Rusiya mətbuatı konkret təkliflərin olduğunu desə də, Ermənistan rəhbərliyi bunu təkzib edir
Nalbandyan: «Lavrov Yerevana Qarabağ üzrə heç bir paket gətirməmişdi»
Aprelin 23-ü gücə saatlarında cəbhədə yenidən gərginlik yaşanıb. Ekspertlərə görə, cəbhədə baş verənlər, işğalçı qüvvələrin ordumuzun mövqelərinə tankların da dəstəyi ilə hücuma keçmək cəhdi Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Vladimir Putinin danışıqların tezliklə başlaması və nəticə əldə olunmasına dair başlatdığı təşəbbüsü rədd etdiyini göstərir.
Əslində Lavrovun Ermənistana səfəri kifayət qədər gərgin atmosferdə baş verdi. Aprelin 22-də axşama doğru Irəvanda anti-rusiya aksiyalarının qızışdığı, etirazçıların prezident iqamətgahına doğru yürüş etdiyi bir vaxtda Sergey Lavrovla Serj Sərkisyan arasında görüş başlamışdı.
Sarkisyandan Lavrova təpki
Görüşün jurnalistlərə açıq hissəsində Sərkisyan Rusiyanın tərəflərin dərhal danışıqlar masası arxasına keçmək barədə çağırışlarını dəstəkləmədiyini nümayiş etdirib. O, Lavrova deyib ki, cəbhədə son baş verənlər danışıqlar prosesini “çox geriyə atdı”. Və Sərkisyan Lavrova deyib: “Bütün bunlar niyə baş verdi? Yəqin ki, sizin daha səhih məlumatlarınız var”.
Təsadüfi deyil ki, Lavrovun səfəri ərəfəsində Ermənistan hakimiyyətindəki mənbə “Kommersant”a Qarabağın müstəqilliyinə qarantiya verməyən hansısa sülh planına görə onları “cəmi iki saata devirəcəklərini” deyib.
Lavrov Irəvana əliboş getmişdi
Belə bir vaxtda Rusiya xarici işlər nazirinin Irəvana səfərinin böyük ölçüdə nəticəsiz qaldığı təxmin edilə bilər. Rusiya mənbələri Lavrovun Irəvan danışıqlarına dair bəzi məlumatları yayıb. “Kommersant” qəzetinin yazdığına görə Lavrov Irəvana əliboş getməmişdi və “Madrid prinsipləri”inə əsaslanan hansısa sənədi özüylə aparmışdı. Lakin həmin sənəd “Madrid prinsipləri”indən kəskin fərqlənmir. Ermənistanın Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmasını, Azərbaycanın Ermənistanın blokadasını qaldırmasını, qaçqınların geri qayıtmasını, sülhməramlıların yerləşdirilməsini, Dağlıq Qarabağın aralıq statusunu nəzərdə tutur. Iki rayon və Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək referendum isə sonraya saxlanılır.
Qəzetin yazdığına görə Lavrovun səfərinin məqsədlərindən biri də o idi ki, Rusiyanın Ermənistanın sadiq müttəfiqi olaraq qaldığına Irəvanı əmin etsin. Lakin Ermənistanda ictimai rəyin Rusiyaya qarşı qızışdırılmasının arxasında erməni hakimiyyəti, yoxsa başqa dairələr dayanır, bu müəmmalıdır. Irəvandakı Rusiya diplomatı bildirib ki, anti-rusiya aksiyaları azsaylıdır və ola bilsin Rusiya-Ermənistan münasibətlərini korlamaq üçün xaricdən qızışdırılır. Bununla belə Ermənistan XIN-dəki mənbə belə aksiyalara haqq qazandırıb. “Ermənilər narahatdır ki, onların yaxınlarını Rusiya silahları ilə öldürürlər”- mənbə deyib.
“Rusiyanın Ermənistanda işi çox çətinləşib”
“Izvestiya” isə Rusiyadakı diplomatik mənbələrə istinadən yazır ki, Lavrovun Sərkisyanla danışıqları “olduqca gərgin şəraitdə” keçib. Irəvandakı Rusiya səfirliyindəki mənbə bildirib ki, onların Ermənistanda işi çox çətinləşib. “Bu, onunla izah olunur ki, Moskva erməni QHT-lərini maliyyələşdirmir və onların vasitəsilə Rusiyanın mövqeyini cəmiyyətə yeritmir. ABŞ isə müxalifyönümlü QHT-ləri maliyyələşdirməklə öz maraqlarını fəal şəkildə yürüdür”, mənbə deyib.
