Nemət Əliyev: «Pensiyaçılara kreditlərin verilməsində tətbiq olunan məhdudiyyətlər və gətirilən əsaslar məntiqli deyil»
Pensiyaçılara kredit qadağasının qoyulması ciddi təpkiylə qarşılandı. Maliyyə bazaralarına nəzarət palatasının rəhbəri Rüfət Aslanlı pensiyaçılara kredit verilməsinə qadağa qoyulmasının səbəblərinə aydınlıq gətirməyə çalışıb. R.Aslanlı ANS-ə müsahibəsində bildirib ki, söhbət pensiyaçılara kredit verilməsinin tamamilə qadağan olunmasından getmir. Bu, sadəcə kredit portfelində pensiyaçıların sayı çox olan banklara edilən tövsiyədir:
“Aparılan təhlillər göstərib ki, problemli kreditlərin tərkibində ən həssas qrup olan pensiyaçıların orta aylıq gəliri 160 manatdır. Onların ödədiyi aylıq ödənişlər isə 105 manat civarındadır. Belə olan halda pensiyaçının öz yaşaması sual doğurur. Digər tərəfdən palatanın araşdırmaları pensiyaçıların krediti çox vaxt özlərininin yox yaxınlarının ehtiyacı üçün aldığını göstərib. Onlar isə ödəniş etmədikdə borc avtomatik pensiyaçının hesabından tutulur. Bu da onların sosial vəziyyətini pisləşdirir. Hazırda palata borclanmanın həm vətəndaşı, həm də bankları qane edəcək modeli üzərində işləyir”.
Rüfət Aslanının sözlərinə görə, borc yükünün gəlirlərə nisbəti göstəricisi daha real olmalıdır. Yəni vətəndaşın aylıq ödənişi onun aylıq gəlirinin 50%-dən az olmalıdır. Vətəndaşın borcu ödədikdən sonra əlində qalan pul isə onun aylıq yaşayışını təmin etməlidir.
Amma burada bəzi məqamlar sual doğurur. Axı ölkədə orta aylıq əmək haqqı 440 manatdır. Amma iki milyon yarım insanın kredit borcu var. Araşdırmalar sübut edir ki, onların heç də hamısının qazancı kredit şərtləri ilə uyğun gəlmir.
Ikinci bir tərəfdən isə pensiyaçıların kredit verilməsindən məhrum edilməsi o ayrıseçkilik və kobud qanun pozuntusudur.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, kreditlər konkret qaydalar əsasında verilir. N.Əliyevin sözlərinə görə, əgər krediti almağa ehtiyacı olan pensiyaçının statusu həmin şərtlərə uyğun gəlirsə, hər hansı məhdudiyyət tətbiq etmək yanlış olardı. Digər bir tərəfdən kreditə ehtiyacı olan şəxslərin kredit üçün müraciət etdiyini deyən N.Əliyev vurğuladı ki, əgər kredit üçün müraciət edirsə və şərtlər münasibdirsə, tələblər ödənilirsə onun müraciəti təmin edilməlidir. Hökumətin də borcu ondan ibarətdir ki, pensiyaçıların kredit alması üçün yaradılan bütün süni maneələri aradan qaldırsın: “Amma hazırkı dövrdə hökumət sadəcə olaraq o qədər problemlərlə yüklənib ki, nə edəcəyinin fərqində belə deyil. Istehlak kreditlərinin verilməsinə məhdudiyyətlər tətbiq edilib. Bu normal, inkişaf etməkdə olan ölkənin statusuna uyğun gəlmir. Nəyə görə pensiyaçı milli valyutada kredit ala bilməsin. Adamı təhrik edirlər ki, krediti xarici valyuta da götür. Yaxud da pensiyaçılar olmasın, adi vətəndaşlar olsun. Onlar ehtiyaclarını ödəmək üçün istehlak kreditləri götürürlər. Əgər bu şəxslər normal əmək haqqı alsaydı, tələbatları ödənsə idi, o zaman bu şəxslərə nə düşüb ki, iri faizlərlə kredit götürsün. Deməli bu hökumətin yanlış siyasəti olub ki, əhalinin gəlirləri həddindən artıq aşağıdır və onlar ən aşağı məişət problemlərini belə həll etməyə çatmır”.
N.Əliyev onu da bildirdi ki, hökumət bir-biriylə ziddiyyət təşkil edən addımlar atır. N.Əliyevin sözlərinə görə, bu proseslər ölkədəki vəziyyyətin yaxşılaşmasına xidmət etmir, əksinə vəziyyəti daha da dözülməz hala gətirir: “Bu baxımdan pensiyaçılara kreditlərin verilməsində tətbiq olunan məhdudiyyətləri və bu istiqamətdə gətirilən əsasları məntiqli saymıram. Hökumət bir tərəfdən əhalini elə vəziyyətə qoyur ki, onlar ehtiyaclarını ödəmək üçün kredit götürməyə məcbur olur. Digər tərəfdən isə həmin kreditlərin verilməsində şərtləri ağırlaşdırır”.
Xəyal