«Rusiyaya qarşı sanksiyalar ləğv olunmayacaq»

ab rusiya“Rusiyaya qarşı sanksiyalar yalnız o vaxt ləğv olunacaq ki, Moskva Minsk sazişinə tam şəkildə əməl edəcək”.

Bunu ABŞ prezidenti Barak Obama Hannoverdə Almaniya kansleri Angela Merkellə keçirdiyi görüşdən sonra bəyan edib.

Ukraynanın yeni hökumətinə müraciət edən Obama baş nazir Vladimir Qroysmanı iqtisadi, siyasi və energetika sahəsində islahatlardan yan keçməməyə çağırıb.

Angela Merkel isə bildirib ki, Almaniya və ABŞ Ukraynadakı münaqişənin həlli ilə bağlı əvvəlki kimi Minsk sazişini dəstəkləyir: “Bu istiqamətdə ortaq səylərimizi davam etdirəcəyik. Həm Ukrayna hökuməti, həm də Rusiya ilə danışıqlar aparacağıq”.

Ukraynanın şərqində vəziyyətin qeyri-stabil olduğunu deyən Merkel atəşkəsin olmasını vacib sayıb: “Biz hələ də atəşkəsi və stabilliyi görə bilmirik. Münaqişənin həllini tezləşdirməliyik. Cənab Obama ilə bu məsələ ilə bağlı bundan sonra atacağımız addımları detallı şəkildə müzakirə etdik”.

Merkeli etibarlı tərəfdaş adlandıran Obama miqrant böhranının həllində göstərdiyi səylərə görə onu təqdir etdiyini bildirib: ”Xanım Merkel miqrant probleminin həllində cəsarətli mövqe nümayiş etdirdi. O, tarixin doğru tərəfində yer alır”.

Gültəkin