“Işləmək çox ağırdır. Hamıya məlumdur ki, ABŞ erməni müxalifətinə hansı maliyyəni ayırır, sadə vətəndaşları Rusiyaya qarşı qaldırır. Əgər Rusiya əvvəllər təkcə etimad hesabına işləyirdisə indi bu mümkün deyil”- səfirlikdən deyiblər.
Xəbərlərə görə Lavrovun səfərində Rusiyanın 200 milyon dollarlıq güzəştli kredit hesabına Ermənistana müasir silahların göndərilməsini tezləşdirməsi məsələləri də müzakirə olunub. Gözlənilir ki, silahların göndərilməsi yaxın günlərdə başlaya bilər.
Nalbadyan aydınlıq gətirir…
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə “Novosti Armeniya”ya açıqlamasında deyib ki, Qarabağ danışıqlarına ciddi zərbə vurulub. Nazirin sözlərinə görə, həmin zərbənin fəsadlarının aradan qaldırılması üçün həmsədrlər və beynəlxalq ictimaiyyət ciddi səy göstərməlidirlər. “Rusiya Xarici Işlər Nazirliyinin başçısı Yerevana hansı paketlə gəlmişdi? sualına cavabında isə E.Nalbandyan bildirib ki, belə bir paket mövcud deyil: ”Siz artıq beşinci dəfədir ki, hansısa paket haqqında soruşursunuz. Lavrov belə bir paket gətirməyib. Bunu Lavrov özü də bəyan etdi. Heç nə uydurmaq lazım deyil”.
“Danışıqlar prosesinin üstündən xətt çəkilib”
“Lavrovun Ermənistan rəhbərliyi ilə nəticəsiz danışıqları Qarabağ münaqişəsinin dinc yolla həllinin üstündən xətt çəkib”. Bunu “Azadlıq” radiosuna politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, belə bir vəziyyətin yaranmasının səbəbi çox sadədir: “Lavrovun 5 rayonun qaytarılması təklifinə Ermənistan ”yox” deyib”.
Z.Əlizadə deyir ki, Ermənistan rəhbərliyi 10 illər yürütdükləri siyasətin girovuna çevriliblər. Xalqı inandırıblar ki, bu torpaqlar onlarındır: “Indi durub deyə bilməzlər ki, ay millət, məsələ bir az başqa cürdür, torpaqlar bizim yox, Azərbaycanındır. Ona görə də Lavrova mücbət cavab verə bilməyiblər”.
“Yeni hərbi əməliyyatlar qaçılmazdır”
Z.Əlizadə Qarabağ münaqişəsi ilə bağlı özünün gələcəyə yönəlik təxminlərini də dilə gətirib. Z.Əlizadə bildirib ki, Ermənistan rayonlardan çıxmalıdır, bu olmasa yeni hərbi əməliyyatlar qaçılmazdır: “Bu əməliyyatlarda yenə də bir qədər hərbçi itirdikdən sonra, Ermənistanda hakimiyyət əleyhinə xalq etirazları başlayacaq. Ya da 1996-cı ildə hərbçilər Levon Ter-Petrosyanı hakimiyyətdən devirdikləri kimi indi də Sarksiyanı devirəcəklər. Istənilən variantda Ermənistanı xoş bir şey gözləmir”.
Ancaq Z. Əlizadə qeyd edib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı deyil.
Ekspertlərə görə, Rusiyanın Qarabağ probleminin həlli ilə bağlı son vaxtlar hədsiz canfəşanlığı regionda mövqelərini möhkəmləndirmək məqsədi daşıyır. Bu dəfəki aktivliyin ciddi nəticələr doğuracağı ilə bağlı böyük şübhələr var. Əslində, indii müzakirə olunan həll variantları dəfələrlə müxtəlif səviyyələrdə səsləndirilib. Münaqişə tərəfləri üçün müstəsna əhmiyyət kəsb edən məsələ Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlıdır. Son günlərdə Azərbaycanda Rusiyanın iştirakı ilə rayonların qaytarılması ilə bağlı ajiotajın əsasız olması Lavrovun Irəvan səfərindən sonra bir daha bəlli oldu. Bunu Ermənistan xarici işlər nazirninin Lavrovun səfəri ilə bağlı konkert təkliflər paketinin təqdim olunmaması haqqında fikri də sübut edir. Rusiya nə qədər böyük səylər göstərsə də, BMT-nin mandatı əsasında fəaliyyət göstərən Minsk Qrupu çərçivəsində həll olunmadan mümkün deyil.
Xəyal