəl günləri doyunca görmək üçün!
Səadət